Главная > Alt Manşet, Müsahibə > Qopmuş qolu yerinə tikən cərrah

Qopmuş qolu yerinə tikən cərrah


7 07 2017. Разместил: azerbaycan
Qopmuş qolu yerinə tikən cərrah
Qopmuş qolu yerinə tikən cərrah

Qopmuş qolu yerinə tikən cərrah

Məşhur azərbaycanlı cərrah: "Onun qopmuş qolunu yerinə tikdim..."

Vaqif Qələndərli 1969-cu ildə Göyçə mahalının Toxluca kəndində həkim ailəsində anadan olub. Orta məktəbi qızıl medalla bitirib, Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsinə qəbul olub.

Tibb Universitetində Hacı Zeynalabdin Tağıyev mükafatı ilə təltif edilib və 1992-ci ildə Azərbaycanda olmayan ixtisaslar üzrə təhsil almaq üçün müsabiqə yolu ilə Türkiyəyə göndərilib.

Universiteti bitirdikdən sonra Vaqif Qələndərliyə məşhur ÇARA xəstəxanasında qalıb işləmək təklif olunub. Vaqif həkimin doktoranturada apardığı elmi araşdırmaları, plastik və rekonstruktiv cərrayhiyyəyə təqdim etdiyi 7 yeni metodu maraq doğurduğundan Dünya Plastik Cərrahiyyə Konqresinə dəvət alıb. Həmin elmi kəşfə görə Beynəlxalq Cərrahiyyə Konqresinin I dərəcəli diplomuna və özəl mükafatına sahib olub.

Hazırda Vaqif Qələndərli Beynəlxalq Plastik-Rekonstruktiv Cərrahiyyə Konfedrasiyası İdarə Heyətinin üzvüdür. Azərbaycanda isə Plastik-Rekonstruktiv Cərrahiyyə Cəmiyyətinin sədridir.

Teleqraf.com Vaqif Qələndərli ilə müsahibəni təqdim edir.

- Həkim, əvvəlcə bir sadə suala cavab verməyinizi istərdik: plastik və estetik cərrahiyyə nədir?

- Plastik cərrahiyyə deyəndə bizim insanlar cərrahiyyənin eləcə kosmetik tərəfini nəzərdə tutur. Halbuki ixtisasın adı plastik rekonstruktiv cərrahiyyədir. Ora 6500 əməliyyat növü daxildir. Yəni dırnaqdan tutmuş, ta saça qədər... Söhbət onların rekonsturiksiyasından, yəni bərpasından gedir.

Uşaqlar var ki, anadangəlmə “dovşandodaq”dır, yaxud sonradan, yanıq nəticəsində çiyni qulağına yapışıb. Onları əməliyyat nəticəsində kompleksdən azad edirik. 87 yaşında yaşlı kişi burnundakı rinofima xəstəliyindən əziyyət çəkirdi. Onu əməliyyat etmişəm.

Burnunu, qulağını it, at qopardan xəstələrim olub ki, qığırdağından istifadə edərək, həmin orqanları bərpa eləyə bilmişəm.

Sırf estetik cərrahiyə plastik cərrahiyyənin yüzdə 25 faiz təşkil edir. Bura qulağın, burunun, sifətin, bədənin müxtəlif hissələrinin korreksiyası daxildir. Bəzən travmalar nəticəsində insanda elə qüsurlar əmələ gəlir ki, onda istər-istəməz kompleks yaranır. Bu da onun gündəlik həyatına mənfi təsir edir. Əməliyyatdan sonra isə belə insanlar özlərini rahat hiss edir və kompleksdən uzaqlaşırlar.

Dünyada ən ağır əməliyyatlardan olan replantasiya əməliyyatını da Azərbaycandan mən etmişəm. 1990-cı il Türkiyədə çalışdığım vaxt qolunu dəzgah qoparmış 28 yaşlı Mustafa Əkər adlı bir xəstəni məşhur xəstəxanaların heç biri qəbul etmədikdən sonra onu bizim xəstəxanaya gətirdilər. Əməliyyata götürdük və proses 12 saat sürdü. Öz qolunu yenidən yerinə tikdik. Onda həmin əməliyyat Türkiyə mətbuatında böyük əks-səda doğurdu.

