Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Tahir Kərimov hələ də özünü Salyanın başçısı kimi aparır, adamları pul yığır"


Rayon sakini: "Onun adamları gəlib deyirlər ki, bu əraziləri sizə Tahir müəllim verib, ona görə də onun hesabını bundan sonra da çatdırmalısınız"

"Salyan rayonunun sabiq icra başçısı Tahir Kərimov vəzifədə olduğu dövrlərdə də öz işindən daha çox şəxsi biznes maraqlarını təmin etməyə diqqqət yönəldib. Salyanda hamı bilir ki, o, vəzifədə olduğu müddətdə daha çox qanunsuz torpaq satışı, dövlət obyektlərinin özəlləşdirilməsi və ya təhsil müəssisələrinin ərazisində müxtəlif obyektlər tikdirməklə məşğul olub".

Bunu Missiya.Az-ın əməkdaşı ilə söhbətində Salyan rayon sakini Vaqif Hətəmov deyib. Onun sözlərinə görə, günü bu gün də Salyanda keçmiş icra başçısının obyektləri və villaları var. Onun adamları hələ də müxtəlif balıq təsərrüfatlarından və istixanalardan pul yığırlar: "Gəlib deyirlər ki, bəs bu əraziləri sizə Tahir müəllim verib, ona görə də onun hesabını bundan sonra da çatdırmalısınız. Sanki torpaqlar Tahir Kərimovun şəxsi əraziləridir. Biz elə bilirdik ki, onu işdən çıxarandan sonra həbs edəcəklər. Çünki bunun üçün ciddi əsaslar var. Eşidirdik ki, rayon İcra Hakimiyyətində yoxlamalar aparılıb və böyük çatışmazlıqlar aşkarlanıb. Eləcə də Tahir Kərimovun qohumlarının rəhbərlik etdiyi idarə və müəssisələrdə də araşdırmalar aparılıb. Bütün yoxlamalar aşkar edib ki, dövlət vəsaitləri mənimsənilib, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilib və digər çoxsaylı qanunsuz addımlar atılıb. Amma gözlədiklərimiz olmadı. Tahir Kərimov bu gün də öz obyektlərinin keşiyində dayanır, yenə də qanunsuz ayrılmış torpaq sahələrinə görə vətəndaşlardan nələrsə umur. Heç nə başa düşmək olmur, bu adamın arxasında kim dayanıb, kim ona vəzifədə olduğu müddətdə yol verdiyi nöqsanlara görə məsuliyyət daşımasına imkan vermir?".

Şikayətçinin sözlərinə görə, T.Kərimov icra başçısı vəzifəsində çalışarkən hətta şəhid Vüqar İsayevin adına 6 saylı Salyan şəhər uşaq bağçasının həyətini də qanunsuz olaraq sürücüsü Yusif Taxaroviç Əzizovun adına özəlləşdirib: "İndi həmin villanı satışa çıxarıblar. Lakin Salyanda heç kim bu villanı almaq niyyətində deyil. Villa tikilərkən vətəndaşların və avtomobillərin gediş-gəliş yolu olan küçə də qanunsuz olaraq zəbt edilərək keçmiş başçının həyətinə qatılıb”.

V.Hətəmov Salyandakı iş damlarının, müəssisə rəhbərlərinin hələ də köhnə başçıdan çəkinməsinin səbəbləri barədə də danışıb: "O vaxt danışırdılar ki, Tahir Kərimov idarə müdirlərinin, iş adamlarının telefon danışıqlarını dinlətdirir. Onun adamları da camaat arasında belə söhbət yayırdılar ki, guya Tahir müəllimin əlində səs yazıları var və buna görə də heç kəs onun sözündən çıxa bilməz. İndi mən güman edirəm ki, bu vasitə ilə insanlara hələ də təzyiq olunur. Yoxsa niyə salyanlı iş adamları hələ də köhnə başçının istəklərinə uyğun hərəkət etsinlər? Bilirsiniz, Salyan məsələsi bir-iki hadisədən söz açmaqla bitməz. Tahir Kərimovun bu rayonda buraxdığı izlər çox dərindir. Yol verilən nöqsanları asanlıqla aradan qaldırmaq mümkün deyil. İndiki başçı hələ də Tahir Kərimovun yaratdığı problemlərin həlli ilə məşğul olur. İnsanlar dayanmadan şikayətə gəlirlər. Düşünürəm ki, xüsusi dövlət komissiyası bu gün də Salyanda Tahir Kərimovun fəaliyyətini araşdırmalıdır. İnandırım sizi ki, çox dəhşətli faktlar aşkar olunacaq. Tahir Kərimovun Salyanda böyük heyvandarlıq və taxılçılıq təsərrüfatları var. O vaxt da bizim günümüzü qara gətirmişdi. Öz sahələrimizdə işlətməyə texnika tapmırdıq. Dövlətin ayrıdığı texnikaların hamısı Tahir Kərimovun təsərrüfatlarında işləyirdilər".

Salyan sakini Tahir Kərimovun indiki fəaliyyəti barədə də maraqlı məqamlara toxunub: "Tahir Kərimov bu gün də öz biznesini genişləndirməklə məşğuldur. İndi də Bakının rayonlarına əl atır. Məndə olan məlumatlara görə, o, Salyanın icra başçısı olduğu dövrlərdən Bakıda müxtəlif obyektlərə sahiblənib və indi onların sırasını genişləndirməklə məşğuldur. Hətta deyilənə görə, bəzi adamların yanında yaxınlarda yüksək vəzifəyə təyin olunacağını da deyib. Guya ki, səltənətini də gələcəkdə tutacaq yüksək posta uyğunlaşdırır. Mənə maraqlıdır, o "vəzifəyə gedəcəm" deyərkən kimə arxalanır? Bütün ölkə hələ də onun özünü şahlara bənzətməsindən danışır. Amma o, sakitləşə bilmir, ətrafındakıları inandırmağa çalışır ki, heç nəyə baxmayaraq onu böyük vəzifəyə təyin edəcəklər. Hətta deyib ki, onun mətbuatda da güclü adamları var və o, istədiyi kimi mətbuatı idarə edə, istənilən mövzuda gündəm yarada bilər".

V.Hətəmov sonda onu da qeyd edib ki, Salyan hələ də T.Kərimovdan qurtula bilməyib: "Baxmayaraq ki, xeyli müddətdir rayondan gedib, amma salyanlılar hələ də ondan yaxalarını qurtara bilmirlər. Şəhər rəhbərliyi də əziyyət çəkir, biz də. Doğrudan da maraqlıdır, Tahir Kərimovun yüksək post tutmaq iddiası haradan qaynaqlanır? Öz təntənəli güllü qarşılanma mərasimi ilə gündəmə gələn bir adam hansı əsasla yeni və yüksək vəzifəyə həvəslənə bilər? Bəlkə nazir olmaq istəyir? Bəlkə hansısa komitəyə göz qoyub? Hər halda diqqətçəkən məsələdir. Görünür, kimsə onu nəyəsə inandırıb..."


0 0



Şərhlər (Facebook)