Azərbaycan İnformasiya Agentliyi (AİA)


Cəbrayıl Xanlarov fövqəladə hallar nazirinin göstərişinə məhəl qoymur


Kəmaləddin Heydərovun icrasına bir həftə vaxt verdiyi tapşırıq 2 ildir ki, yerinə yetirilmir

Mehman Məmmədov: "İdarə müdiri Zeynal Tarquliyevin ailəmin yanında demədiyi söz qalmadı, məni təhqir etdi"

Ötən gün redaksiyamıza müraciət edən Zərdab rayonu, Çallı kənd sakini Mehman Məhəmməd oğlu Məmmədov evinin Kür daşqınları nəticəsində yararsız hala düşdüyünü, ailəsi ilə birlikdə çıxılmaz vəziyyətdə qaldığını, bu barədə bir neçə dəfə müvafiq dövlət qurumlarını məlumatlandırmasına baxmayaraq, problemin hələ də həll olunmadığını bildirib. Qeyd edək ki, o, məktubun bir surətini Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və fövqəladə hallar naziri Kəmaləddin Heydərova ünvanlayıb.

Cəbrayıl Xanlarov fövqəladə hallar nazirinin göstərişinə məhəl qoymur

Beləliklə, mərhum ata və anasından qalma evdə yaşadığını deyən Mehman Məmmədovun sözlərinə görə, məsələ ilə bağlı fövqəladə hallar nazirinin qəbulunda da olub və Kəmaləddin Heydərov ona bir həftə ərzində problemin həll olunacağına dair söz verib: "Məlum Kür daşqınları ilə əlaqədar evim qəzalı vəziyyətə düşmüşdür. Evimdə yaşam tərzi yox vəziyyətindədir. Evim və həyətim qurunt sularının əsarətindədir. Bütün bu olanlarla əlaqədar iki uşağımın ikisi də xəstədir və Bakı şəhər xəstəxanasında qeydiyyatdadırlar. Evimin qəzalı və yararsız vəziyyətdə olması ilə əlaqədar dəfələrlə hörmətli prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və fövqəladə hallar naziri Kəmaləddin Heydərova məktub, teleqramlarla müraciətlər etsəm də mənə heç bir cavab verilməyib. Nəhayət, 2016-cı ilin iyulun 8-də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Ucar rayonundakı səyyar qəbulunda mən də iştirak etdim. Evim haqqında cənab nazirə məlumat verdim. O, məni çox səmimi qarşıladı, evim üçün lazım olan materiallarla və ya evimin maya dəyərinin ödənilməsi barədə təmin olunmağım üçün müavinlərinə və şəxsən Tikintiyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarova tapşırıqlar verdi. Hətta bildirdi ki, bir həftə ərzində onun şəxsi tapşırığına əməl olunmalıdır. Nazirlə vidalaşıb ayrıldıqda, cənab nazir təkrarən yanına çağıraraq bildirdi ki, əgər onun tapşırığına əməml etməsələr mənə məktub və teleqramlarla, elektron saytıma müraciət edərsən və dedi ki, gəl qəbuluma səni qəbul edəcəm. Cənab nazirə öz təşəkkürümü bildirərək otağı tərk etdim. Evimə çatar-çatmaz mobil telefonuma zəng gəldi ki, bəs nazirin qəbulunda olduğunuz üçün evinizə baxış keçirməliyik. Üç nəfər cavan oğlan evimə baxış keçirərək, müəyyən qeydlər apardıqdan sonra mənə bir həftəyə kömək olar dedilər. Daha sonra getdilər. Bu üç nəfərin yoxlamasından sonra dedikləri 7 gün təqribən 2 ay çəkdi. Təxminən, 2016-cı ilin sentyabr ayında Fövqəladə Hallar Nazirliyinin (FHN) Yevlax regional şöbəsinin işçisi Rafael adlı şəxs mənimlə telefon əlaqəsi saxlayaraq bizə gəldiyini bildirdi. Onu çox səmimi qarşılayaraq evimə dəvət etdim. O, şəxsiyyət vəsiqəmi istəyərək cənab nazirlə görüşdüyüm üçün mənə Cəbrayıl Xanlarovun 500 manat göndərdiyini bildirdi. Mən ona cənab nazirin şəxsi tapşırığına əməl olunmasının bildirdim və həmin puldan imtina etdim. O, "Mənə bu pulu veriblər. Get, o nazir, o da Cəbrayıl Xanlarov sözünü onlara de!" deyərək çıxıb getdi".

