Главная > Alt Manşet, Araşdırma > Azərbaycanda işləyən şirkət Qarabağda ermənilərə xidmət göstərib

Azərbaycanda işləyən şirkət Qarabağda ermənilərə xidmət göstərib


13 13 2018. Разместил: azerbaycan

Xəbər verdildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “GRANT Thornton CJSC Ermənistan” və “KPMG Armenia CJSC”nin Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda fəaliyyət göstərən bir sıra erməni banklarına (“Artsakhbank”, “Ardshininvestbank” və s.) audit xidmətləri göstərməsi ilə bağlı Azərbaycan Auditorlar Palatasına müraciət edib.

MBNP Xarici İşlər Nazirliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət” adlı hesabatına istinad edərək ölkəmizdə auditor fəaliyyəti göstərmək hüququna icazə verən qurum kimi Auditorlar Palatasından bu istiqamətdə müvafiq tədbirlər görməyi xahiş edib.

Auditorlar Palatası palatanın müraciətini nəzərə alıb, xarici hüquqi şəxslərin (xarici auditor təşkilatlarının) Azərbaycandakı filial və nümayəndəliklərinin rəhbərlərinə müraciət edib.

“KPMG Azərbaycan” isə öz növbəsində tabe olduğu şirkətin Dağlıq Qarabağda heç bir nümayəndəliyinin olmadığını irəli sürür.

Doğrudanmı, belədir?

Əvvəlcə bunu araşdırmağa çalışdıq…

Qeyd edək ki, KPMG – “Klynveld Peat Marwick Goerdeler” dünyada audit xidməti göstərən dörd böyük şirkətdən biri hesab olunur.

Şirkətin mərkəzi ofisi Niderlandda yerləşir. Üç növ xidmət təqdim edir: audit, vergi və məsləhət xidmətləri.

KPMG-nin bazar dəyəri 12,47 mlrd. dollar təşkil edir. 2015-ci ildə şirkətin dövriyyəsi 24,44 milyard dollar olub.

Bu şirkət nə qədər Dağlıq Qarabağda heç bir nümayəndəliyinin olmadığını bəyan etsə də, hazırladığı audit hesabatları əksini deyir. Belə ki, şirkətin Ermənistan nümayəndəliyi Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən “Artsakhbank”ın 2013-cü ildə auditini aparıb və hesabat bankın saytında yerləşdirilib.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, “Artsakhbank”ın işğal olunmuş ərazilərdə filialı var. Bu filialın auditini KPMG aparıb:

“KPMG nəyə əsasən hələ də bunu təkzib edir, aydın deyil. Azərbaycanın Xarici İşlər Nazirliyinin saytında Dağlıq Qarabağda fəaliyyət göstərən “Artsakhbank”la bağlı məlumat var. 2013-cü ildən sonrakı üç il ərzində bankın auditini “GRANT Thornton CJSC Ermənistan” şirkəti aparıb.

Təəssüf ki, bu şirkətin bir filialı Azərbaycanda fəaliyyət göstərir və bir neçə bankın auditini aparıb”.

Ə.Həsənovun sözlərinə görə, işğal olunan ərazilərdə fəaliyyət növləri qadağandır:

“Bu, fəaliyyəti həyata keçirən beynəlxalq qurum olsa belə. Məsələn, xatırladım ki, “Bank VTB”nin törəməsi Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərmək istəsə də, bu, alınmadı. Bu bankın Dağlıq Qarabağda filialı var idi. Azərbaycan hökuməti, sözün əsl mənasında, prinsipiallıq göstərdi. Bankın Dağlıq Qarabağdakı filialı bağlandıqdan sonra Azərbaycanda törəməsinin fəaliyyətinə icazə verildi”.

Ekspert deyir ki, “GRANT Thornton CJSC” və KPMG Azərbaycanda fəaliyyət göstərə bilməzlər:

“Bu, o halda mümkün ola bilər ki, onlar Dağlıq Qarabağdakı qanunsuz fəaliyyətlərinə son qoysunlar. KPMG təkcə “Artsakhbank”ın deyil, “Ardshinbank”, “AnelikBank CJSC”, “Converse Bank” kimi erməni banklarının Dağlıq Qarabağdakı filiallarının auditini aparıb”.

