Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanda şəkər xəstəliyi ağırlaşır


Günümüzdə ən çox yayılmış xəstəliklərdən biri də şəkər xəstəliyidir. Əvvəllər bu xəstəliyə 50 - 60 yaşında olan şəxslərdə rast gəlinirdisə, indi artıq 35 - 40 yaşlı insanlar arasında da ondan əziyyət çəkənlərə təsadüf olunur. Ümumiyyətlə isə, şəkər xəstəliyinə tutulanların sayı durmadan artmaqdadır. Ekspertlərin fikrincə, buna daha çox subyektiv amillər səbəb olur. Səhiyyə Nazirliyindən mətbuata verilən xəbərə görə, Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı bu ilin göstəriciləri üzrə 182 min nəfər təşkil edir. Hazırda dünyada 371 milyon insanda şəkərli diabet diaqnozu qeydə alınıb. Güman olunur ki, insanların 50 faizi öz xəstəliyi haqqında məlumatsızdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu xəstəliyi yayılma tempinə görə qeyri-infeksion epidemiya kimi dəyərləndirir. Qeyd olunub ki, Azərbaycan dövləti bu xəstəlikdən əziyyət çəkən insanlara xüsusi diqqət ayırır: "Belə ki, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Qanunun tətbiq edilməsi barədə ölkə Prezidentinin fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin qərarı ilə "2005-2009-cu illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı" təsdiq edilib. Növbəti illər üzrə Nazirlər Kabinetinin qərarı ilə "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı" təsdiq edilib. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib".
Şəkər xəstəliyi artımının qarşısını almaq üçün nə etmək lazımdır? Həkim-ekspert Rasif Bağırov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bu gün dövlət tərəfindən şəkər xəstələrinin müalicəsi üçün daha geniş tədbirlər görmək mümkündür: "Ümumiyyətlə, Azərbaycanda ümumi qanuna əsasən, şəkər xəstələri, vərəm xəstələri, onkoloji xəstələrin dərmanlarla təmin olunması və onların cərrahi əməliyyatları dövlət hesabına həyata keçirilir. Hər halda qanunda bu belə göstərilir. Amma konkret olaraq şəkər xəstəliyinə gəldikdə, bu gün bu xəstələrin böyük əksəriyyəti dispanser uçotdadır. Çünki onlara şəkərin qeydiyyatını aparmaq, bir növ onlara nəzarət etmək üçün qlükozlar verilir. Həmin qlükozla da xəstə mütəmadi olaraq öz şəkərini təyin edə bilir. Həmçinin, şəkərli diabet xəstələrinin diaqnozu qoyulduqdan və onlar dispanser uçota götürüldükdən sonra artıq dərman preparatları ilə təmin olunmalıdır. Bu da ilk növbədə insulin, onun müxtəlif formaları və şəkərin müalicəsinə təsir edən və onu normallaşdıran müxtəlif həblərdən ibarətdir. Xəstə bu dərmanlarla mütəmadi olaraq təmin olunmalıdır. Əslində mən xəstələrlə maraqlanıram və bu xəstələrin əksəriyyəti qeydiyyatdan keçdikləri dispanserlərdən dərmanlarını alıb istifadə edirlər. Və onların ayda bir neçə dəfə yoxlanılması da bəzən dispanserlərin hesabına həyata keçirilir. Amma prioritet olaraq xəstə özü də dərmanları pulsuz olaraq şəkər xəstələri üçün nəzərdə tutulan müvafiq apteklərdən ala bilər. Yəni hazırkı vəziyyət belədir. Əlbəttə, bu xəstələr üçün yüksək səviyyəli dövlət təminatı, reabilitasiya, xüsusilə də şəkərli diabetin ağırlaşmış formalarının müalicəsinin həyata keçirilməsində xeyli problemlər var. Hələ şəkərli diabetin ağırlaşmış formalarının müalicəsi üçün külli miqdarda vəsait lazımdır. Dövlət bütün xəstələrin müalicəsini apara bilmir. Amma hesab edirəm ki, sığorta təbabəti tətbiq olunsa, belə problemləri həll etmək olar".
R.Bağırovun sözlərinə görə, şəkərli diabetin əmələ gəlməsində önəmli faktorlardan biri artıq çəkidir. Nəinki 20, 30 kq, hətta 5 kq artıq çəki olanda bu, 1 nömrəli risq faktoruna çevrilir: "Artıq çəkili insanlarda bədəndə yığılan piy hüceyrələri insulinin təsirini neytrallaşdırır və insulinin öz təsirini göstərə bilməməsi nəticəsində şəkərli diabet üzə çıxır. Bundan başqa, irsi faktor da xəstəliyin əmələ gəlməsində rol oynayır. Əgər kiminsə valideynlərində, yaxın qohumlarında 40 yaşdan sonra 2-ci tip şəkərli diabet varsa, onlar bunu mütləq nəzərə alaraq daim düzgün həyat tərzi keçirməli, qidalanmasına diqqət yetirməli və mütləq surətdə daim şəkərini yoxlatmalıdır".

Günel CƏLİLOVA


0 0



Şərhlər (Facebook)