Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Dağlar” Mənzil-Tikinti Kooperativinin qurbanları çarəsiz durumda... - GİLEY


“Dağlar” Mənzil-Tikinti Kooperativinin qurbanları çarəsiz durumda... - GİLEY
“Dağlar” MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadılmış və külli miqdarda ziyan görən vətəndaşların şikayətinə Ali Məhkəmə aprelin 18-də baxacaq.

Tendensiya.com xəbər verir ki, mütəşəkkil cinayətkar dəstənin qurbanı olan 30-dan çox vətəndaş bu dəfə Ali Məhkəmədən ədalətli qərar çıxarılacağına ümid etsələr də bir mənzili 5-6 nəfərə satan dələduzların himayə olunması üçün növbəti bir oyun olacağını bildirirlər.

Vətəndaşların aidiyyatı dövlət qurumlarına göndərdiyi müraciətlərdə cinayətkarların cəzalandırılmasını və onlara dəyən maddi və mənəvi ziyanın qaytarılmasını tələb edirlər.

Müraciəti sizə təqdim edirik:

“Yazıb sizə bildiririk ki, 2014-cü ildə 30-dan çox vətəndaş Bakı ş, Nərimanov rayonu, Təbrik küçəsi, ev 63 ünvanda yerləşən “Dağlar” MTK-nın vəzifəli şəxsləri Şahin Əliyev, Çingiz Rzayev və başqaları tərəfindən dələduzluq faktına məruz qalmışıq. Faktla cinayət işinin ibtidai istintaqı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparıldı, baxmayaraq ki, bu cinayət əməli mütəşəkkil şəkildə həyata keçirililmişdir, istintaq orqanı məsuliyyəti tək bir şəxsin MTK-nın sədri Şahin Əliyevin üzərinə qoydu. Belə ki, cinayət əməllərində iştirakı olmuş başqa şəxslər, o cümlədən “Dağlar” MTK-nın təsisçilərindən biri və faktiki sahibi Çingiz Rzayevi şahid qismində tanımaqla istintaq orqanı kifayətlənmiş və onu məsuliyyətdən yayındırmışdır. Eləcə də dövlət natariusu Ərəstun İmanov bir mənzilin bir-neçə nəfərə satılmasında iştirak etmişdir və saxta müqavilələri rəsmiləşdirmişdir. Bütün bunlara baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə öz aralarında “iş birliyi” quraraq bizim evsiz qalmağımızla nəticələnməsinə gətirib çıxarıblar.

“Dağlar” MTK-ya məxsus 890 m2 qeyri-yaşayış sahəsinə “yalançı” həbs qoymaqla bizi aldadaraq arxayın etmiş və beləliklə mütəşəkkil cinayətkarlıq faktını ört-basdır edərək, cinayətdə iştirakı və təqsiri olan şəxsləri məsuliyyətdən yayındırmışdılar. Yuxarıda qeyd etdiyimiz hüquq instansiyaları qeyri-yaşayış sahəsinə qoyulmuş həbsi alver predmetinə çevirərək, “qərarı ləğv etmək – qüvvədə saxlamaq” oyunu quraraq 4 il ərzində çox sayda ailənin taleyi ilə oynamışdır.

Bu illər ərzində biz o qənaət gəlmişik ki, adları çəkilən qurumlar pulumuzun, yaxud mənzillərimizin bizə qaytarılmasında nəinki maraqlı deyillər, hətta külli miqdarda pulun mənimsənilməsində əlləri olan cinayətkar dəstəyə himayədarlıq etməkdə israrlı görünürlər”.
Azerbaycaninfo.az


0 0



Şərhlər (Facebook)