Azərbaycan İnformasiya Agentliyi (AİA)


Pirallahı müəllimlərinin haqqını kim yeyir? - İDDİA


Prezident İlham Əliyevin rəhbərliyi altında hərtərəfli tərəqqi yolu ilə inamla gələcəyə irəliləyən Azərbaycanda hərdən çox qəribə hadisələr də baş verir. Bir də görürsən cəmiyyətdə tutduğu mövqeyə görə, ona həvalə olunmuş səlahiyyətlərə görə Prezidenti, dövlətçiliyi müdafiə etməli olan, xalqın rifahı üçün çalışmalı olan bir məmur, və ya bir qurum elə bir tərs addım atır ki, qalırsan mat-məəttəl. Xülasə, keçim mətləbə. Bu günlərdə köhnə tanışım, Pirallahı rayonu 186 nömrəli məktəbdə işləyən, Qarabağ müharibəsi əlili Mübariz müəllimlə rastlaşdım. Çox pəjmürdə olduğunu görüb səbəbini xəbər aldım. Müəllim bir qədər uzaqdan başladı. Dedi ki, əvvəllər Xəzər rayonunun gözdən uzaq, könüldə iraq, hər sahədə bərbad vəziyyətə düşmüş, geridə qalmış bir qəsəbəsi olan Pirallahıda yaşadığımı kiməsə bildirməyə utanırdım. Allah Prezidentimizin canını sağ eləsin, 2012-ci ildə Pirallahıda ayrıca rayon yaradılması barədə Fərman imzaladı. O gündən Prezidentin şəxsən diqqəti və qayğısı sayəsində Pirallahı başdan-başa yenidən qurulmağa başladı. Magistral və qəsəbədaxili yollar yeniləndi, müasir dayanacaqlar, işıqlandırma sistemləri quruldu, işıq, qaz, elektrik sistemləri təchizatı tamamilə yeniləndi, xüsusən də müasir tipli yeni körpünün tikilib istifadəyə verilməsini qeyd etmək istərdim. Son üç ildə on minlərlə ağac əkilib, əvvəlki yüz ildə olduğundan daha çox park salınıb, Pirallahı yaşıllıqlara qərq olub. Yüzlərlə iş yeri açılıb, məktəblər hamısı təmir olunub, Çörək zavodu və Günəş Elektrik Stansiyası istifadəyə verilib, turizmin inkişafı üçün önəmli addımlar atılıb. Hazırda iki dərman və şprits zavodu, balıqyetişdirmə kompleksi tikilir.
Xüsusən su məsələsini vurğulamaq istəyirəm. Pirallahı qəsəbəsində mərkəzləşmiş su təchizatı sistemi ötən əsrin ortalarında yaradılmışdı və biz suyu, özü də texniki suyu, Zirədəki quyulardan həftədə cəmi bir gün qrafik əsasında alırdıq. Pirallahı qəsəbəsinin sakinləri içməli suya olan tələbatını maşınlarla daşınan və pulla alınan su hesabına təmin edirdi. Möhtərəm Prezidentimizin təsdiq etdiyi Dövlət Proqramı çərçivəsində həyata keçirilən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi və 84 kilometr uzunluğunda Ceyranbatan-Zirə magistral su kəmərinin çəkilməsi ilə Pirallahı qəsəbəsinin sakinlərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etməyə imkan yarandı. Pirallahı rayonunun Pirallahı, Gürgan və Xəzər rayonunun Zirə, Türkan qəsəbələrinin dayanıqlı su təchizatı üçün 10 min kubmetr tutumu olan Zirə su anbarı tikildi. Nəticədə Pirallahı sakinləri 24 saat fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olundular. 2017-ci il iyulun 21-də Prezident İlham Əliyev şəxsən Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.
Bütün görülən işləri sadalamaqla qurtarmır, biz pirallahılılar indi öz rayonumuzla fəxr edirik, Pirallahıda yaşadığımızı deməkdən qürur duyuruq. Amma...
