Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakı Xəzərdə hərbi mövqelərini gücləndirmək məcburiyyətindədir


Xəzəryanı ölkələrin, xüsusən də Rusiya və İranın dənizdə hərbi qüvvələrini durmadan artırması burada əvvəlki kimi gərgin vəziyyət yaratmaqda davam edir. Digər sahilyanı ölkələr də maraq və mövqelərini müdafiə etmək üçün analoji addımlar atmaq məcburiyyətində qalırlar. Hazırda dənizdə Rusiya və İran tərəfindən intensiv silahlanma siyasəti yürüdülür. Artıq məlumat verildiyi kimi, İran yaxın vaxtlarda Xəzər dənizindəki hərbi donanmasının döyüş sıralarına yeni gəmi daxil etməyi planlaşdırır. İranda hazırda inşası davam etdirilən "Dəmavənd" adlı esminets cari ilin sonunadək Hərbi Dəniz Qüvvələrinin sıralarına qatılacaq. Rusiya da eyni addımlar atır. Ekspertlər isə hesab edirlər ki, əslində, Moskva və Tehran Xəzəri hərbiləşdirməklə, burada güc nümayiş etdirməklə dənizdə geosiyasi maraqlarını heç kimə güzəştə getməyəcək. Bu geosiyasi maraqların əsas hədəflərindən biri isə "Transxəzər" layihəsinin reallaşmasına qarşı çıxmaqdır. Bütün bunlar dəniz sərhədləri tam müəyyən olunmayan Azərbaycanın maraqlarına cavab vermir. Elə bu səbəbdən Azərbaycan da maraqlarını qorumaq üçün dənizdə hərbi qüvvələrini artırır. Məsələn, artıq məlumdur ki, Azərbaycan dənizdə yerləşdirmək üçün Cənubi Koreyadan sualtı qayıqlar almaq istəyir. Bundan başqa o da məlumdur ki, Rusiya gələn ildən Azərbaycanın sifariş verdiyi "Uran-E" zərbə-raket komplekslərinin çatdırılmasına başlayacaq. Qeyd edək ki, Azərbaycan tərəfi Rusiyanın "Taktiki Raket Silahları" Korporasiyasına 2010-cu ildə 75 milyon ABŞ dolları dəyərində sifariş verib. Cari ilin sonlarından etibarən sifarişin realizə mərhələsi başlanacaq. Bu raket kompleksləri Azərbaycan Hərbi Dəniz Qüvvələri gəmilərinin silahlanmasında yer alacaq. Qeyd edək ki, hazırda Xəzər dənizində yalnız Rusiya və Türkmənistanın hərbi gəmiləri bu komplekslərlə silahlandırılıb. 2010-cu ildə, Azərbaycanla yanaşı, Türkmənistan 79,8 milyon ABŞ dolları, Qazaxıstan isə 30 milyon ABŞ dolları dəyərində "Uran-E" zərbə-raket kompleksləri sifariş verib. Türkmənistanın sifarişinin ilk partiyası 2011-2012-ci illərdə çatdırılıb. Aşqabad əlavə olaraq 2014-cü il üçün təqribən 40 milyon dollarlıq sifariş verib. Bu raketlərin mənzili 130-260 km təşkil edir. Bundan başqa, Bakı Gəmiqayırma Zavodunun istifadəyə verilməsi Azərbaycanı mövqelərini daha da gücləndirəcək. Təməli 2010-cu ilin mart ayında qoyulmuş zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. Zavodun istifadəyə verilməsi Xəzər dənizində
Azərbaycanın aparıcı mövqeyini gücləndirməklə yanaşı, ölkədə yeni gəmi tikintisi sənayesinin yaradılmasına səbəb olacaq. Azərbaycanın ilk hərbi gəmisinin inşasına isə gələn il başlanması nəzərdə tutulur. Bakı Gəmiqayırma Zavodunda tikiləcək hərbi gəmi xarici layihə əsasında inşa olunacaq. Artıq həmin layihə hərbçilər tərəfindən bəyənilib. Hazırda Hərbi Dəniz Qüvvələri Xəzər dənizinin Azərbaycan sektorunda əlverişli əməliyyat rejiminin saxlanması üzrə əməliyyat planlarını mütəmadi olaraq təkmilləşdirir, döyüş hazırlığının keyfiyyətini yüksəldir. Ötən ay təsdiq edilən Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasında isə diqqət yeterilən əsas məqamlardan biri məhz Xəzəryanı dövlətlərin dənizdə öz hərbi potensialını genişləndirmək sahəsində səylərinin artması ilə bağlıdır. Dəniz təhlükəsizliyi mühitinə olan təhdidlər barədə burada geniş bəhs olunur və əsas xarici təhdidlər qismində Xəzəryanı dövlətlərin hərbi-dəniz imkanlarının artması, qüvvələr və döyüş imkanları balansının Azərbaycan Respublikasının xeyrinə olmayan şəkildə dəyişməsi göstərilir. Eyni zamanda, dövlətlərarası münaqişələr, dənizdə döyüş əməliyyatları və onların genişlənməsinin mümkünlüyü, dəniz-sərhəd mübahisələrinin gərginləşməsi, Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında təbii sərvətlərdən qanunsuz istifadə, qonşu dövlətlər tərəfindən silahların qanunsuz yayılması üzrə beynəlxalq müqavilə və sazişlərin birtərəfli şəkildə pozulması da təhdidlər sırasında qeyd olunur. Məhz bu səbəbdən Azərbaycan dənizdə hərbi mövqelərini mütəmadi şəkildə gücləndirir.

Tahir TAĞIYEV


0 0



Şərhlər (Facebook)