Azərbaycan İnformasiya Agentliyi (AİA)


Məşhur iş adamının oğlunun törətdiyi qəza yenidən gündəmdə – POLKOVNİKİN ÖLÜMÜ



Yerli KİV-də “Xaliq Faiqoğlu” şirkətinin rəhbəri Faiq Seyidovun oğlu Xaliqin 2014-cü ildə ağır yol qəzası törədərək adam öldürməsi və məsuliyyətdən yayınması ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az-ın xəbərinə görə, sözügedən hadisə 2014-cü ildə “Memar Əcəmi” metro stansiyasının yaxınlığında baş verib.

Belə ki, həmin ilin mayın 18-də Nəsimi rayonu, “3-cü mikrorayon dairəsi” kimi tanınan ərazidə 10-LU-090 dövlət nömrə nişanlı “Mercedes GL” markalı avtomobillə Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub.

E.Məmmədov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, E.Məmmədov 2005-ci ilin oktyabr ayından etibarən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində baş zabit vəzifəsində polkovnik-leytenant olaraq işləyirdi.

İş üzrə araşdırma Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən aparılıb. Lakin məlum olmayan səbəblərdən, biznesmenin oğlu barəsində heç bir ölçü götürülməyib.

Maraqlısı odur ki, bir neçə gün əvvəl vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü avtobusun sürücüsü 1981-ci il təvəllüdlü Sənan Səmədov “Xaliq Faiqoğlu” şirkətinin işçisidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, Həqiqi hərbi xidmətə çağırış Baş İdarəsinin rəisi Novruzəli Orucov bu hadisədən sonra vəzifəsindən azad olunub.

Bundan əlavə, Faiq Seyidovun adı həmçinin “Safastore” mağazasının qarşısında “Riyad” mühafizə xidməti əməkdaşları ilə qarşıdurmada hallanıb.

Belə ki, həmin hadisələrdən sonra iş adamı Azadxan Xanməmmədov həbs edilib.

Azadxan Xanməmmədovun həyat yoldaşı Əsmər Fətullayeva mətbuata açıqlamasında bildirib ki, Binəqədi rayonu, M.Cəlal küçəsi 1D ünvanında yerləşən, təxminən 2000 kv.m həcmində qeyri-yaşayış sahəsi ərinin mülkiyyətindədir.

“Həmin qeyri-yaşayış sahəsinın bir hissəsi 5 ildir ki, zəbt olunaraq “Safastore” adı altında supermarket açılıb. Tamamilə qanunsuz olaraq, mülkiyyətimizə müdaxilə edilib. Həmin əmlakların bu günə kimi nə dəyəri ödənilib, nə də bizə icarə haqqı veriblər. Bununla bağlı həyat yoldaşım 5 ildir ki, zəbt olunmuş qanuni mülkiyyətimizin boşaldılmasına çalışır. Qanunla, xahiş-minnətlə buna cəhd edir. Ancaq “Safastore” mağazasının sahibi Faiq Seyidov nə qanunlara tabe olur, nə də xahiş eşidir”, - Ə.Fətullayeva deyib.


0 0



Şərhlər (Facebook)