Amması odur ki, bizdə də, rusların məşhur bir məsəlində deyildiyi kimi, bir çəllək balın içinə mütləq bir qaşıq zəhər qatan olmalıdır, vəssalam. Və bu dəfə bu xoşagəlməz rolu öz üzərinə Təhsil Nazirliyi götürdü... Məlumat üçün deyim ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 №-li Qərarının 3-cü bəndinə əsasən Pirallahıda işləyən hər bir kəs daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə və təşkilatda çalışdığı üçün əmək haqqını 1.2 əmsalla, yəni 20% artımla alır. Bu barədə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının 21.01.2014-cü il tarixli Q4 saylı Sərəncamı da mövcuddur. Və bu Sərəncam Nazirlər Kabinetinin 137 №-li Qərarının 8-ci bəndinə əsasən hər il yenilənir. 01 dekabr 2015-ci il tarixədək rayonun təhsil işçiləri, sayı 500 nəfərə çatan Pirallahı müəllimləri də bu əmsaldan yararlanırdılar və haqlı olaraq hesab edirdilər ki, bu imtiyaz dövlət başçısının, möhtərəm İlham Əliyevin müəllimlərin rifah halının yüksəldilməsinə yönəlmiş qayğısının daha bir bariz təzahürüdür.
Lakin 01 dekabr 2015-ci il tarixdən Təhsil Nazirliyi özbaşına olaraq Pirallahı müəllimlərini dövlətin, cənab Prezidentin onlara ünvanladığı bu qayğıdan məhrum etdi. Əsas da onu gətirdilər ki, guya ki “Azərsu” ASC-nin hansısa məmuru Təhsil Nazirliyinə məktub yazaraq Pirallahı məktəblərinin keyfiyyətli su ilə təmin olunması barədə məlumat verib. Əslində hadisə belə vaqe olub - Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Orucov Pirallahı Sukanal idarəsinə zəng edərək məktəblərin su təchizatı ilə maraqlanıb və onun bu şifahi sorğusuna yazılı olaraq cavab verilib ki, Pirallahı məktəbləri keyfiyyətli su ilə təmin olunur. Vəssalam. Nə Nazirlər Kabinetinin 137 №-li Qərarı qüvvədən düşməyib, nə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının 21.01.2014-cü il tarixli Q4 saylı Sərəncamı ləğv olunmayıb, nə Təhsil Nazirliyi üzrə əmr verilməyib, eləcə Rauf Orucovun ağlına gəlib və o da götürüb Pirallahı müəllimlərinin su pulunu kəsib! Çox qəribə situasiyadır, deyilmi? Bu qəribəliyi açmaq üçün bir neçə konkret suala cavab verilməlidir:
Birincisi: Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev şəxsən Pirallahı rayonuna təmiz içməli suyun verilməsinin açılışını 2017-ci il iyulun 21-də etmişdir. Bəs Təhsil Nazirliyi hansı səbəbdən və ya maraqdan artıq 01 dekabr 2015-ci il tarixdən Pirallahı müəllimlərinin susuzluğa görə verilən 1.2 əmsalını kəsib?
İkincisi: Bir şöbə müdirinin şəxsi rəyi Nazirlər Kabinetinin 137 №-li Qərarından, Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamından və Təhsil Nazirliyinin mövcud olmayan əmrindən, əcaba, üstünmü sayılır? Necə olur ki, Təhsil Nazirliyi üzrə əmr verilmədən onun şöbə müdiri özbaşına qərar qəbul edir və onu icra edir???
Üçüncüsü: Zirədəki quyulardan həftədə bir dəfə verilən texniki suyun tonuna Pirallahı sakinləri 17 qəpik ödəyirdi, indi Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən alınan keyfiyyətli içməli suyun tonuna 32 qəpik ödənilir. Dəyişən ancaq bu faktdır. Nazirlər Kabinetinin 137 №-li Qərarında isə söhbət Pirallahının “daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda” yerləşməsindən gedir. Yəni Pirallahıya 1.2 əmsalı suyun keyfiyyətinə görə deyil, daimi içməli su mənbəyindən uzaq məsafədə yerləşdiyinə görə verilir. Görəsən Təhsil Nazirliyinin görəvlisi bunu doğrudanmı başa düşmür, yoxsa hansısa “maraqlar” onu başa düşməyə qoymur?
Dördüncüsü: İndi də ETSN-dən bir sənəd alıblar ki, guya Pirallahının adı susuzluq zonası siyahısında yoxdur. Bu bədbəxt məmurları neylərdin, İlahi?! Əslində ETSN-də heç “susuzluq zonası” deyilən siyahı yoxdur ki orada da Pirallahının adı olsun. Digər tərəfdən, nooldu, Pirallahıya çay axdı, yoxsa burada bulaq və ya göl əmələ gəldi ki, ada “susuzluq zonası”ndan xaric olundu? Burada qazılan quyulardan belə ancaq şor su çıxır. Bir daha vurğulayıram - Nazirlər Kabinetinin 137 №-li Qərarında söhbət “daimi içməli su mənbəyi”nə olan məsafədən gedir. Hazırda Pirallahı üçün ən yaxın daimi içməli su mənbəyi Ceyranbatan gölü üzərində yerləşən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksidir!