Məni səfirliyə çağırdılar. Ordan da məni Azərbaycana mərhum prezidentimiz Heydər Əliyev gətirdi və Kliniki Tibbi Mərkəzdə işə başladım. İkinci dəfə isə elə ölkəmizdə Qubada qəza nəticəsində qolunu itirmiş şəxsi əməliyyat edib, qolu yerinə bərpa etmişəm. Dünyada mənim özümün 8 cərrahiyyə üsulum var.

- Estetik əməliyyatlardan ən çox hansına müraciətlər edilir?

- Estetik əməliyyatlar içərisində ən çox yayılan və birinci yerdə dayanan burun əməliyyatı, renoplastikadır. Ən çox xanımlar müraciət edir... Amma müraciət edən kişilər də az deyil. Burun insanın üz gözəlliyinin 50-60 faizini təşkil edir. Başqa sözlə, burunda əyrilik, yekəlik, balacalıq və başqa xoşagəlməz hallar olanda insanlar əməliyyat etdirmək istəyir. Burun əməliyyatı həm çox çətin, həm də çox asandır. Belə əməliyyatların ən ideal yaşı 17-18 yaşdan 50-60 yaşa kimidir.

Ancaq daha gec yaşda əməliyyat etdiklərim də var. Bayaq dediyim kimi, 87 yaşlı kişini əməliyyat etmişəm. Əgər ideal yaşa qədər ciddi narahatlıq varsa, burun çəpəri çox əyridirsə, nəfəs alma çətinləşirsə, onda zaman istisna sayıla bilər. Çünki əməliyyat olunmasa, ürəkdə problemlər yaranar.

Ümumiyyətlə isə gözəllik xətrinə vaxtından əvvəl əməliyyat etməyə ehtiyac yoxdur, yaş həddini gözləmək lazımdır. Hazırda burun əməliyyatını mən özüm dünyada ən son texnologiya ilə aparıram. Əməliyyat 45 dəqiqə çəkir. Təzə-təzə isə 2 saat yarıma başa gəlirdi.

Biz o qədər əməliyyat etmişik ki, dünyada tətbiq olunan konsepsiyanı dəyişmişik və artıq neçə illərdir burun çəpərindəki sümüyü sındırmırıq. Onu xüsusi alətlə yonduqdan sonra, sümüyü öz birləşdiyi yerdən sıxıb yerinə oturduruq. Bu, bizim əməliyyat sirrimizdir. Xəstə əməliyyatdan 40-45 dəqiqə sonra artıq palataya köçürülür. TV və şou-biznesdə olan simaların demək olar, 80 faizini mən əməliyyat etmişəm. Biz hər il Yaponiya, Amerika, Çili və başqa ölkələrdə bu əməliyyatların elmi tərəflərini müzakirə edirik.

- Bir insanın bir neçə dəfə əməliyyat etdirməsi onun sağlamlığına hansısa mənfi təsir göstərə bilər?

- Heç bir ziyanı yoxdur. Bu əməliyyatlar ağır deyil. Amma həkim üçün ciddi əməliyyatlardır. Çünki kosmetik cəhətdən nöqtəbənöqtə işləyirsən. Mən əvvəllər rəssam olmaq istəmişəm. Görürsüz, insanın niyyəti hara, mənzili də ora. Yəni estetik əməliyyatlar bir növ rəssamlıq işidir.

- Estetik baxımdan renoplastikadan başqa qadınlar hansı əməliyyata üz tutur?

- Süd vəzilərinin böyüdülməsi, kiçildilməsi - mamoplastika, üz gəncləşdirmə, ayaqların düzləşdirilməsi, dodaqların həcmləndirilməsi, artıq piylərin götürülməsi və sair. Qadınlarda çox narahatlıq yaradanlardan biri də süd vəzilərinin ya böyük, ya da kiçik olmasıdır. Bəzən qız uşaqlarında anadan gəlmə vəzilərdən biri olmur. Məsələn, Saatlı rayonundan bir xanım müraciət etmişdi. Onun sağ süd vəzi anadangəlmə olmayıb. Bu, çətin əməliyyatdır.

Əvvəl süd vəzisinin özünü, sonra isə giləsini düzəltdim. Plastik cərrahiyyə budur. Əməliyyatdan sonra həmin xanım ailə qurdu. Hansı ki, həmin komplekslə o, ailə qura bilməzdi.

