Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şamaxıda vulkanın daha güclü püskürməsi ehtimalı var - AMEA


AMEA Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə elmi seminar keçirilib.

İnstitutun mətbuat xidmətindən BakuPost.az-a-a verilən xəbərə görə, iclasda institutun əməkdaşları Elxan Məmmədbəyov və Mirnuh İsmayılovun Şamaxı rayonunun Quşçu palçıq vulkanına ezamiyyələri haqqında məlumatları dinlənilib.

Bildirilib ki, palçıq vulkanı Şamaxı şəhərindən 20 km cənubda Ləngəbiz silsiləsi üzərində eyni adlı kənddən 150-200 m şimal-şərqdə yerləşir.

Qeyd olunub ki, Quşçu vulkanı son 100 ildə bir neçə dəfə güclü püskürməyə məruz qalıb: "Palçıq vulkanının bizə məlum olan ilk püskürməsi 1913-cü ildə, sonuncu isə bu il yanvarın 16-da baş verib. Sonuncu püskürmə gecə saat 01.00 radələrində baş verib, güclü yeraltı gurultu ilə müşahidə olunub, kraterdə qaz alovlanıb. Tədqiqat zamanı müəyyən olunub ki, lavanın uzunluğu 150-200 m olmaqla 30-35 sm qalınlığa malikdir. Çöl tədqiqatı zamanı müəyyən olunub ki, 100 ildə dəfələrlə vulkan püskürməsi nəticəsində təbii torpaq örtüyünü basdırılmış vəziyyətə gətirib. Bunun nəticəsi olaraq palçıq vulkanı ətrafında tamamilə fərqli bitki örtüyünə malik landşaftlar formalaşıb. Yuyulma nəticəsində ətraf ərazilərə yayılmış kimyəvi elementlər torpaqların məhsuldarlığına ciddi təsir göstərib. Vulkanın lava sərhədləri yaxınlığında istər əkin sahələrində, istərsə də vulkana yaxın həyətyanı sahələrdə kənd təsərrüfatı bitkilərində məhsuldarlıq çox aşağıdır. Vulkanın püskürmə materiallarında yüksək dərəcədə konsentrasiya olunmuş mikroelementlər və ağır metallar ev heyvanlarının orqanizminə, nəticədə isə insan orqanizminə daxil olur. Bu elementlər yol verilə bilən ekoloji normanı keçdikdə bir sıra ciddi xəstəliklərin yaranmasına səbəb olur”.

Müşahidələr və araşdırmalar nəticəsində o da məlum olunub ki, bor, molibden və stronsium vulkan materiallarının ifrat dərəcədə bitki və suya keçməsi heyvanlarda bir sıra endemik xəstəliklər yaradır: "Seysmik proseslər palçıq vulkanlarının püskürməsində mühüm rol oynayır. Tədqiq olunan palçıq vulkanı da seysmik cəhətdən aktiv zonada yerləşdiyindən gələcəkdə də bu vulkanın daha güclü püskürməsi ehtimalı var. Bütün bunlar nəzərə alınaraq Quşçu kənd ictimaiyyəti ilə görüş zamanı kəndin yaxınlığında olan palçıq vulkanının yarada biləcəyi təhlükə və risklər barədə sakinlərlə maarifləndirmə işi aparılıb”.


0 0



Şərhlər (Facebook)