Azərbaycan İnformasiya Agentliyi (AİA)


Kənd təsərrüfatımızda kadr böhranının yeni mərhələsi başlayır


Kənd təsərrüfatımızda kadr böhranının yeni mərhələsi başlayır

Bu gün Azərbaycan üçün xüsusi əhəmiyyətə malik məsələlərdən biri də ərzaq təhlükəsizliyinin təmininə nail olmaqdır. Bu xüsusda kənd təsərrüfatı sahəsində istehsal həcminin artırılması da mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə müəyyən nailiyyətlər əldə olunsa da, əvvəlki kimi, kadr çatışmazlığı ciddi problem olaraq qalır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev də etiraf edir ki, Azərbaycanın gənc elmi kadrları əmək haqqının azlığından kənd təsərrüfatı sahəsində çalışmaqdan imtina edirlər. O bildirib ki, indi elmi tədqiqat institutlarında bu sahə üzrə mütəxəssislər çalışır, gənclər isə maaşların azlığı üzündən işdən imtina edirlər: "On gündən çoxdur institutun aspiranturasına 80 nəfərlik qəbul elan olunub. Amma cəmi 1-2 nəfər sənəd verib. Yəni əməkhaqqının artırılması vacibdir". Mərkəz rəhbəri söyləyib ki, Dövlət Aqrar Universitetində kadr hazırlığı çox ləng gedir. Aqronom, zootexnik və mexanizatorlara böyük ehtiyac var. Sovet dövründə kənd təsərrüfatı sahəsində respublikamızda peşə texniki məktəblərin sayı 70-dən çox idisə, hazırda bunlar mövcud deyil. İndi ölkənin kənd təsərrüfatı sistemində 30 peşə məktəbinin, 5 texnikumun yaradılması zəruridir.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da vurğulanır ki, ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur. Belə məlum olur ki, Azərbaycanın ali təhsil müəssisələri tələbələrinin yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə təhsil alır. 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmlənib. Özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranıb. Ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur.
Strategiyada vurğulanır ki, hər 100 000 nəfərə düşən ali məktəb tələbələrinin sayına görə Azərbaycan Respublikası üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmalıdır. Əhali təbəqələri və regionlar arasında xüsusən ali təhsilə çıxış imkanları genişləndirilməlidir: "Son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində işlər görülmüş, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Qeyd olunanlara baxmayaraq, bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumtəhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25-27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir".
Kənd təsərrüfatı istiqaməti üzrə hazırda yalnız Azərbaycan Dövlət Aqrar Universiteti kadr yetişdirir. Təbii ki, 9 milyonluq əhalinin əksər hissəsinin kənd təsərrüfatı ilə məşğul olduğunu nəzərə alsaq, tək bir ali məktəbin buraxdığı kadrlar xeyli azlıq təşkil edir. Ekspertlər bu tendensiyanın gələcəkdə Azərbaycanın aqrar sektorunda böyük çətinliklər yaradacağını bildirir. Hesab edilir ki, hökumət yalnız Azərbaycanda yox, həm də xaricdə yüksək ixtisaslı kadrlar hazırlanmasına çalışmalıdır. Çünki kənd təsərrüfatında çalışanların sayı kifayət qədər çoxdur. Əvvəllər emal müəssisələri, kolxoz və sovxozlar var idi ki, orada aqronomlara ehtiyac olurdu. İndi həmin kolxoz və sovxozlar yoxdur, fermer müəssisələri var. Bu müəssisələr də olduqca kiçikdir. Onların kadra ehtiyacı olsa da, onu maliyyə ilə təmin etmək imkanına malik deyillər.
Ekspertlər billdirir ki, bu gün kənd təsərrüfatında kəndlilər çox primitiv qaydada istehsalla məşğuldur. Onlar yeni texnologiyanı mənimsəyə və tətbiq edə bilmir.
Texnologiyanın gətirilməsi də problemlidir. Çünki həmin texnologiyaların tətbiqində kadr çatışmazlığı var. Bu vəziyyət isə, əslində, hökuməti də ciddi surətdə narahat edir. Çünki kənd təsərrüfatı ərzaq istehsalında mühüm çəkiyə malik sahədir.

Tahir TAĞIYEV


0 0



Şərhlər (Facebook)