Azərbaycan İnformasiya Agentliyi (AİA)


Quba rayonunda körpüləri «udan» çay


Quba rayonunda körpüləri «udan» çay-"Azerbaycaninfo.com" xəbər verir. Quba rayonu ərazisindəki körpülər çökür. Ekspertlər körpüləri çökdürən səbəbin çayların sahillərində fəaliyyət göstərən daş-qum karxanalarına bağlı olduğunu deyirlər. “Bu körpülər artıq məhv olmaq dərəcəsinə çatıb. Səbəb çayların üzərində qeyri-qanuni fəaliyyət göstərən daş-qum karxanalarının sayının həddən artıq çox olmasıdır. Rayon ərazisindəki çayların sahilləri bələdiyyələr tərəfindən hektar-hektar satılıb. Qubada üçüncü körpü də əsaslı təmir olunmaq üçün bağlandı. İndi isə Vəlvələçayın üzərindəki körpü qəzalı vəziyyətdədir. Təkcə bu çayın üzərində 70-dən artıq karxana fəaliyyət göstərir. Karxanalar onlar üçün ayrılmış çayın “otvod” hissəsindən istifadə edib qurtardıqdan sonra çayın torpaq hissəsinə keçirlər. Bu zaman çay torpağı yuyur, nəticədə böyük yarğanlar əmələ gəlir” - bunu virtualaz.org saytının müxbiri ilə söhbətində Quba, Qusar, Xaçmaz, Şabran rayonları üzrə Təbiəti Mühafizə Cəmiyyətinin sədri Nizami Şəfiyev dedi. Təbiətşünasın sözlərinə görə, karxanalarla bağlı araşdırmalara imkan verilmir: “Çayların sahillərində fəaliyyət göstərən karxanalar əsasən dövlət şirkətlərinə və fiziki şəxslərə məxsusdur. Dəfələrlə həmin yerlərdə monitorinq aparmaq istəyəndə karxana sahibləri kimlərə isə zəng vurub. Bundan sonra bizə polis, prokurorluq orqanlarından zənglər gəlib ki, siz orda neynirsiniz, tez olun, çıxın oradan. Hətta bir dəfə Qaraçay körpüsünün yaxınlığındakı karxananın körpüyə vurduğu ziyanı müşahidə edəndə rayon prokurorluğunun əməkdaşları bizi prokurorluğa apararaq vəsiqələrimizin surətini çıxarandan sonra buraxdılar”. Çayda fəaliyyət göstərən karxanalar tərəfindən yol verilmiş pozuntulara görə İnzibati Xətalar Məcəlləsi ilə hüquqi şəxslər 5 mindən 6 min manatadək, fiziki şəxslər isə 1000 manatadək cərimələnir. Sahibkarlara ayrılmış sahədən kənara çıxma halları baş verdikdə isə ETSN həmin karxananın fəaliyyətinin dayandırılması iddiası ilə məhkəməyə müraciət edə bilər. N.İslamlı deyir ki, hazırda bir karxana sahibinə qarşı Xaçmaz Rayon Məhkəməsində belə bir iddia qaldırılıb. Hələ ki, məhkəmə davam edir. Dibi qazılmış Qudyalçay üzərindən keçən qədim və qazıntılardan bəndləri boşalmış “Qırmızı körpü” bu yaxınlarda yenidən qurulub. Yenilənmiş “Qırmızı körpü” Qudyalçayın işbazlar tərəfindən “zorlanmasına” nə vaxta qədər davam gətirəcək? Bax, bunu bilən yoxdur.


0 0



Şərhlər (Facebook)