KPMG təkzib edir

Məsələ ilə bağlı KPMG-nin mövqeyi isə birmənalıdır. “KPMG Azərbaycan”ın rəsmi bəyanatında qeyd edilir ki, tabe olduğu şirkətin Dağlıq Qarabağda heç bir nümayəndəliyi yoxdur.

2016-cı ilin əvvəlində KPMG MDB-də münaqişə ərazilərində fəaliyyəti məhdudlaşdıran daxili qaydalar təsdiqləyib və öz fəaliyyətində bu məhdudiyyətləri tətbiq etməkdədir.

Sözügedən qaydalar KPMG-nin işçilərinin, KPMG-yə aid şəxslərin və şirkətlərin Dağlıq Qarabağa getməsini, orada işləməsini və Dağlıq Qarabağdakı şirkətlərlə əməkdaşlıq etməsini qadağan edir.

“KPMG Azərbaycan”dan bildirilir ki, nümayəndəlik KPMG-nin müstəqil üzv şirkətlər şəbəkəsinin üzvüdür:

“KPMG MDB-də beynəlxalq hüquqa və fəaliyyət göstərdiyi bütün ölkələrin qanunlarına hörmətlə yanaşdığını təsdiq edir.

KPMG MDB-də Azərbaycan Respublikasının tətbiq olunan qanunvericiliyinə daim əməl edir”.

Millət vəkili: “İşğal olunmuş ərazilərlə bağlı qanun layihəsi”nə ehtiyac var

Nəzərə çatdıraq ki, beynəlxalq şirkətlərin nümayəndəliklərinin işğal olunmuş Azərbaycan torpaqlarında fəaliyyət göstərməsi zaman-zaman gündəmə gəlib, bu yöndə müzakirələr aparılıb, bəyanatlar verilib.

Problem həllini tapmayıb. Bu kimi halların qarşısının alınması üçün qanunverici aktının qəbulu vacib sayılır.

Qeyd edək ki, işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin qəbulu ilə əlaqədar deputatlar tərəfindən təkliflər irəli sürülüb.

Millət vəkili Kamilə Əliyeva bildirir ki, Azərbaycanda işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinə ehtiyac var:

“25 ildən çoxdur ki, Azərbaycanın əraziləri erməni hərbi qüvvələri tərəfindən işğal edilib. İşğalçı münasibət bu gün də davam etdirilir. Bu baxımdan, belə bir qanunun qəbulu qaçılmazdır.

Dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Gürcüstanda buna bənzər qanunlar var. Gələcəkdə həmin qanunlardan yararlanaraq Azərbaycanda belə bir qanun layihəsini hazırlayıb müzakirələrə çıxarmaq vacibdir”.

K.Əliyevanın sözlərinə görə, bu gün işğal altında olan Azərbaycan torpaqlarında xarici şirkətlər fəaliyyət həyata keçirirlər, o cümlədən ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin rəsmi şəxsləri, biznes dairələri səfərlər təşkil edirlər:

Azərbaycan hökuməti, Xarici İşlər Nazirliyi tərəfindən etirazlar bildirilir. Belə şirkətlər qara siyahıya salınır.

Səhvlərindən nəticə çıxaranlar da olur, olmayanlar da. Belə halda Azərbaycan hüquqi addım ata bilmir.

Çünki belə hallara qarşı tədbirləri tənzimləyən hüquqi akt yoxdur:

“İşğal olunmuş ərazilərlə bağlı qanun layihəsi” qəbul edilərsə, belə şirkətlərlə bağlı beynəxalq məhkəmələrə müraciət oluna, onların cərimələnməsi tələb edilə bilər”.

Millət vəkili deyir ki, KPMG audit şirkətinin işğal olunmuş torpaqlarda fəaliyyət göstərən bankların auditini aparması Azərbaycana qarşı hörmətsizlik, ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüquq normalarının pozulması deməkdir:

“Bu şirkətlə bağlı addımlar atılmalı, cəzalar tətbiq edilməlidir”. (oxu.az)
Вернуться назад