Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şəhid qızını maşınla vurub, öldürən iş adamının oğlunu daha bir vəkil müdafiə edəcək


Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gün sonra isə polisə təslim olan gənc növbəti dəfə hakim qarşısına çıxarılıb. O, iş adamının oğludur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhimov Rəhim Akif oğlunun cinayət işi üzrə məhkəmə iclası davam edib. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılıb.

Məhkəmədə Rəhim Rəhimovun vəkillərindən Muxtar Mustafayev çıxış edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin psixoloji problemləri olub. Müdafiəçi bildirib ki, hadisə zamanı Rəhim Rəhimov sarsıntı keçirərək yol kənarında oturaraq ağlayıb: "Bunu məhkəmədə ifadə verən şahidlər də təsdiqlədi".

Vəkil vəsatət verərək ekspertiza təyin edilməsini istəyib: "Müdafiə etdiyim şəxs hadisədən sonra həmin vəziyyətdə ifadə verib".

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesin davamında R.Rəhimovun müdafiəsinə daha bir vəkil Novruz Əliyevin də qoşulmaq istədiyi məlum olub. Vəkil məhkəmədən bir neçə gün vaxt istəyərək sadəcə protokolla və sənədlərlə tanış olmaq istədiyini deyib. Vəkil məhkəməni uzatmaq niyyətində olmadıqlarını və işin təzələnməsini istəmədiklərini deyib.

Hakim bildirib ki, əgər yeni vəkil işə qəbul edilərsə, iş yenilənməlidir. Bu isə prosesin uzanmasına səbəb olacaq. R.Rəhimovun digər iki vəkili də yeni müdafiəçinin işə qoşulmasını istəyiblər. Məhkəmə vəsatəti təmin edilib. İşə yenidən baxılacaq.

Məhkəmə prosesi aprelin 5-də davam edəcək.

Bildirək ki, prokuror Rəhim Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, R.Rəhimov ölümlə nəticələnən qəza törətmə və hadisə yerindən qaçmaqda təqsirləndirilir.

R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın yanında baş verib.

R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrın 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.

3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov "Xırdalan Xəz" ATSC-nin rəhbəri, qardaşı Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.


0 0



Şərhlər (Facebook)