Azərbaycan İnformasiya Agentliyi (AİA)


Vahid Məhərrəmov: "Azərbaycanda kənd təsərrüfatı məhsullarına tətbiq olunan gömrük rüsumu yüksəkdir"


Vahid Məhərrəmov: "Azərbaycanda kənd təsərrüfatı məhsullarına tətbiq olunan gömrük rüsumu yüksəkdir"

"Azərbaycana gətirilən kənd təsərrüfatı məhsullarının gömrük idxal rüsumları artırılmalıdır". Belə bir təkliflə Milli Məclisin dünən keçirilən plenar iclasında millət vəkili Musa Quliyev çıxış edib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan aqrar ölkədir və daxili bazarı analoji idxaldan qorumalıdır: "Ölkəmizdə kənd təsərrüfatı məhsullarının əkini və sonradan digər ölkələrə ixracı üçün olduqca münbit şərait və mühit var. Amma biz kartofu və digər kənd təsərrüfatı məhsullarını ölkəmizə xaricdən gətiririk. Bu da bu sahədə çalışan insanların bu sektora marağını azaldır".
Millət vəkili qeyd edib ki, ölkəyə kənd təsərrüfatı məhsullarının idxalı azalsa, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi artar. Onun fikrincə, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün kəndliyə verilən subsidiyaların da artırılması vacibdir.
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov məsələ ilə bağlı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarına tətbiq olunan gömrük rüsumu yüksəkdir: "Digər ölkələrdə hansı rüsumlar tətbiq olunur, həmin normativlərə uyğun hərəkət etmək lazımdır. Məhsullarımızın ixrac olunduğunu da nəzərə almaq lazımdır".
Ekspertin fikrincə, kənd təsərrüfatı məhsullarına rüsumun artırılması ilə daxildə səmərəsiz biznesin fəaliyyətinə şərait yaradacağıq. Kənd təsərrüfatı məhsullarına idxal rüsumu yüksək olduğu və digər qeyri-formal maliyyə xərcləri çəkildiyi üçün daxildə çox asanlıqla istehsal olunan məhsul yüksək qiymətə təqdim olunur: "Bu da bizim fermerlərin rəqabət qabiliyyətli məhsul istehsal etməsinə imkan yaratmır. Fermerlərin rəqabət qabiliyyətli məhsul istehsal etməsi üçün rüsumu aşağı salmaq lazımdır. Əks halda, səmərə verməyən biznes fəaliyyətinə şərait yaratmış olarıq".
V.Məhərrəmov hesab edir ki, idxal olunan kənd təsərrüfatı məhsullarının rüsumunu artırmaq düzgün ideya deyil.

Günel CƏLİLOVA


0 0



Şərhlər (Facebook)