Azərbaycan İnformasiya Agentliyi (AİA)


Deputat bir milyonluq mənzillərini istəyir



Deputat İqbal Məmmədov bir milyonluq mənzilləri üçün Xətai rayon Məhkəməsinə müraciət edib.

Azerbaycaninfo.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, deputat iddia ərizəsində qeyd edib ki, 2008-ci ildə “STS” şirkətinə 654 min dollar ödəyərək F.Bayramov küçəsində yerləşən 24 mərtəbəli binadan 2-si üçotaqlı, 1-i dördotaqlı olmaqla, 3 mənzil alıb. İ.Məmmədov əlavə edib ki, hətta 7940 dollar da borcu qalıb.

Onun pulu ödədiyi “STS” şirkətinin rəhbərliyi binanın tikintisini başa çatdıra bilməyib və həbs ediliblər. Sonradan isə “Sahil-D Company” şirkəti tikintini davam etdirib və mənzilləri satışa çıxarıb. “Sahil-D Company” şirkəti həmin 3 mənzili Şakir Məmmədov, Sərdar Əliyev və Əliağa Məmmədova satıb. Adıçəkilən şəxslər hazırda həmin mənzillərdə yaşayırlar.

Deputat İqbal Məmmədov isə məhkəmədən tələb edir ki, onun “STS” şirkəti ilə bağladığı müqavilə “Sahil-D Company” şirkəti ilə bağlanmış hesab edilsin və mənzilllər boşaldılaraq ona qaytarılsın. Bu halda qalan borcunu da ödəməyə hazır olduğunu bildirib.

Hakim Səadət Səlimova deputat İqbal Məmmədovun iddiasını rədd edib. Qərara görə, deputat pulunu “STS”dən tələb etməlidir. İ.Məmmədov narazı qalıb və qərardan apellyasiya şikayəti verib.

O, eyni zamanda Nərimanov rayon məhkəməsinə də müraciət edib. Adıçəkilən şirkətlərin hüquqi ünvanı bu rayondadır. Proses hakim Abbas Əliyevin icraatında avqustun 8-də başlayacaq.


0 0



Şərhlər (Facebook)