Azərbaycan İnformasiya Agentliyi (AİA)


«Şahdağ»ın arxasından Etibar Pirverdiyevin əli çıxdı


«Şahdağ»ın arxasından Etibar Pirverdiyevin əli çıxdı-Ölkənin əsas sənaye şəhərlərinin və turizm üçün əlverişli olan rayonlarının ayrı-ayrı məmurların kurasiyasında olması heç kimə sirr deyil. İri ranqlı məmurların bir neçəsi ölkənin müxtəlif rayonlarında hegemonluq etməyə çalışırlar. Bizə məlum olan informasiyalara görə, Lerik rayonu Milli Məclisin deputatı İqbal Məmmədovun nəzarətindədir. Digər cənub rayonları da məhz həmin şəxsin nəzarətindədir. Şimal rayonlarımız isə neçə illərdir ki, «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyevin kurasiyasındadır. Bildiyimiz kimi, cəmiyyət rəhbəri əslən bu bölgədəndir. Vəzifəsinin və maliyyə durumunun verdiyi münbit imkanlardan lazımınca istifadə edən məmur Quba, Qusar və Xazmaz rayonlarında böyük biznes şəbəkəsi yaradıb. Sözügedən rayonlarda fəaliyyət göstərən istirahət mərkəzləri, şadlıq sarayları, o cümlədən iri fermaların bir çoxu Etibar Pirverdiyevə məxsusdur. O, qeyri-qanuni olaraq hektarlarla torpaq sahəsini zəbt edib. Dövlət məmurunun sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilsə də, ASC rəhbəri buna heç bir əhəmiyyət vermir. Qeyd edək ki, «Azərenerji»nin illik büdcəsi milyonlarla manat vəsait təşkil edir. Dövlət mühüm əhəmiyyəti olan quruma istənilən səviyyədə diqqət və maliyyə dəstəyi göstərir.Lakin «Azərenerji»nin rəhbəri bundan qarşıya qoyulan işlərin həlli üçün yox, şəxsi məqsədləri naminə istifadə edir. Xatırlayırsınızsa, bu yaxınlarda Səhmdar Cəmiyyətin saytına haker hücumu olmuşdu və bəzi məxfi sənədlər oğurlanmışdı. Bu o anlama gəldi ki, qurumun saytında təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir və istənilən an ölkəmizdə gözü götürməyən qüvvələr öz çirkin məqsədlərini həyata keçirə bilərlər. Söz yox ki, informasiya və texnologiyanın inkişaf etdiyi bir dövrdə bu tip haker hücumlarının qarşısını almaq asandır. Amma nə yazıq ki, Etibar müəllim vaxtının çoxunu başqa işlərə ayırır və bu məsələlərlə ilgilənməyə zamanı olmur. Yayılan məlumatlarda qeyd olunur ki, ASC rəhbəri bəzi məclislərdə özünün dövlət məmuru olmadığı fikrini irəli sürür. Araşdırmalar isə göstərir ki, "Azərenerji” səhmlərinin 100 faizi dövlətə məxsusdur və buna görə də qurumun rəhbəri dövlət məmuru sayılır. Etibarlı mənbələr bildirir ki, adıçəkilən şəxs bu yolla diqqət yayındırmağa çalışır. Bizdə olan məlumatlara görə, son illər ərzində "Azərenerji” ASC-yə 3 milyard dollara yaxın investisiya yatırılıb. Bunun 1,5 milyard dolları dövlət büdcəsi hesabına, 1,5 milyardı xarici təşkilatların krediti hesabına mümkün olub. Bu vəsaitə Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olduğu halda, Azərbaycanda Sovet dövründən qalma sistem də iflic vəziyyətinə düşüb. Güclü külək və yağış zamanı ASC-nin əksər stansiyalarında qəzalar meydana gəlir. Hələ də bəzi stansiyalarda müstəqillik əldə etdiyimiz vaxtdan indiyə qədər təmir-bərpa işləri aparılmayıb. Bu məqamda maraqlı sual ortaya çıxır: görəsən, Etibar Pirverdiyevin rəhbərliyi altında cəmiyyətə ayrılan vəsaitlər hara xərclənib ki, sovet dövründə istifadəyə verilən stansiyalarda təmir işləri görülməyib? Mənbə vurğulayır ki, «Azərenerji»yə yatırılan sərmayələrin yetərli hissəsi adı hallanan məmura yaxın olan şirkətlər vasitəsilə mənimsənilir: ««Azərenerji»nin əsas layihələrinin icraçısı «Azenco» şirkətidir. Bu şirkət Etibar Pirverdiyevə məxsusdur. «Azenco» vasitəsilə ASC-nin milyonlarla manat vəsaiti hər il təyinatdan kənar işlərə yönəldilir. «Azenco» ilə yanaşı, Sumqayıt Texnologiyaları Parkı və «ATEF» şirkəti də dövlət məmurunun nəzarəti altındadır. ASC sədri qeyd edilən müəssisələrdə çalışan şəxslərə qarşı istədiyini edir. İşçilər heç bir əsas olmadan ixtisara salınır, yaxud əməkhaqları yubadılır. Kütləvi yeyintilərin hesabına sədr biznes obyektlərinin sayını artırmağa müvəffəq olub». Mənbə cəmiyyət rəhbəri ilə bağlı bizə olduqca ilginc bilgi də verdi. Onun dediyinə görə, qış turizminin «göz bəbəyi»nə çevrilən, hər gün minlərlə insanın axın etdiyi «Şahdağ» Yay-Qış Olimpiya Kompleksi də Etibar Pirverdiyevə məxsus imiş. Hələlik bu barədə heç bir mətbuat orqanında məlumat verilməyib. Əlimizdə yetərli dəlillər olmadığı üçün «Şahdağ»ın adını çəkdiyimiz məmura məxsus olub-olmadığını deyə bilmərik. Amma məntiqlə fikirləşsək, mənbənin iddiası doğru sayıla bilər. Əgər belədirsə, bizə də «Etibar müəllim, sağlığınıza qismət» demək düşər. Maraqlıdır, ASC sədri buranı halal pullamı tikdirib? Ümumiyyətlə, onun sahibi olduğu biznes obyektlərinin mayasında halal gəlir varmı? Bu isə növbəti yazıların mövzusudur. Qarşı tərəf fikir bildirməkdə sərbəstdir.


0 0



Şərhlər (Facebook)