Beşincisi: Əgər Rauf Orucov öz xəstə məntiqi ilə Zirə su anbarını və ya Qala su anbarını Pirallahı adası üçün daimi içməli su mənbəyi hesab edirsə, buyursun bunu təsdiq edən sənəd qoysun ortaya. Nə sutəmizləyici qurğusu, nə nasosları olmayan Zirə və Qala su anbarları çaydımı, göldümü, yoxsa artezian quyusudur ki, daimi içməli su mənbəyi kimi qəbul edilsin?! Bu lap Zərif xanımın İrəvanda çıxışı zamanı Ermənistanı “sülhün carçısı” adlandırmasına bənzədi! Sutəmizləyici qurğuları və nasosları olmayan Qala və Zirə su anbarları Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən aldığı suyu sadəcə Pirallahıya və digər qəsəbələrə ötürməyə xidmət edirlər. Onlar sadəcə ötürücü bir anbardırlar, “daimi içməli su mənbəyi” deyillər, ay...! Rauf Orucovun əlində bunun əksini təsdiq edən bir sənəd varsa, bir daha deyirəm, buyursun qoysun ortaya.
Altıncısı: Daha bir maraqlı detal. Bir anlığa Rauf Orucovun xəstə məntiqi ilə Zirə su anbarını “daimi içməli su mənbəyi” hesab edək və ondan soruşaq – bu halda bəs nə səbəbə Zirə su anbarının beş addımlığında yerləşən Zirə məktəblərinin müəllimlərinin Nazirlər Kabinetinin 137 №-li Qərarı əsasında aldıqları su pulu kəsilməyib?! Belə çıxır ki, Zirə su anbarı zirəlilər üçün sadəcə anbardır, pirallahılılar üçün su mənbəyi? Rauf Orucov, sənin “marağın” nədir axı?
Yeddinci: Pirallahı rayonunda həkimlər, polislər, İcra Hakimiyyətinin işçiləri və digər sahələrdə çalışanlar bu gün də su pulunu alırlar. Tək bircə müəllimlərin su pulu Prezident İlham Əliyevin Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basmasından düz 1 il 8 ay əvvəl, kəsilib! 01.12.2015-ci il tarixində heç Zirə su anbarı istismara belə verilməmişdi!!! Rauf Orucov, sənin “marağın” nədir axı?
Və nəhayət Səkkizinci: Qarşıdan Prezident seçkiləri ili gəlir. Hamıya məlumdur ki, müəllimlər həm aktiv seçicidirlər, həm də bir çox seçki məntəqələrində komissiya üzvü, sədr, müşahidəçi qismində təmsil olunurlar. Belə bir məsul siyasi kampaniya ərəfəsində, daim Prezident İlham Əliyevi dəstəkləyən Pirallahı müəllimlərini dövlətdən incik salmaqda Rauf Orucov, sənin “marağın” nədir axı?
Mübariz müəllimi axıradək səbrlə və diqqətlə dinlədim, Qarabağ qazisinin pəjmürdə olmağının səbəbini anladım və haqq qazandırdım. Hesab edirəm ki, bu qəribə hadisə ilə aidiyyatı orqanlar, xüsusən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi də maraqlansaydı yaxşı olardı. Cəmiyyət, Dövlət, Pirallahı müəllimləri üçün, həm də Təhsil Nazirliyi üçün yaxşı olardı...
İlqar Məmmədli
P.S. İndi də Pirallahıda şayiə gəzir ki, rayona keyfiyyətli içməli su verildiyindən yanvarın 1-dən bütün işçilərin susuzluğa görə 1.2 əmsalı kəsiləcək. İnanıram ki, böyük narazılıq yarada biləcək bu iş elə şayiə səviyyəsində də qalacaq. Çünki azacıq savadı olan hər kəs “keyfiyyətli içməli su” anlayışı ilə “daimi içməli su mənbəyi” anlayışını bir birindən fərqləndirə bilir. Hal-hazırda Pirallahı adası üçün “daimi içməli su mənbəyi” möhtərəm Prezident İlham Əliyev cənablarının təşəbbüsü və tapşırığı ilə tikilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksidir! Sutəmizləyici qurğuları və nasosları olmayan Zirə və Qala su anbarları isə ancaq və ancaq içməli suyu qəbul edib, toplayıb Pirallahıya ötürən anbardırlar, su mənbəyi deyillər!!! \\tezadlar.az\\


0 0



Şərhlər (Facebook)