Azərbaycan İnformasiya Agentliyi (AİA)


Əhməd Əhmədzadənin Neftçaladakı kadrı suvarma sistemini bərbad vəziyyətə qoyub


Əhməd Əhmədzadənin Neftçaladakı kadrı suvarma sistemini bərbad vəziyyətə qoyub
Əhməd Əhmədzadənin adından istifadə edən şəxslər böyük sərvətə sahibdir.Mətbuatda ən çox tənqid edilən orta çəkili məmurlardan biri də «Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) Neftçala rayon Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovdur. Bir sıra özbaşına işlərə imza atan idarə rəhbəri rayonun suvarma sistemini bərbad vəziyyətə salıb. «Dövlət tərəfindən ayrılan vəsaitlər nəzərdə tutulan işlər məsələn, suvarma kanallarında, kollektor - drenaj şəbəkəsində lildən təmizləmə işləri üçün ayrılan pullar idarə rəisi tərəfindən şəxsi büdcəyə köçürülür. Beləliklə, qeyd olunan vacib işlər arxa plana atılır.Bunun nəticəsidir ki, əkin sahələri susuz qalmaqla kənd təsərrüfatına böyük ziyan vurulur», deyə mətbuatda gedən yazılarda qeyd olunub. Adıçəkilən şəxsin fəaliyyətindən narazı qalan Neftçala sakinləri həmçinin bildiriblər ki, rayonun suvarma şəbəkəsində 40 nasos stansiyasında 96 nasos aqreqatı və bunlara xidmət edən 40 yaxın vakum nasosları fəaliyyət göstərir: «Bu yaxınlara qədər rayonda 2600 hektar pambıq, 23789 hektar taxıl, 10120 hektar yonca, 1400 hektar həyatyanı sahələrin, 12 hektar bostan tərəvəz sahələrinin və 34123 nəfərə verilmiş pay torpaqlarının suvarması min bir əziyyət hesabına həyata keçirildi. Elçin Əsədov Suvarma Sistemləri İdarəsinə rəis təyin olunan gündən vəziyyət müsbətə doğru deyil, mənfiyə doğru istiqamətlənir. İdarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin böyük hissəsi baş idarəyə ötürülməklə, qalan hissəsi təmir adı ilə mənimsənilir. Kəndlilər suvarma suyuna həsrət qalıblar. Onlar öz imkanları hesabına əkin sahələri suvarırlar». İrəli sürülən çoxsaylı ittihamlara rəğmən, idarə rəisi qanundan kənar əməllərindən əl çəkmir. Rayondakı mənbələr tərəfindən redaksiyamıza daxil olan informasiyaya görə, Elçin Əsədovun özbaşınalıqları sakinlərin vəziyyətini xeyli ağırlaşdırıb: «Rəis heç nədən və heç kimdən çəkinməyərək rayonun suvarma sistemlərinin yenidən qurulması məqsədilə büdcədən ayrılan vəsaitləri şəxsi maraqları üçün sərf edir. Bunun ağır nəticəsi göz qabağındadır. Rayonda son illər kənd təsərrüfatı sahəsində məhsuldarlıq aşağı düşüb. Vətəndaşlar suvarma suyu olmadığından müxtəlif çətinliklə üzləşir. Əkin sahələri vaxtında suvarılmır. Kəndli əziyyətinin qarşılığını görə bilmir. Subartezian quyularının qazılmasına ayrılan pullar təyinatdan kənar istifadə olunur. Kanallar lildən təmizlənmir. Bu kimi problemlər rayonda suvarma sistemləri sahəsini iflic vəziyyətə qoyub». Verilən məlumata görə, Elçin Əsədovla yanaşı, idarənin baş mühasibi Elçin Gözəlov və onun qayınatası Dadaşbala İsmayılov da özbaşına işlərlə məşğul olur: «Elçin Gözəlov idarənin büdcəsinə daxil olan vəsaitləri özünəməxsus formada sənədləşdirərək göyə sovurur. Bəlkə də indiyə qədər onun əli ilə milyonlarla manat mənimsənilib. Mal və avadanlıqların alınması adı ilə baş idarədən alınan vəsaitlər də bu şəxslərin büdcəsinə daxil olur. Baş mühasibin maddi vəziyyəti olduqca yüksəkdir. Onun Neftçalanın Qaramanlı kəndində və rayonun özündə evi var. Büdcədən silinən vəsaitlərin hesabına baş mühasib özünə yaxşı şərait yaradıb. Rayonun mərkəzində bir neçə obyekti fəaliyyət göstərir. Baş mühasibin qayınatası Dadaşbala İsmayılov isə Neftçala Suvarma Sistemləri İdarəsində anbardar işləyir. İdarəyə məxsus texnikaların yanacaqla təmin olunmasına da baş mühasibin qayınatası nəzarət edir. Bəzi texnikalar aylarla qarajdan çıxmır. Buna baxmayaraq, anbar rəisi guya həmin maşınlara gündəlik yanacaq verildiyini sənədləşdirərək anbardan çıxarılan yanacağı özünə götürüb satır. Həyata keçirdiyi işlər nəticəsində maliyyə durumunu yaxşılaşdırmağı bacaran anbar rəisi Bakıda ev və torpaq sahəsi alıb. Neftçala rayon Suvarma Sistemləri İdarəsini faktiki olaraq bu iki şəxs idarə edir. Hətta baş mühasib Elçin Gözəlov idarəyə rəis keçmək sevdasına düşüb».Onu da qeyd edək ki, adıçəkilən şəxslər «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadənin adından tez-tez istifadə edirlər. Qurumun rəhbərinə məsləhət görərdik ki, Neftçala Suvarma Sistemləri İdarəsində kadr islahatları aparıb büdcəni dağıdan məmurları işdən kənarlaşdırsın. Elçin Əsədovun isə başı başqa işlərə elə qarışıb ki, bu şəxslərin törətdiyi fəsadlardan xəbəri yoxdur.Qarşı tərəfin də cavab haqqını tanıyırıq.


0 0



Şərhlər (Facebook)