Azərbaycan İnformasiya Agentliyi (AİA)


Cavid Qurbanovun adamına qarşı İTTİHAM - «Arsenal Center» MMC ölkəyə saxta mal gətirir?


«Arsenal Center » MMC dam örtükləri sektorunda monopolist şirkətə çevrilməkdədir.

Bu barədə AzFakt.com-a verilən məlumatda qeyd olunur.

Məlumata görə, metalkirəmitlərin istehsalını həyata keçirən və bir çox inşaat məhsullarının düstribitorluğunu həyata keçirən «Arsenal Center » MMC son illər bəzi vəzifəli şəxslərin "dəstəyi" nəticəsində inşaat bazarındakı rəqiblərini sıradan çıxarmaqdadır. Belə ki, Çin respublikasından, Rusiya, Polşa, Finlandiya və Ukraynadan ölkəyə gətirilən dam örtüyü məhsullarını bu şirkət bütünlüklə əlində cəmləşdiribdir. Buna səbəb isə deyilənə görə, vergi və digər əlaqədar orqanların «Arsenal Center » MMC-ə fərqli yanaşmalarıdır.

"Arsenal Center" MMC -in rəqib şirkətlər üzərində qazandığı daha bir "üstünlük" isə son illər hökümətin məcburi köçkün və qaçqınların həyat və məişət səviyyətlərinin yaxşılaşdırılması istiqamətində apardığı sosial siyasətin tərkibi olaraq yaradılan yeni qəsəbələrdə inşa edilən evlərin dam örtüklərinin bütünlüklə bu şirkətdən alınmasıdır.

Həmçinin, «Arsenal Center » MMC -in Çindən gətirdiyi dəmir rlonları Bakıda metalkirəmitə (çerpitsaya) çevirərək Finlandiya və Polşa istehsalı adı ilə satdığı da deyilir.

Xatırladaq ki, bir müddət öncə «Arsenal Center » MMC Türkiyədə fəaliyyət göstərən «LOGO» proqram təminatı ilə məşğul olan firmanın əqli mülkiyyətini qanunsuz yolla ələ keçirdiyi barədə mediada məlumatlar yayılmışdı. Məlumat türk şirkəti tərəfindən təsdiqlənsə də, «Arsenal Center » MMC tərəfindən təkzib olunmamışdı.

«Arsenal Center » MMC -in maxinasiyası-saxta sənədlər tərtib edərək xaricdən mal-material gətirməsi ilə bağlı digər xəbəri isə cari ilin mart ayında Dövlət Gömrük Komitəsi yayıb: "Ölkə ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması ilə bağlı bəzi faktlara nəzər salaq.

Belə ki, müvafiq elektron sistem vasitəsilə bəyan olunan malların mənşə sertifikatının düzgünlüyünün yoxlanması nəticəsində "Arsenal Center" MMC şirkəti tərəfindən idxal olunan qara metaldan yastı prokatların saxta mənşə sertfikatı ilə müşaiyət olunması faktı aşkarlanıb. Bununla əlaqədar, idxal olunan mallara gömrük rüsumları tətbiq olunması barədə müvafiq tədbirlər həyata keçirilib".

Qeyd edək ki, «Arsenal Center » MMC şirkətində Azərbaycan Dəmir Yolları ASC-nin sədri Cavid Qurbanovun böyük payı olduğu deyilir. Məlumata görə, 2001-ci ildən fəaliyyətə başlayan şirkətin sürətli inkişaf etməsinin əsas səbəblərindən biri də Cavid Qurbanovun bu şirkətə milyonlarla vəsait yatıraraq xaricdən avadanlıqlar almasıdır.

Onu da qeyd edək ki, şirkətin direktoru Malik Həsənovla Cavid Qurbanovu həm də kirvəlik əlaqələri birləşdirir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.


0 0



Şərhlər (Facebook)