Azərbaycan İnformasiya Agentliyi (AİA)


Əhmədzadənin işçisi nədən giley edir? - "Oyun qurdular..."


“Dolanışığın, güzəranın bu çətin vaxtında məni ciddi səbəb olmadan işdən çıxardılar. Ailəmi çətinliklə dolandırırdım. Aldığım maaşı bu aydan o aya çətinliklə çatdırırdım. Bunu nəzərə almadan, insafsızcasına məni işdən atdılar...”.

Bu sözləri redaksiyamıza şikayətlə üz tutan Salyan rayonu Piratmangəncəli kənd sakini Tacəddin Xəlilov deyir.

“Haqsız yerə haqqımda raport yazdı”

Rubrika.Az hurriyyet.org-a istinadla bildirir ki, onun sözlərinə görə, Salyan rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyi ötən ayın 24-də onu uzun illərdən bəri çalışdığı işindən uzaqlaşdırıb. Həm də buna ciddi səbəb olmadan: “Mən həmin idarədə “maşinist” işləyirəm. Sonuncu iş günü bizə rəhbərlik edən baş mexanik Məhəmməd Qambayev mənə tapşırdı ki, onun qaynaq aparatını evinə aparım. O, öz qaynaq aparatını iş yerində qoymuşdu. Mən də maşınım nasaz olduğundan işdən yarım saat tez çıxıb aparatı onun evinə apardım. O da bunu bəhanə eləyib haqqımda rəhbərliyə raport yazdı.

Dedi ki, guya mən işimi nəzarətsiz qoymuşam. Ona görə də daha mənimlə işləmək istəmir. Halbuki ərazini mənimlə eyni növbədə olan işçiyə tapşırmışdım. Yəni sahə nəzarətsiz qalmamışdı”.

“İşdən çıxarılmağım üçün oyun qurdular”

Şikayətçi idda edir ki, onun işdən çıxarılmasında rəhbərliyin öz marağı var: “Mənim işdən çıxarılmağım bilərəkdən oynanmış oyundur. Onlar məni işdən çıxarıb yerimə başqasını götürmək üçün məni qaraladılar. Eşitdiyimə görə, onlar başqa bir nəfərdən pul alıb onu mənim yerimə işə götürüblər. O adam artıq işə çıxır”.

16 ildir bu idarədə çalışıram deyən T.Xəlilov bildirir ki, işində ciddi nöqsanlar və narazılıqlar olmayıb. Bu səbəbdən də haqqında verilən işdən çıxarılma qərarı olduqca ədalətsiz və sərtdir: “Mənim keçmiş müdirlə problemlərim olub. Hazırkı rəhbər Tahir Yusifovla 6 ildir birgə işləyirəm. Amma ondan heç bir töhmət, işimlə bağlı narazılıq almamışam. Əksinə maaşımdan başqa premiyalarla mükafatlandırılmışam. Bütün tapşırıqları da lazımınca yerinə yetirmişəm. Mənimlə yanaşı 7 nəfər də işləyir. Necə işlədiyimi mənimlə birgə çalışanlar da təsdiqləyə bilər”.

“Xəstə uşağım olduğunu da nəzərə almadılar”

Şikayətçi onu da qeyd elədi ki, o, ailə başçısıdır və himayəsində nitqi qüsurlu qız övladı var: “Övladlarımın hər ikisinin danışığında qüsur var. Hər ayın sonunda onları Bakıya müalicə kursuna aparıram. Üstəlik, banklara kredit borclarım var. Bunların hamısını o maaşla həll edirdim. İndi nə ilə ödəyəcəm?”

“İşdən tez çıxmağı bəs deyil, hələ yalan da danışır”

T.Xəlilovun ittihamları ilə bağlı Salyan Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Məhəmməd Qambayevlə əlaqə saxladıq. O, işdən çıxarılan T.Xəlilovu məsuliyyətsiz işçi adlandırdı: “Mən bu idarənin baş mexanikiyəm, həmin obyektin yiyəsiyəm. Üstəlik, yaşda da hamıdan böyüyəm. Bu adam mənim yanıma üç yerdən qovulduqdan sonra gəlib. Dəfələrlə çalışdığı yerlərdə töhmət alıb. Bunu təsdiqləyən sənədlər də var. Hamı bilir ki, bu adam işdə özünü düz aparmır. Gah işdən qaçır, gah yatır. Həmin günü isə mənim qaynaq aparatımı bizə gətirdi. Gördüm ki, işdən vaxtından 1 saat tez çıxıb. Ona dedim ki, növbəni təhvil verdin? Dedi, hə. Mən də həmin günün növbətçisi Baxış Qafarova zəng elədim. Məlum oldu ki, bu adam növbəni heç kimə təhvil verməyib. Nasosları nəzarətsiz qoyub, çıxıb. İşdən tez çıxmağı bəs deyil, üstəlik, ağ yalan da danışır. Bunu həmin Qafarov da, yanındakı digər əməkdaşımız da təsdiqləyə bilər. Adama deyərlər, tez çıxmısan bu bir yana, heç olmasa yalan danışma”.

