Azərbaycan İnformasiya Agentliyi (AİA)


Xəstələrin Azərbaycandan İrana getmələrinin səbəbləri açıqlandı


Xəstələrin Azərbaycandan İrana getmələrinin səbəbləri açıqlandı

Tibb elmləri doktoru, professor Adil Qeybulla mətbuata açıqlamasında bir sıra diqqətçəkən və maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, dünyanın bütün dövlətlərində müalicə üçün xaricə gedənlər var: "Lakin Azərbaycanda bu rəqəm real statistikadan çoxdur. Bu normal hal deyil. Nəzərə almaq lazımdır ki, indi Azərbaycan səhiyyəsi sovet səhiyyəsindən Qərb səhiyyəsinə keçid dövrünü yaşayır. Qərbdə sırf ixtisas həkimliyi, cərrahiyyəsi mövcuddur. İkinci məsələ əhalinin sosial müdafiəsi və tibbi sığortadır. Azərbaycanda hələ səhiyyə islahatları tam başa çatmayıb". A.Qeybulla xəstələrin İrana üz tutmaları ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib: "İranda müalicə, diaqnostik müayinə bizdən ucuzdur. Amma orada cərrahi əməliyyatlar bizdə olduğundan qat-qat bahadır. Məsələn, mədə rezeksiyası İranda bizdən 4-5 dəfə bahadır. Vətəndaşların əksəriyyəti də məhz ilkin müayinə, diaqnozun qoyulması üçün ora üz tutur. Amma bəzən xaricə getmək bir az görüntü xarakteri daşıyır. Məsələn, öd kisəsi əməliyyatı üçün Almaniyaya getməyin mənası yoxdur".
Maraqlıdır, İranda müayinə və müalicə ilə bağlı yaşanan təzadın səbəbi nədir? Sözügedən məsələyə aydınlıq gətirən tanınmış həkim Fuad Həsənovun sözlərinə görə, xəstələri İranda müalicə olunmağa şirnikləndirmək üçün məqsədyönlü şəkildə belə edirlər: "Bu səbəbdən ilkin müayinə xərclərini ucuz edirlər ki, xəstələr şirniklənsin. Yəni xəstələr ilkin müayinə və diaqnostikanın ucuz olmasını görüb, müalicə işini də İran həkimlərinə tapşırsınlar. Müşahidələr göstərir ki, onların bu taktiki gedişinə xəstələrin çoxu inanır. İlkin müayinə və diaqnostikada xərcin az olduğunu görən xəstə güman edir ki, əməliyyat xərcləri də az olacaq. Ancaq bu güman özünü doğrultmur. Səbəbi ancaq bununla bağlıdır. Bundan başqa, ortalıqda elə bir digər səbəb yoxdur. Bunun nəticəsində xəstələr heç də xoş olmayan vəziyyətlə üzləşir. Məsələ ondadır ki, İrandakı həkimlərin heç də hamısı yüksək ixtisaslı mütəxəssis deyil. Buradan gedənlər gərək bilsinlər ki, kimin yanına gedirlər və onları əməliyyat edən nə dərəcədə təcrübəli həkimdir. Bəzən gedirlər və olduqca zəif həkimin əlinə düşürlər. Nəticədə xəstədə bir sıra əlavə fəsadlar yaranır ki, bu zaman bizim öz həkimlərimiz onları müalicə etməli olur".

Vidadi ORDAHALLI


0 0



Şərhlər (Facebook)