Azərbaycan İnformasiya Agentliyi (AİA)


MƏKTƏBLİLƏRİN RESPUBLİKA EKOLOJİ BREYN-RİNQİ


“Əhalinin ekoloji təhsili və maaarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə Bakı şəhərində ARDNŞ Ekologiya İdarəsinin Eko-parkında 11 dekabr 2015-ci il tarixində məktəblilərin “Ekoerudit” Respublika breyn-rinqinin final yarışı keçirildi.
Breyn-rinqin zona mərhələsi 2015-ci ilin noyabr ayında Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Quba, İsmayıllı şəhərlərində rayon, şəhər orta təhsil müəssisələrinin şagirdləri, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında keçirilmişdir.
Ekologiya elminin və ətraf mühitinin qorunması sahəsində müxtəlif mövzuları əhatə edən yarışmada 600-dən artıq məktəbli ekoloji biliklərini sınamışdılar. Breyn-rinqin final mərhələsinə zona qalibləri - Bakı, Gəncə, Sumqayıt, Şirvan, Quba, Qax, Astara şəhər və rayonlarının tam orta məktəblərinin komandaları seçilmişdir.
Breyn-rinqin keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, ekoloji dünyagörüşünün, ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji mədəniyyətin formalaşdırılmasıdır.
“Ekoerudit” məktəblilərinin Respublika ekoloji breyn-rinqində Şirvan şəhərinin “Şirvan” komandası I yer, Quba rayonu “Ekostar” komandası və Bakı şəhəri 186 saylı tam orta məktəbi II yer, Bakı şəhəri 274, 49 saylı tam məktəbi və Sumqayıt şəhəri Təbiət Elmlər Təmayüllü Gimnaziyanın komandası III yer, Gəncə şəhər 17 saylı tam orta məktəbin “Nizami” komandası, Astara rayonu “Gənc ekoloqlar” komandası və Qax rayonu 5 saylı tam orta məktəbin komandası həvəsləndirici yerlərə layıq görüldü.
Respublika mərhələsinin qaliblərinə diplomlar və qiymətli hədiyyələr Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsi tərəfindən təqdim olundu. Tədbir çərçivəsində məktəblilərin iştirakı ilə Eko-Park və Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleks ərazisində ekskursiya təşkil edildi.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin rəis müavini Əflatun Həsənov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin şöbə rəisi Fizuli Hacıyev, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin sektor müdiri Ayla Həsənova, Təhsil Nazirliyi Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Təhsil Nazirliyi Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktor müavini Lalə Dadaşova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkanar təhsil sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev və ARDNŞ Eko-Parkın direktoru Tahir Şıxəliyev, BDU-nun Biologiya fakültəsinin dosenti Sevinc Hümbətova iştirak etdilər.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi
İnformasiya və Mətbuat şöbəsi




0 0



Şərhlər (Facebook)