Sonra bir oğlan müraciət etdi ki, onda süd vəziləri böyükdür, dənizə gedəndə, adi paltar geyinəndə utanır. Onu əməliyyat edib, normal hala gətirdik. Univeritetlərin birində isə 3-cü kurs tələbəsi olan qızın süd vəziləri həddən artıq böyük idi. Onu da əməliyyat edib götürdük. Həddən artıq böyük süd vəzləri həmin qıza çox ağırlıq verirdi.

- Süd vəzilərinin estetik əməliyyatı, eşitdiyimizə görə, risklidir. Düzdür?

- Biri var silikon, gel… Bu zərərlidir və mən ondan istifadə etmirəm. Biri də var implant. Onun tərkibi xüsusi jelatinoz maddədi, amma onun kapsulu var ki, o, orqanizmə sovrulmur. Ona görə, implantları qoymaq olar. FDA sertifikatı var. Dünyada onun istifadəsi üçün xüsusi komissiya icazə verir. Gel kimi vurulanlar isə olmaz. Zərərlidir.

- Xəstə əməliyyata girməzdən öncə hansı hazırlıq prosesi keçir və nə vaxt əməliyyata almağa qərar verirsiz?

- Xəstələr əməliyyatdan qabaq yoxlanır. Qan analizi alırıq, ürəyi kardioqrama edirik. Əgər bədəndən çox piy alınacaqsa, şəkəri yoxlanır. Qan azlığı varsa, müalicə yazırıq, qanı artırır, sonra əməliyyat edirik.

Belə plastik əməliyyatlara müraciət edənlərin sağlamlığında problem olmur. Yalnız psixoloji kompleksləri olur. Öz bədənlərində olan qüsurları aradan qaldırnmaq istəyirlər.

- Olubmu ki, heç bir poblemi, qüsuru olmayan biri israrla əməliyyat edilməsini istəyib?

- Hər müraciət edənə mütəxəssis kimi baxırıq. Üzün öz normal ölçüləri var. Əgər o ölçülər yerindədisə, deyirik, ehtiyac yoxdur. Əgər qəbul edirsə, yola salırıq. Yox qəbul etmirsə, biz daha normalı anormal hala gətirmirik. Məsləhət görürük ki, başqa həkimə müraciət etsin. O cür adamlar var, amma azdır.

- Norml nəfəs ala bilməyən insanların böyük əksəriyyəti həkimə müraciət edir və ona “çəpər əyriliyi” ilə əməliyyat diaqnozu qoyurlar. Bu, nə dərəcədə düzgündür?

- Olur ki, insan uşaq vaxtı yıxılıb, yaxud futbolda, idmanda zərbə alıb, burunda əyrilik yaranıb. Anadangəlmə əyrilik çox az hallarda olur. O da doğuş tramvası nəticəsində ola bilər. Əgər ciddi nəfəsalma problemi yoxdursa, əmliyyata ehtiyac görmürük. Əgər həm nəfəs almada, həm də görünüşündə problem varsa, ikisini birdən edirik.

- Bəs, bir xanım plastik əməliyyatdan nə qədər sonra ana ola bilər?

- Onun xüsusi bir müddəti yoxdu. Rahatlıqla ana ola bilər. Əsas odur ki, düzgün mütəxəssisə müraciət etsin. Xanım olub ki, toyundan bir həftə əvvəl onu əməliyyat etmişəm. Sonra toyunda da iştirak etmişəm.

- Sarah adlı iranlı qız özünü Ancelina Coliyə oxşatmaq üçün neçə estetik əməliyyat keçirmiş, nəticədə eybəcərləşmişdi. Onun elə hala düşməsinə səbəb həkimlərinin qeyri-peşəkar olmasıdır, yoxsa?..

- Həkimdən də, xəstənin psixoloji vəziyyətindən də çox şey asılıdır. Yaxşı həkim üzün normal görüntüsü varsa, onu anormala gətirməməlidir. Əgər xəstə istəsə belə, həkim “dur” deməlidir. Çünki bundan o tərəfə onu psixoloji depresiyaya salar. Xəstə yenə israr edirsə, ona başqa həkimlə məsləhətləşməyi tövsiyə edirik. Onun fikrinə hörmətlə yanaşırıq. Xəstəyə demək olmaz ki, sən dəlisən, dur get. Bəlkə başqa bir həkimlə danışsa, fikrindən daşınacaq…

Müəllif: Şəfiqə Nazimqızı
Вернуться назад