Azərbaycan İnformasiya Agentliyi (AİA)


İnternetə nəzarəti sərtləşdirən qanun qüvvəyə mindi


 İnternetə nəzarəti sərtləşdirən qanun qüvvəyə mindi
Prezident İlham Əliyev internetə nəzarəti sərtləşdirən qanunu imzalayıb. Novator.az-ın məlumatına görə, Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə edilib. Yeniliyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan min beş yüz manatadək miqdarda cərimə; üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər; iki ilədək müddətə islah işləri; bir ilədək müddətə azadlıqdan məhrumetmə kimi cəzalara gətirəcək.
“Saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
Azərbaycan prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltmaya görə məsuliyyəti nəzərdə tutan 323-cü maddəyə də dəyişiklik edilib. Prezidentin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya beş yüz manatdan min manatadək miqdarda cərimə; iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə düşür.
Həmin əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası veriləcək.


0 0



Şərhlər (Facebook)