Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qazax rayon məktəblərində korrupsiya


Qazax rayon məktəblərində korrupsiya-Bəsti Ələkbərova 1 saylı orta məktəbi bazara çevirib. ölkənin təhsil sistemində müşahidə olunan geriləmələr orta təhsil sistemində yer almış bir çox özbaşınalıqlarda da öz təzahürünü aydın tapır. Təhsil sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatlar müəyyən irəliləyişlərə zəmin yaratsa da, cəmiyyətdə gözlənilən nəticələr hələ də müşahidə olunmur. İislahatların geniş tətbiqini əngəlləyən qüvvələr bununla məhz dövlət tədbirlərinin zəifliyini vurğulamaq istəyirlər. Əlbəttə ki, bu qüvvələrin kimlərdən ibarət olduğunu müəyyənləşdirmək heç də çətin deyil. Elə ilk baxışda köhnə idarəçilik üsullarının məhz sistemin daxilində formalaşaraq özünə yer etmiş korrupsioner məmurlar təbəqəsinə sərf etdiyini görmək olar. Acı da olsa demək lazımdır ki, bu gün bir çox rayonlarda fəaliyyət göstərən təhsil şöbələrinin müdirləri, orta və məktəbəqədər tədris müəssisələrinin rəhbərləri də bu təbəqəni təmsil edənlər sırasındadırlar.Bu xüsusda Qazax şəhər 1 saylı orta məktəbin fəaliyyətində yer almış neqativ hallara dair redaksiyamıza təqdim olunan məlumatlar da diqqəti cəlb edir. İlk növbədə məlumatlarda qeyd olunur ki, məktəbin direktoru Bəsti Ələkbərova pedaqoji fəaliyyət üçün müəyyən olunmuş yaş həddini artıq çoxdan keçsə də, hələlik təqaüdə çıxmaq barədə düşünmür. Halbuki, onun bu təhsil müəssisəsinə rəhbərlik etməyə başladığı günü xatırlayan insanlara belə, Qazaxda çox az rast gəlmək olar. Digər tərəfdən isə Bəsti xanımın 1 saylı orta məktəbi ailə müəssisəsi qismində idarə etdiyi də aldığımız məlumatlarda xüsusi olaraq vurğulanır. Belə ki, Bəsti Ələkbərovanın özündən başqa bu məktəbdə işləyən ailə üzvlərindən qızını, oğlunu və gəlinini də göstərmək olar. Eyni zamanda da bu ailə üzvlərindən bəzilərinin ümumiyyətlə pedaqoji fəaliyyət göstərmələrinin mümkünsüz olması məlumatlarda xüsusi qeyd olunur. Bildirilir ki, Bəsti Ələkbərovanın qızı nevroloji xəstəlikdən əziyyət çəkdiyi halda 1 saylı orta məktəbdə müəllimə kimi işə götürülmüşdür. Daha sonra məlumatlarda göstərilir ki, Bəsti Ələkbərova uzun müddət məktəbə rəhbərlik etməsinə rəğmən, hər halda gec-tez bu vəzifədən alınacağını da başa düşür və bu məqam üçün artıq indidən müvafiq tədbirlər görür. Belə ki, mənbələr direktor tərəfindən öz yerinə, hazırda bədən tərbiyəsi müəllimi işləyən oğlunun hazırlandığını xəbər verirlər. Maraqlıdır ki, Bəsti Ələkbərovanın öz ixtisası da məhz bədən tərbiyəsi müəllimidir. Hətta məlumatlarda direktorun ağır xasiyyətinə görə Qazaxda “kişi Bəsti” ləqəbini aldığı da vurğulanır.Bununla belə, məlumatlarda ən çox maraq doğuran cəhət Bəsti Ələkbərovanın 1995-ci ildə Qazaxda cərəyan edən məlum hadisələrdə iştirakı ilə bağlıdır. Bu xüsusda aldığımız məlumatda məktəb direktorunun həmin vaxt rayonda dövlət çevrilişinə cəhd göstərən qruplaşmalara dəstək verdiyi, bu məqsədlə keçirilən toplantıların aktiv iştirakçısı olduğu iddia olunur. Belə olduğu halda əlbəttə ki, 1 saylı orta məktəbdə təhsil alan uşaqların milli-vətənpərvər ruhda yetişmələri böyük şübhə altında qalır. Lakin bu ittihamlar artıq daha dəqiq araşdırmalar tələb edir və bu araşdırmalar da səlahiyyətli instansiyalar tərəfindən həyata keçirilməlidir. Bununla belə düşünürük ki, hətta bu son ittihamlar nəzərə alınmadan belə, Təhsil Nazirliyinin Qazax şəhər 1 saylı orta məktəbin fəaliyyətinə xüsusi diqqət yetirməsi üçün kifayət qədər əsaslar vardır.


0 0



Şərhlər (Facebook)