Azərbaycan İnformasiya Agentliyi (AİA)


Milli Qəhrəman İsrafil Şahverdiyevin anım tədbiri keçiriləcək


Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım tədbiri keçiriləcək.Anım tədbirinin II Fəxri Xiyabanda yanvarın 13-də, saat 11:00-da keçirilməsi planlaşdırılır. Tədbir Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai birliyinin Laçın Rayon Şöbəsinin və Lacin.info saytının birgə təşəbbüsü ilə keçiriləcək. Şahverdiyev İsrafil Şahverdi oğlu 11 iyun 1952-ci ildə Laçın rayonunun Ununnovu kəndində anadan olub. 1969-cu ildə doğma kəndlərində orta təhsilini başa vuraraq, 1971-74-cü illərdə ordu sıralarında qulluq edib. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayıb. 1991-ci ildə əlinə silah götürərək vətənin müdafiəsinə qalxıb.
1988-ci ildə Ermənistandan öz dədə-baba torpaqlarında yaşayan azərbaycanlıların qovulması, deportasiya edilməsi ilə bir vaxtda Azərbaycanın dilbər guşəsi olan Laçında da vəziyyət gərginləşmişdi. Uzun illər qonşuluq münasibətində yaşadığımız ermənilər birdən-birə simalarını dəyişərək, tarixi mənfur sifətlərini, nankorluqlarını göstərdilər. Sərhəd kəndlərdə sadə adamlara, çobanlara atəş açılır, bəzi hallarda isə onlar öldürülürdülər. Laçın-Şuşa yolu tez-tez atəşə tutulur, əhalinin rahatlığı pozulurdu. Artıq bu, işin ciddiliyindən xəbər verirdi.
Respublika rəhbərliyinin, səlahiyyətli şəxslərin işə ciddi yanaşmaması, seyrçi mövqe tutması Laçının sadə adamlarını könüllü özünümüdafiə dəstələri yaratmağa məcbur edirdi. Özünümüdafiə dəstələri bir rəhbərlik tərəfindən idarə olunmadığına görə özfəaliyyət xarakteri daşıyırdı. Bu da Laçının müdafiəsi üçün yetərli deyildi. Buna baxmayaraq cəsur, igid polis işçisi Şahverdiyev İsrafil kimi oğulların sayəsində erməni təxribatçıları zərərsizləşdirilirdilər. Onun şücaəti nəticəsində Qaladərəsi kəndini keçməyə cəhd edən iki erməni cəsusu yaxalanmışdı.
Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın həyatına edilən qəsd İsrafili çox narahat edirdi. Hadisə yerinə gələn İsrafil özünə söz vermişdi. "And olsun namusuna, el qızı, sənin qanın yerdə qalmayacaq".
Çox çəkmədi. Cəsur kəşfiyyatçı, peşəkar əməliyyatçı qardaşı Rəsulla birlikdə əməliyyat zamanı on iki erməni casusunu məhv etdi. Salatının qatili də məhz bu dəstənin tərkibində it kimi öldürüldü.
Günlərlə, aylarla ev-eşik üzü görməyən, məşəqqətli günlər keçirən, döyüşlərdə mətinləşən İsrafil xalq arasında böyük hörmət qazanmışdı. Kirs dağının erməni təcavüzkarlarından təmizlənməsində şəxsi igidliyinə görə xüsusi təşəkkürə layiq görülmüşdür. 1990-cı ildə Laçın rayon kooperativlər ittifaqının təsis etdiyi "Sultan bəy" mükafatını almışdı.
1991-ci ilin yazında Qaladərəsi kəndini ermənilərdən təmizləmək üçün plan hazırlanır. Gecədən səhərə qədər davam edən döyüşlərdə ermənilər ağır itki verərək geri çəkilirlər.
Ölkədə hərc-mərclik, hakimiyyətsizlik və siyasi qarşıdurma hökm sürürdü. Könüllü özünümüdafiə dəstələri bir komandanlıqdan idarə olunmurdu. Təpədən dırnağacan silahlanmış erməni-rus birləşmələrinə müqavimət göstərmək çətinləşirdi...
İsrafil Şahverdiyev öz rotası ilə 1992-ci il sentyabrın 19-dan noyabrın 17-nə qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşdu. Dəfələrlə kəşfiyyata getmiş, xüsusi igidliklər göstərmişdi.

İsrafilin gündəliyindən sətirlər:

19.09.92. Avtomatın süngüsü ilə özümə səngər qazdım. Daş idi. Nə qədər olmasa yerə uzananda görünmürdü. Rəsul da yanımda idi.
23.09.92. Sonasarda qaldıq. Kəşfiyyata göndərdiyimiz adamlar gecəyarısı qayıtdılar. Bərk həyəcan keçirdiyimizə baxmayaraq, sağ və salamatdırlar.
27.09.92. Dumanlı hava idi. Bütün qadağalara baxmayaraq bu gün tonqal çatdıq. Yağış yağırdı. Uşaqlar paltarlarını qurutdular. Dəstə Sonasara endi.
1994-cü il. İsrafilin rotası Füzuli rayonunun Horadiz qəsəbəsini və dörd kəndini ermənilərdən təmizləyir.

1994-cü il 13 yanvar... Füzuli-Horadiz-Cəbrayıl cəbhəsi.

Erməni hərbi birləşmələri irimiqyaslı hücum əməliyyatlarını davam etdirir. Cəbhə xəttini yarıb hərbi hissələri mühasirəyə salmaq istəyirdilər.
İsrafil Şahverdiyevin rotası mərdliklə vuruşur, düşmənin bəd niyyətinin həyata keçməsinə imkan vermirdi. Düşmən xeyli canlı qüvvə və hərbi texnika itirdi.
Atəş kəsilmişdi. Cəsur döyüşçü yaralı döyüşçü yoldaşına kömək etmək üçün səngərə pulemyotun arxasına keçir. Səngərə düşən mərmi İsrafilin həyatına son qoyur.

Ailəli idi. Üç övladı yadigar qaldı.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

II Fəxri Xiyabanda dəfn edilib.
Laçın rayonundakı məktəblərdən biri qəhrəmanın adını daşıyır.


Siyavuş ƏMİRLİ


0 0



Şərhlər (Facebook)