Cəbrayıl Xanlarov fövqəladə hallar nazirinin göstərişinə məhəl qoymur

Övladlarının müalicəsi ilə əlaqədar 2016-cı ilin noyabrında Bakıya gəldiyini qeyd edən şikayətçi həmin vaxt Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun qəbulunda olduğunu vurğulayıb: "Cəbrayıl Xanlarov mənə bildirdi ki, biz həmin ölçü-biçiyə baxdıqda belə çıxdı ki, səni evin üçün 50 min manata yaxın vəsait lazımdır. Bizim buna gücümüz çatmır. Ona dedim ki, həmin vəsaitin 70 faizini siz köməklik edin, qalan hissəsini mən kredit götürüb tikərəm. O, bildirdi ki, fikirləşib bir həftəyə cavab verəcək. Bundan sonra evimə getdim. Gəldikdən 5 gün sonra Cəbrayıl Xanlarov yenidən evimə yoxlama göndərdi. Həmin yoxlama da ölçülərini, evin yararlı olub-olmadığını yoxlayıb getdi. 2016-cı ilin noyabrından sonra evimlə bağlı heç bir məlumat olmadı. Nəhayət, 10 aprel 2017-ci ildə övladlarımın növbəti yaz müalicələri ilə əlaqədar Bakıya gəldim. Uşaqların müalicəsi qurtardıqdan sonra 13 aprel 2017-ci ildə ailə və xəstə övladlarımla birlikdə Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə getdim ki, Cəbrayıl Xanlarov mənə sığınacaq versin. Lakin agentliyin mühafizəçisi bildirdi ki, Cəbrayıl müəllim yoxdur, əraziyə baxışa gedib. Səhəri gün ailəmlə birlikdə Cəbrayıl Xanlarovla görüşmək üçün yünidən həmin agentliyə getdim. Mühafizəçi yenə də eyni sözləri dediyi üçün əlacsız qalıb gözlədim. Həmin vaxt orada Cəbrayıl Xanlarovla görüşmək istəyən başqa adamlar da vardı. Həmin adamlardan birindən soruşdum ki, Cəbrayıl müəllimlə görüşdünüzmü? O da görüşdüyünü bildirdi. Saat 4-ə kimi gözlədim, lakin Cəbrayıl Xanlarovla görüşə bilmədim. Daha sonra dedim ki, mən nə edim, dərdimi kimə deyim. Bu vaxt məni başqa bir idarə müdiri - Zeynal Tarquliyev adlı şəxslə görüşdürdülər. Kaş onunla heç görüşməyəydim. Həmin Zeynal Tarquliyevin mənə ailəmin yanında demədiyi söz qalmadı. O, bu hərəkətimi utanc hesab edərək məni təhqir etdi. O "400 manatımı sənə verməliyəm, sənə heç 1 manat da vermərəm. Cənab nazir özü də bilmir nə edir, kim qəbuluna gedirsə bizim yanımıza göndərir" dedi. Bütün bu olanları cənab prezidentimizə, nazirimizə çatdıracağımı dedikdə o, "Get kimə deyirsən de, mən bu vəzifəyə özbaşına gəlməmişəm" cavabını verərək məni otağından qovdu". Baş vermiş hadisə ilə bağlı ölkə başçısına, Birinci vitse-prezident Mehriban Əliyevaya, fövqəladə hallar naziri Kəmaləddin Heydərova dəfələrlə məktub və teleqramlarla müraciət etdiyini bildirən Mehman Məmmədovun sözlərinə görə, hələ də ona heç bir cavab verilməyib: "Mən həmin şəxslərin qəbuluna düşmək üçün BMT-nin baş katibi Antonio Quterreşə, Rusiya Federasiyasının prezidenti Vladimir Putinə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətlər etmişəm. Nəhayət, 24 noyabr 2017-ci ildə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Zərdab rayonundakı səyyar qəbuluna yazıldım. Amma mənim nazirlə görüşməyimə imkan vermədilər". Məhz elə bu səbəbdən də Mehman Məmmədov qəzetimiz vasitəsiylə fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciıt edir və onunla görüşmək istədiyini bildirib: "Ümid sonda ölür. Son ümidim sizədir. Xahiş edirəm ki, qəzetiniz vasitəsiylə müraciətimi Kəmaləddin Heydərova çatdırasınız və onunla görüşməyimdə yardımçı olasınız".

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Valeh TÜRKSOY, Hurriyyet.org

P.S. Zərdab rayonu, Çallı kənd sakini Mehman Məhəmməd oğlu Məmmədovun dediklərindən belə çıxır ki, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, o cümlədən nazirliyin Zeynal Tarquliyev adlı yetkili şəxsi Kəmaləddin Heydərovun tapşırığına əməl etmir, nazirin göstərişinə məhəl qoymurlar. Əgər belə olmasaydı, o zaman rəhbərlik etdiyi qurumu sərt, "dəmir yumruq" prinsipi ilə idarə etdiyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən bir sözünün iki olmadığı iddia olunan Kəmaləddin Heydərovun Mehman Məmmədovun probleminin həll olunması üçün verdiyi bir həftə vaxt 2 il uzadılmazdı, onun tapşırığı zamanında icra olunardı. Görünür, ya "dəmir yumruq" yumşalıb, ya da fövqəladə hallar naziri Ucar rayonundakı səyyar qəbul zamanı Mehman Məmmədova sadəcə gözdən pərdə asmaq üçün vəd verib. Hər halda bu yazıdan, daha doğrusu Zərdab rayonu, Çallı kənd sakini Mehman Məhəmməd oğlu Məmmədovun Kəmaləddin Heydərova müraciətinə veriləcək cavabdan sonra məsələnin nə yerdə olduğu aydınlaşacaq.


0 0



Şərhlər (Facebook)