Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bərdə icra hakimiyyətinin şöbə müdiri içkili halda qəza törətdi – ölən və ağır yaralılar var


Bərdə -Tərtər yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Beləki ki, Tərtər rayonuna yaxın ərazidə baş verən hadisə zamanı bir nəfər həlak olub, iki nəfər ağır yaralanıb. Amma bu dəhşətli hadisə sıradan qəza deyil.
Bu saatlarda redaksiyamıza gələn məlumata görə, 90 ZG 909 nömrə nişanlı, ağ rəngli “Leksus” markalı maşın 90 BH 893 nömrə nişanlı bir avtomobillə (markasını dəqiqləşdiririk) toqquşub.
Nəticədə 90 BH 893 nömrə nişanlı maşında olan şəxslərdən biri ölüb, iki nəfər ağır yaralanıb. Yaralananların Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilir.

Bu dəqiqələrdə aldığımız xəbərə görə, qəzanı törədən 90 ZG 909 nömrə nişanlı, ağ rəngli “Leksus” markalı maşının sürücüsü, Bərdə rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin qalmaqallı müdiri, adı saysız-hesabsız qanunsuz işlərdə çəkilən Zaur Bəylərov olub.

Baxmayaraq ki, hadisə Tərtər rayonuna yaxın ərazidə baş verib, Z.Bəylərovun yaralıları öz işlədiyi rayonun xəstəxanasına çatdırmaqla məsələni ört-basdır etmək məqsədi güddüyü iddia edilir. Z.Bəylərovun hadisəni törədərkən içkili vəziyyətdə olduğu xəbər verilir.
Lakin bu saatlarda səfərbər olan şöbə müdiri qəzada ölən və yaralanan şəxslərin içkili vəziyyətdə olmasını təqdim etmək üçün dəridən-qabıqdan çıxdığı bildirilir.
Bununla məsuliyyəti qarşı tərəfin boynuna qoymağa cəhd edən RİH rəsmisi təşviş içindədir. Çünki onun barəsində cinayət işi açılması və həbs olunması gözlənilir.
Hadisə ilə bağlı Z.Bəylərovun (050 252 70 59) telefonuna etdiyimiz zənglərə cavab verilmədi. Görünür ki, şöbə müdirinin başı törətdiyi qəzanın reallığını gizlətməyə qarışıb.

İçkili vəziyyətdə avtomobil idarə edən, bir ailənin faciəsinə səbəb olan, daha iki nəfərin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsinin səbəbkarı olan şöbə müdiri indi bu cinayət işini bağlamağın yollarını axtarır. Ayda cəmi 300 manat dövlət maaşı alan şöbə müdirinin 200 min manata yaxın qiyməti olan avtomobillə qəza törətməsi, içkili olması, insan ölümünə səbəb olması növbəti dəfə məmur özbaşınalığını ortaya qoyur. Təsadüfi deyil ki, bundan qabaq onun qardaşı, Tərtər RİH müavini olmuş Vidadi Bəylərovun oğlu bir nəfərin ölümünə səbəb olan yol qəzası törətdiyi üçün atası vəzifəsindən çıxarılmışdı. İndi növbə əmisinin – Z.Bəylərovundur. Bərdə ictimaiyyətinin və ziyalılarının nəzəri rayon icra başçısı Vidadi İsayevə dikilib.

İcra başçısının içkili halda qəza törədib insan tələfatına səbəb olduğu deyilən şöbə müdirini vəzifəsindən azad olunacağı tələb edilir.Hər halda V.İsayevin siyasi iradə nümayiş etdirməsi gözləntisi var. Faktiki olaraq isə, Z.Bəylərov qardaşı oğlundan geri qalmayaraq Yeni il qabağı bir ailədə matəmə səbəb oldu.Dəfələrlə prezidentin etdiyi xəbərdarlıqlar, məmurlar və uşaqlarının törətdiyi qəzalar, öz qardaşı oğlunun başqasının həyatına son qoyması Z.Bəylərov üçün dərs olmadığı görsənir.

Bu saatdan sonra V.İsayevin öz işçisini necə cəzalandıracağı da maraqla izlənir. Onun Z.Bəylərovun əməlinə hansı münasibət bəsləyəcəyi sual altındadır. Yalnız onu da deyək ki, xəbər gecə saatlarında gəldiyi üçün təfərrüatını, ölən və yaralanan şəxslərin kimliyini müəyyənləşdirə bilmədik. Ətraflı yaxın saatlarda məlumat verəcəyik.
Reportyor


0 0



Şərhlər (Facebook)