Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ölüm saçan ov tüfəngləri... Onları evlərdə necə saxlamalı? - REPORTAJ, FOTOLAR


Tez-tez mətbuatda ehtiyatsızlıq nəticəsində insanların ov tüfəngi ilə bir-birini vurması ilə bağlı xəbərlər oxuyuruq. Belə bədbəxt hadisələrin qurbanları əksər hallarda uşaqlar olur. Bir neçə gün öncə Türkiyədə belə dəhşətli faciə yaşanıb. Samsun şəhərinin Hilaltəpə məhəlləsində 9 yaşlı uşaq ov tüfəngi ilə 4 yaşlı əmisi qızının ölümünə səbəb olub. Pnavmatik ov tüfəngindən açılan atəş azyaşlı qızın baş nahiyəsindən dəydiyi üçün həkimlər onun həyatını xilas edə bilməyiblər.

Buna oxşar hadisələr ölkəmizdə də baş verir. Ov tüfəngi ilə ehtiyatsız davranışlar bir çox hallarda insan həyatı üçün təhlükə yaradır. Çünki dədə-baba yadigarı sayılan bu kimi silahlar evin görünən bir yerində divardan asılır və ya diqqət çəkən bir küncdə qoyulur. İnsanlar ona suvenir gözü ilə baxsalar da, çox zaman ağlagəlməz nəticələrə səbəb olur. Hətta ailə münaqişələrində silahlı qətllərin çox olmasının səbəblərindən biri də bu silahların göz önündə, əlçatan yerdə olmasıdır.

Bəs ov tüfəngləri və digər pnavmatik silahların saxlanma qaydası necədir? Bu cür silahlar harada və hansı formada saxlanılmalıdır? Hansı silahların satışı qanunla qadağan olunur?

Məsələ ilə bağlı musavat.com-un müxbiri Bakıdakı silah satışı həyata keçirən mağazalara baş çəkib, bu suallara aydınlıq gətirib.
Öyrəndik ki, silahların xüsusi satış qaydaları mövcuddur. Satıcı bildirdi ki, silahların alışı və satışı aidiyyatı orqan tərəfindən qanuna uyğun formada sənədləşdirilir: “Bakıda heç bir mağazada yivsiz odlu silah tapa bilməzsiniz. Bu, mümkün deyil. Çünki satışına qadağa var. Ona görə də silahı açıq şəkildə kimsə nə ölkəyə gətirə bilər, nə də sata bilər. Heç pnevmatik tapançaların satışına da icazə verilmir. Əgər belə hallar baş verirsə, həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər.

Mağazalarda ov tüfəngləri ilə yanaşı pnevmatik silahlar da satışdadır. Bu silahların satışı açıq formada həyata keçirilir. Lakin bu tip silahların yalnız qanunvericiliklə müəyyən olunmuş kalibrə malik olanlarına icazə verilir: “Yivsiz odlu silahlardan fərqli oaraq pnevmatik tüfənglərin satışı ilə bağlı problem yoxdur. Bunları açıq formada sata bilirik. Həmin silahlar 4.5 mm kalibrə kimi sənədsiz satılır. Bundan yuxarı kalibrə malik olanları isə biz satmırıq. Əgər satanlar varsa, onlar mütləq qanuna uyğun olaraq sənədləşmə aparıb Daxili İşlər Nazirliyinə göndərirlər. Yalnız onların xüsusi icazəsi olarsa, silah satılır”.

Silahların qiymətinə gəlincə, ən ucuz ov tüfənginin qiyməti 180 manatadır. 600 manata olanı da var ki, 400 metr məsafəyə qədər atəş aça bilir. “Vinçester” tüfənglərinin ən ucuzunun qiyməti 1000 manatdır. Bunlar Rusiya istehsalıdır. İtaliya istehsalı olan, 7 min manata satılan “Vinçester”lər də var. Bu silahlar 12 kalibrlidir və yarı avtomatikdir. Son zamanlar silah alıcılığı xeyli aşağı düşüb. Əvvəllər piştaxtalarda hər növ silaha rast gəlmək olardı. Satıcılar da yeni silahlar gətirməyə maraqlı idi. İndi yalnız müştərinin sifarişi olan zaman gətiririk".

Satıcılarla söhbət zamanı ov və pnevmatik silahların saxlanma və davranış qaydalarından da söhbət açdıq. Türkiyədə baş verən bədbəxt hadisədən onlar da xəbərdar idilər. Onlar bu cür hadisələrin baş vermə səbəblərini belə izah etdilər: “Birmənalı şəkildə ov tüfənglərinin evlərdə açıq şəkildə saxlanmasını doğru deyil. Kiçik araşdırma aparsanız, ov tüfəngləri evlərdə açıq formada saxlanıldığını şahidi olarsınız. Rayonlarda, xüsusilə də kəndlərdə ov tüfəngləri adətən evlərdə, otaqların divarında, azyaşlı uşaqların gözü önündə asılı vəziyyətə olur. Bir çoxları bunu xüsusi bir “dəb”ə də çevirib, silah sahibləri bununla sanki öyünürlər. Kənd evlərində bu mənzərəyə tez-tez rast gəlmək olur. Lakin insanlar öz ailələrini, yaxınlarını nə dərəcədə təhlükə qarşısnda qoyduqlarının fərqinə varmırlar. Ov tüfəngləri qatlanmış halda dəmir seyflərdə saxlanılmalıdır. Çox təəssüflər olsun ki, ov tüfəngi alanların az bir hissəsi bu qaydalara əməl edir. Ona görə də bu cür bədbəxt hadisələr baş verir”.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası qanunvericiliyinə görə, yivsiz olan od silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, qanunsuz olaraq digər odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Bu qəbildən olan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təsnif olunur və bu şəxslər 2 ilədək müddətə islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.

Məğrur MƏRD
Fotolar müəllifindir


0 0



Şərhlər (Facebook)