“Haqqında tədbir görülüb, vəssalam!”

“Əgər dediyiniz kimi, yanlışı vardısa, onu işdən çıxarmadan başqa şəkildə cəzalandırmaq olmazdımı” sualına baş mühəndis belə cavab verdi: “Onun kadrlar şöbəsindəki sənədlərində töhmət yazılacaq yer qalmayıb. Ona xəbərdarlıq olsa, yeni sənəd açılmalıdır. Təsəvvür edirsizmi? Demək, bu belə töhmət ala-ala bizim iş yerinə gəlib çıxıb. Adama nə qədər xəbərdarlıq edərlər? Ona həm də xəbərdarlıq olunmuşdu ki, səndən bir də narazılıq gəlsə, ciddi ölçü götürüləcək. O, axırıncı dəfə 8-9 ay bundan qabaq töhməti alıb. Uzun sözün kəsəsi, bu adam işində məsuliyyətsizlik eləyib, cəzasını da çəkməlidir. 1 saat tez işini atıb gəlib, məni də aldadıb. Haqqında da tədbir görülüb, vəssalam!”

M.Qambayev keçmiş işçisinin “yerimə pul alıb başqasını götürmək üçün bu oyunu oynadılar” fikrinə isə sərt təpki verdi: “O, ərizəsini öz əli ilə yazıb. Əgər yanlışı yox idisə, niyə ərizə yazırdı? Sonrası da, indi elə deyəcək də... Özünü haqlı çıxarmaq üçün şər də atacaq, olmayanı da danışacaq. Onun yerinə kim olsaydı, əvvəlki iş yerlərindən qovulandan sonra çayı da üfürə-üfürə içərdi. Amma o, əməllərinə görə xəcalət çəkmək əvəzinə qapılar döyür. Üstəlik, başqalarına qara da yaxır”.

“Uşağının xəstəliyi də yalandır”

Baş mühəndis T.Xəlilovun himayəsində xəstə uşağı olmasının da doğru olmadığını vurğuladı: “O uşağın xəstə olmasını niyə ortaya soxur? Mənim həyat yoldaşım onun uşaqlarına dərs deyir. Onların hər ikisi məktəbdə əlaçıdır. Xəstəlikləri-filanı da yalan söhbətdir”.

“İşində məsuliyyətsiz adama premiya verərlər?”

T.Xəlilov isə sabiq rəhbərinin iradlarını qəbul etmir: “Mənim nə səhvim oubsa, 6 il əvvəldə qalıb. Mən boynumdan atmıram, əvvəlki müdirin vaxtında yanlışlarım olub. Amma Tahir Yusivov bizim idarəyə rəhbər təyin olunandan sonra işimə məsuliyyətlə yanaşmışam, səhvlərə yol verməmişəm. İşində səhlənkarlıq eləmiş adama necə premiya verə bilərlər? Bunların hamısı mənim ordan uzaqlaşdırılmağım üçün uydurulmuş bəhanələrdir”.

Şikayətçi onu da dedi ki, işdən uzaqlaşdırıldıqdan sonra Salyan Suvarma Sistemləri İdarəsinin rəhbəri T.Yusivovun qəbulunda olub. Amma təəssüf ki, sabiq rəhbər onun etirazlarına məhəl qoymayıb: “T.Yusifov mənə dedi ki, get, özün işdən çıxarılmaq haqda ərizə yaz. Yoxsa, əmək kitabçan ləkələnəcək. O məni belə hədələdiyi üçün məcbur olub ərizəmi yazdım”.

“İcra başçısı nın müavini dedi ki...”

Daha sonra şikayətçi məsələ ilə bağlı Salyan rayon İcra başçısı Sevindik Hətəmovun qəbulunda olub. Amma hələ də məsələnin müsbət yöndə həllinə nail ola bilməyib: “İcra başçımız mənim işimi müavini Etibar müəllimə (Etibar Hüseynov, Salyan rayon İcra Hakimiyyəti başçısının birinci müavini ) həvalə elədi. O mənə dedi ki, “Tahir müəllimlə danışıb anlaşın”. Halbuki mən ora Tahir meəllimdən ümidimi üzdüyüm üçün getmişdim. İndi məsələ belə qeyri-müəyyən vəziyyətdə qalıb”.

Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu söyləyə bilməsək də, gerçəyin üzə çıxarılmasına çalışacağıq.

Bunun üçün yazıda adıçəkilən digər şəxslərlə də əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, cəhdimiz nəticə vermədi. Növbəti sayımızda onların da fikirlərini dərc etməyə çalışacağıq.


0 0



Şərhlər (Facebook)