Azərbaycan İnformasiya Agentliyi (AİA)


Suraxanı rayon Əmircan qəsəbəsində yerləşən 87 saylı məktəbdə rəzalət


Suraxanı rayon Əmircan qəsəbəsində yerləşən 87 saylı məktəbdə rəzalət
Direktorlar şagirdlərin kitabını satışa çıxarır - Ekspert

Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 87 saylı məktəbdə birinci siniflərə paylanılan dərsliklərin bəzilərinin nəşr ilinin fərqli olması ilə bağlı axar.az-n redaksiyasına şikayət daxil olub. Şikayətçi bildirir ki, dərsliklərdə olan bu fərq şagirdlər üçün problem yaradır. Şagirdlər evə verilən tapşırıqları məktəbdən ona verilmiş kitabdan yazırlar, lakin məktəbə gedəndə müəllim digər dərslikdən sual verir. Belə olan halda müəllim şagirdi zəif qiymətləndirir və təhsilə yenicə başlamış şagird həvəsdən düşür.

Sözügedən məsələ ilə bağlı Axar.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bənzər problemə paytaxtın digər orta məktəblərində də rast gəlinir. Onun sözlərinə görə, bu cür problemin yaranmasında daha çox məktəb direktorları və kitabxana işçiləri məsuliyyət daşıyırlar:

“Təəssüf ki, bəzi məktəblərdə dərsliklərin paylanması ilə bağlı müəyyən problemlər ortaya çıxır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən, orta təhsil müəssisələrinin bütün siniflərində təhsil alan şagirdlər lazım olan dərsliklərlə pulsuz şəkildə təmin olunmalıdır. Adətən hər hansı bir dərslik yalnız 5 ildən sonra tam şəkildə dəyişdirilir.

Dərsliklərin orta məktəblərdə istifadəsi ilə bağlı nizamnamədə qeyd olunub ki, bütün siniflərin şagirdləri eyni formatlı, eyni çap ilinə aid dərslik vəsaitləri ilə təmin olunmalıdırlar. Yəni bir sinifdəki şagirdlərin yarısına 2015-ci ilin, digər yarısına isə əvvəlki illərdə nəşr olunan dərsliklərin paylanılması düzgün deyil.

TN bütün sinif komponentlərini təmin etmək üçün eyni nəşr ilində olan dərslikləri hər il mütəmadi olaraq məktəblərə göndərir. Sadəcə olaraq bəzi məktəb direktorları həmin dərslikləri məktəbin kitabxanalarına vermək əvəzinə, kitab dükanlarında satışını həyata keçirirlər, şagirdlərə isə köhnə nəşrin kitablarını paylayırlar. Nəticədə isə belə problemlər ortaya çıxır. Bu gün belə hallar müşahidə olunursa, bunun günahkarı məktəb direktorları və kitabxanaçılardır. Çünki onlar təzə kitabları inventara daxil edirlər və bu dərslikləri korlanmış vəsait kimi siyahıya alırlar. Sonra da həmin kitabları satışa göndərirlər”.

K.Əsədov bildirib ki, bəzi məktəblərdə şagirdin zəif göstəricilərini bəhanə edərək ona kitab verməkdən imtina edirlər:

“Hətta bəzən olur ki, orta məktəblərdə o qədər də yaxşı təhsil göstəriciləri olmayan və davamiyyəti zəif şagirdlərə dərsliklər verilmir. Amma siyahıda həmin uşağın adının qabağında lazımı dərsliklərini siyahısı yazılır və qeyd olunur ki, bu şagird lazımı dərsliklərlə təmin olunub.

Gedib kitab dükanlarına baxsaq, görərik ki, satışda olan bəzi dərs vəsaitlərinin arxasına “Pulsuz” yazılıb. Satışda olan kitab necə pulsuz ola bilər?! Nəşriyyatlar yalnız uşaqların sayına uyğun TN-nin sifarişini “Pulsuz” yazılmış formada nəşr edir. Nəşriyyatın müəllimlər və oxucular üçün nəşr etdiyi dərsliklərin arxasında qiymət yazılır.

Amma təəssüf ki, bu gün bəzi məktəb direktorları orta təhsil müəssisələrini bazara çeviriblər. Şagirdlərə paylamağa kitab olmadığı üçün valideyn pul verib satışdan dərslik almağa məcbur olur”.


0 0



Şərhlər (Facebook)