Azərbaycan İnformasiya Agentliyi (AİA)


GÖMRÜK SİSTEMİNİN DAHA BİR MÜƏMMALI FİQURU… – 38 YAŞINDA DİPLOM ALAN GENERAL


Gömrük sisteminin daha bir müəmmalı fiquru…

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin müavinlərinin hər biri ilə bağlı ayrı-ayrılıqda qalmaqallı, eyni zamanda xoşagəlməz məlumatlar mövcuddur.

365İNFO.AZ bildirir ki, sədrin mətbuata gizli qalan müavini Şahin Bağırovla bağlı da kifayət qədər ciddi ittihamlar səsləndirilməkdədir.

Mətləbə keçməmişdən öncə bildirmək istəyirik ki, Aydın Əliyevin 5-ci müavini olan Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. O 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb. 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib. 2014-cü ilin yanvar ayından DGK sədrinin müavini vəzifəsində çalışır. Gömrük xidməti general-leytenantıdır.

Burada diqqət çəkən əsas məqam Şahin Bağırovun 38 yaşında Rusiya Gömrük Akademiyasının məzunu olmasıdır.

Qeyd edək ki, generalın Rusiya Gömrük Akademiyasında təhsil aldığı vaxtda, yəni 2003-cü ildə Azərbaycanda həm dövlət, həm də özəl universitetlərdə gömrük işi fakültəsi var idi.

Maraqlıdır, ölkəmizdəki ali təhsil ocaqlarında gömrük işi fakültəsi olduğu halda, Şahin müəllim niyə Rusiya Gömrük Akademiyasında ali təhsil almağa ehtiyac duyub?

Araşdırmalarımız göstərir ki, Rusiya, Ukrayna və digər MDB dövlətlərində başqa ölkələrin vətəndaşlarının ali təhsil alması üçün münbit şərait var. Bu münbit şəraitin isə yalnız müəyyən maliyyə məsələlərinin qarşılığında yaradıldığı bildirilir.

Bütün bu deyilənlər generalın Rusiya Gömrük Akademiyasına öz savadı hesabına yox, başqa yollarla daxil olmasına olan şübhələri artırır. Həmçinin Şahin Bağırovun namizədlik dissertasiyasını özünün yazmamasına dair iddialar səsləndirilməkdədir.

Bununla bağlı əlimizdəki faktları dəqiqləşdirdikdən sonra maraqlı məlumatları açıqlayacağıq. İstinad olunan mənbə bu linkdir:My Webpage


Qarşı tərəfi də dinləməyə hazırıq.
365İNFO.AZ


0 0



Şərhlər (Facebook)