Azərbaycan İnformasiya Agentliyi (AİA)


Moskvanın Ankaraya hərbi güc göstərdiyi rəsmən təsdiqlənir


Moskvanın Ankaraya hərbi güc göstərdiyi rəsmən təsdiqlənir

Son günlərin xüsusi diqqət çəkən hadisələrindən biri də Rusiyanın NATO ölkəsi olan Türkiyəyə qarşı güc nümayiş etdirməsi, onun hava sərhədlərini bir həftə ərzində iki dəfə nümayişkaranə pozmasıdır. Xatırladaq ki, bu ayın 23-də Rusiyanın hava qüvvələrinə aid "İL-20" hərbi təyyarəsi Türkiyənin hava sərhədlərini pozaraq bu ölkənin ərazisinə keçib. Məsələ ilə bağlı Türkiyə Silahlı Qüvvələri yazılı açıqlama yayıb. Açıqlamada bildirilib ki, Rusiyaya aid hərbi təyyarə Türkiyə-Bolqarıstan sərhədindən bu ölkənin hava ərazisinə daxil olub və Artvin əyaləti ətrafında uçuş edib. Buna qarşılıq olaraq isə Türkiyənin iki "F-16" qırıcı təyyarəsi havaya qalxaraq rus təyyarəsini ölkə sərhədlərindən çıxana qədər təqib edib. 2 saatdan çox hava təqibi nəticəsində Rusiya təyyarəsi Türkiyə hava sərhədlərini tərk edib. Lakin məsələnin maraqlı tərərfi olaydan 3 gün sonra Rusiya hərbi qüvvələrinin yenidən analoji addım atmasıdır. Rusiyaya aid "İL-20" hərbi təyyarəsi yenidən Türkiyənin hava sərhədinə yaxınlaşıb. Bu dəfə də Türkiyə tərəfi hava sərhədinə müdaxilənin qarşısını almaq üçün dərhal iki "F-16" tipli təyyarəni havaya qaldırıb. Türkiyə qırıcıları rusların "İL-20" hərbi təyyarəsi ərazidən uzaqlaşana kimi onu izləyib. Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, rusların "İL-20" tipli hərbi təyyarəsi Qara dənizdə Türkiyə-Bolqarıstan hüdudlarından Türkiyə-Gürcüstan hüdudlarına qədər hava sahəsində - Türkiyə sərhədlərinə paralel şəkildə uçub. Daha sonra Merfizon bölgəsindən növbəti iki Türkiyə qırıcısı havaya qalxaraq rusların təyyarəsini izləyib. Qeyd edək ki, Rusiyanın "İL-20" təyyarələri radiotexniki kəşfiyyat təyinatlıdır.
Maraqlıdır ki, hətta rusiyalı ekspertlər də Rusiyanın bu uçuşlarla güc nümayiş etdirdiyini bildirir. Onlar hesab edir ki, Aralıq dənizinə hərbi gəmilər göndərən və orada daimi qalmağı planlaşdıran Moskva Qara dənizdəki fəaliyyətini də artırmaq istəyir. Hərbi ekspert Viktor Litovkin bildirib ki, uçuşları normal qarşılamaq lazımdır: "Rusiya hərbi təyyarələri Qara dənizdə neytral ərazidə uçuşlar həyata keçirir. Rusiyanın buna haqqı var. Rusiya təyyarələri məşq edir. Türkiyə hərbi təyyarələrinin də bu uçuşları izləməsi normaldır. Bənzər hadisələr Yaponiya və Norveç sərhədində də baş verib. Rusiya artıq əvvəlki hərbi gücünə qovuşub və bunu hərbi təlimlərlə gücləndirməsi normaldır". Rusiya qeyri-hökumət təşkilatı olan Müdafiə və Xarici Siyasət Şurasının başçısı Fyodor Lukyanov isə qeyd edir: "Bölgədə böhran tamamilə sona çatmadı. Rusiya bu vəziyyətə hazır olmalıdır. Rusiya müharibəyə hazırlaşmır. Amma böhranla əlaqədar olaraq güc nümayişini etməsi normal bir haldır". Rusiyanın məşhur siyasi hərbi mütəxəssislərindən İqor Korotçenko isə olayı belə şərh edir: "Rusiya müstəqil bir ölkədir. Qara dənizdə neytral ərazidə uçuşları həyata keçirmək haqqı var. Rusiya NATO üzvü olan Türkiyənin sərhədlərini pozmur. Türkiyə təyyarələrinin də onları izləməsi hərbi təhlükəsizlik baxımından normal bir hadisədir".
Yuxarıda qeyd olunduğu kimi isə, "İL-20" təyyarələri radiotexniki kəşfiyyat təyinatlıdır. Ekspertlər hesab edir ki, bu təyyarənin əsas məqsədlərindən biri də, böyük ehtimal ki, NATO-nun Türkiyədə yerləşdirdiyi "Patriot" sistemləri ilə də bağlıdır. Xatırladaq ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov da Türkiyənin Suriya sərhədinə yerləşdiriləcək "Patriot" sistemləri ilə əlaqədar vəziyyəti yaxından izlədiklərini açıqlayıb. Gərginliyin yüksək olduğu bölgədə silahların artmasının əlavə risqə səbəb olmayacağını qeyd edən V.Gerasimov sistemin Suriyada uçuşa qadağan bölgənin yaradılması üçün istifadə edilməyəcəyini bildirib. Bundan əvvəl isə Türkiyənin hərbi gücünün Suriyadan ikiqat çox olduğuna diqqət çəkən Rusiya Geosiyasi Araşdırmalar İnstitutunun direktoru, general Leonid İvaşov belə bir məqama diqqət çəkmişdi: "Vətəndaş müharibəsi vəziyyətində olan Suriyada bu gün Türkiyəyə hücum etmək kimin ağlına gələ bilər? Türklərin Suriyanın hücum ehtimalına ciddi yanaşmadıqlarını düşünürəm. "Patriot" raketlərinin Kahramanmaraşda yerləşdirilməsi yalnız Suriyaya hərbi müdaxiləyə hazırlıqdır. Çünki Suriyaya hərbi müdaxiləyə Rusiyanın vetosu mane olurdu. Buna görə də Təhlükəsizlik Şurasının qərarına ehtiyac qalmadan Suriyaya müdaxilə üçün bir bəhanə axtarılır".
O, hətta Türkiyəyə yerləşdirilən "Patriot" raketlərinin əsl məqsədinin Suriya deyil, İran olduğunu da demişdi: "Bu sistemin əsl məqsədinin İranın ballistik raketlərini təsirsiz hala gətirmək olduğuna dair fikirlərə qatılıram. Bu sistemin Suriya raketlərindən müdafiə məqsədilə yerləşdirilmədiyinə əminəm".

Tahir TAĞIYEV


0 0



Şərhlər (Facebook)