Azərbaycan İnformasiya Agentliyi (AİA)


Rayonlarda taxıl sahələrdə batır – kombayn tapılmır


KTN rəsmisi: ““Aqrolizinq”in kombaynları ilə ölkədə əkilmiş 990 min hektar taxılın yalnız 37-38 faizi biçilə bilər"
Artıq bir neçə həftədir Azərbaycanda taxıl biçini başlayıb. Əlverişsiz hava şəraiti biçin prosesini xeyli ləngidib. Bir sıra rayonlarda isə məhsulun toplanması üçün kombayn qıtlığı yaşanmaqdadır. Bununla bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdən, həmçinin redaksiyamıza daxil olan müraciətlərdən aydın olur ki, Göyçay, Bərdə, Tərtər, Ağcabədi, Zərdab və digər rayonlarda kombayn çatışmazlığı var. Hətta bəzi rayon sakinləri Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC-nin yerlərdəki filiallarının texnikanı ilk növbədə yerli icra hakimiyyətlərinə yaxın olan şəxslərin zəmilərini biçməyə yönəltdiklərini iddia edirlər.

“Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılovun “Yeni Müsavat”a dediyinə görə, yerlərdə kombayn qıtlığı yoxdur: “Məsələ burasındadır ki, bu gün Azərbaycanda 2700-dək kombayn var. Bunun cəmi 632 ədədi ”Aqrolizinq" ASC-nin rayon bölmələrinin istifadəsindədir. 865 kombayn fərdi lizinq alanların istifadəsindədir - “Aqrolizinq”dən alıblar. 750-dən yuxarı kombayn iri şirkətlərdə, müəssisələrdə və mülkiyyətçi fermerlərdədir. Hazırda 2400 ədəd kombayn biçin aparır. Bundan əlavə, biz bu il 135 ədəd kombayn gətirmişik, kombaynların daxil olma prosesi davam edir. Yəni ölkədə yetərincə kombayn var. Sadəcə, “Aqrolizinq”də olan kombaynların 52 faizi istismar müddəti bitmiş maşınlardır".

Şöbə müdirinin dediyinə görə, yağıntılı hava şəraiti ölkədə arpa biçinini xeyli yubadıb: “Bu il ölkə üzrə arpa əkinləri keçən ilkindən xeyli çoxdur. Bunun da səbəbi budur ki, keçən il arpa baha qiymətə satıldı, vətəndaşlar da bu il onu daha çox əkdilər. Arpa kövrək bitkidir, vaxtında yığılmayanda sünbül qırılıb düşür. Hava şəraiti imkan vermədi ki, onu vaxtında biçib başa çatdıraq. Nəticədə gəlib buğdanın yetişdiyi dövrə düşdü. İndi ona görə yerlərdə sıxlıq yaranıb. Kombaynların sayı kifayət qədər olsa da, vətəndaşlarımız bir qədər səbirsizlik göstərirlər. Bildiyiniz kimi, ”Aqrolizinq" cənab prezidentin tapşırığı ilə məhz kiçik təsərrüfatlara xidmət göstərmək üçün yaradılıb. Biz taxıl sahəsi 3 hektardan aşağı olan vətəndaşlara xidmət göstəririk. Bu gün ölkədə taxıl əsasən 3 hektardan aşağı sahələrdə əkilir deyə növbə yaranır. Bir kombayn eyni vaxtda yalnız bir sahəni biçə bilər. Bizim vətəndaşlar isə istəyirlər onlar deyən kimi kombayn gəlsin. “Aqrolizinq”in kombaynları ilə ölkədə əkilmiş 990 min hektar taxılın yalnız 37-38 faizi biçilə bilər. Amma müraciətlərin hamısı “Aqrolizinq”in rayon bölmələrinə yönləndirilir deyə sıxlıq yaranır".

İ.İsmayılov deyir ki, rayonlarda yerli icra strukturlarının ASC-nin bölmələrinin fəaliyyətinə təsir etməsi faktı yoxdur: “Biz iri təsərrüfatlara çox az hallarda xidmət göstəririk. İndiyədək rayon bölmələrindən bizə icra strukturlarının fəaliyyətlərinə təsir etməsi barədə hər hansı məlumat daxil olmayıb. Belə hal yoxdur, biz çalışırıq ki, hamının müraciətinə növbəlilik qaydasında baxaq, məhsulu yığıb sahiblərinə təhvil verək. Sadəcə, camaatımız da bir qədər səbirli olmalıdır”.


0 0



Şərhlər (Facebook)