Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Aslan İsmayılov həyasızlıqla öz məqsədinə çata bilməyəcək!” -Mürvət Həsənli


Bugünlərdə bir neçə sayt vəkil Aslan İsmayılova istinadla məşhur “Xəmsə” şadlıq sarayı və bir sıra başqa biznes obyektlərinin sahibi Mürvət Həsənlinin Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı haqda məlumat yayıblar.

Azerbaycaninfo.az: Məlumatda bildirilib ki, M.Həsənli türk iş adamı Ömür Oral və onun türkiyəli vəkilinin Azərbaycanda hədələnməsi ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Bu barədə onun vəkili Aslan İsmayılov DİN rəhbərliyinə şikayət edib.

Lakin M.Həsənlinin saxlanması barədə məlumatın üzərindən 4 gün keçməsinə baxmayaraq, onun taleyi barədə əlavə məlumat verilməyib. “AzPolitika.info” bu qeyri-müəyyənliyi nəzərə alaraq, M.Həsənli ilə bağlı araşdırma aparıb. Bu zaman məlum olub ki, vəkil Aslan İsmayılovun çox mühüm döyüşdə qalib gəlmiş sərkərdə ədası ilə həbsi barədə məlumat yaydığı M.Həsənli azadlıqdadır. İş adamı “AzPolitika”nın əməkdaşına qısa açıqlamasında bildirib ki, həqiqətən də Ömür Oral və onun vəkili Aslan İsmayılovun şikayəti əsasında Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub.

“İdarədə onların müraciəti ilə bağlı araşdırma aparıldı. Qeyd edim ki, bu zaman mən idarədə son dərəcə mədəni rəftarla qarşılaşdım. Araşdırma zamanı onların şikayətinin əsassız olduğu, xüsusi həyasızlıqla irəli sürülmüş böhtan xarakteri daşıdığı sübut olundu və gördüyünüz kimi, mən artıq sərbəstəm və işimin başındayam.

Sonradan mən eşitdim ki, Aslan İsmayılov bu dəfə də xislətinə sadiq qalaraq, araşdırmanın sonunu gözləmədən, tələm-tələsik mənim Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə dəvət olunmağımı guya özünün böyük qələbəsi kimi cəmiyyətə sırımağa cəhd göstərib. Bəs, saman çöpündən mədət uman bu zavallı adam indi nə deyəcək?
Aslan İsmayılov artıq başa düşməlidir ki, həyasızlıqla öz məqsədinə çata bilməyəcək”.


0 0



Şərhlər (Facebook)