Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qurban Yetirmişli: Daha iki-üç təkanın olması gözlənilir



“Bu gün səhər saat 07:24-də Saatlı rayonunda qeydə alınan zəlzələdən sonra həmin ərazidə maqnitudası 2,9 olan daha bir zəlzələ olub”.

Azərbaycaninfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, zəlzələdən sonra avtoşoklar həmişə olur:

“Səhərki zəlzələdən sonra maqnitudası 2,9 olan daha bir zəlzələ qeydə alınıb. Amma zəlzələnin dərinliyi çoxdur deyə, hiss olunmayıb. Daha iki-üç təkanın olması gözlənilir. Çünki səhər baş verən zəlzələ çox da zəif deyildi”.

Baş direktorun sözlərinə görə, zəlzələ nəticəsində hər hansı dağıntı və tələfatın olması ilə bağlı informasiya yoxdur:

“Bunun üçün həmin ərazilərə baxış keçirmək lazımdır. Episentrdə zəlzələ 5 bala yaxın olsa da, orada yaşayış məntəqəsi yoxdur”.

Q.Yetirmişlinin sözlərinə görə, belə zəlzələnin olması o demək deyil ki, ölkə ərazisində seysmoloji aktivlik var:

“Ölkə ərazisində daim təkanlar qeydə alınır, onların arasında nisbətən güclüsü, hiss olunanı da olur”.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində isə 3-4 bala qədər hiss olunub.
Zəlzələnin ocağı 39 km dərinlikdə olub.


0 0



Şərhlər (Facebook)