Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanda hər 10 uşaqdan birinin əyilən onurğası və müalicənin üsulları


Azərbaycanda hər 10 uşaqdan birinin əyilən onurğası və müalicənin üsulları

Orta məktəblərdə partaların şagirdin boyu, yaşı nəzərə alınmadan hazırlanması səbəbindən uşaqların onurğasında kifoz və skolioz əmələ gətirməsi ilə bağlı xəbər vermişdik. Mütəxəssislər təsdirləyirlər ki, artıq onurğa əyrilikləri dövrün probleminə çevrilib. Hər 10 uşaqdan birində skolioz, kifoz və çanaq əyrilikləri müşahidə edilir. Yöndəmsiz partalarla yanaşı, ağır məktəbli çantaları, saatlarla davam edən məşğələlər, kompüterdə uzun-uzadı vaxt keçirmək, oturaq həyat tərzi beliəyri nəslin yetişməsinə səbəb olur.

Bəs çıxış yolu nədədir? Virtualaz.org bu suala cavab axtarıb və bəlli olub ki, hazırda tətbiq edilən ənənəvi üsullar yeganə çıxış yolu deyil. Hətta əksinə, bəzən idman və ya masaj əlavə fəsadlara səbəb olur. Hansı ki, bu fəsadların aradan qaldırılması uzun illər tələb edir.
Suraxanı Bərpa Mərkəzinin mütəxəssisi Elnur Əliyev deyir ki, skolioz, kifoz, çanaq əyrilikləri və digər onurğa problemləri bir neçə ildən sonra daha qabarıq müşahidə ediləcək. Çünki onurğa problemi olan uşaqların sayı durmadan artır. Bizim bərpa mərkəzinə müraciət edən hər 5 nəfərdən dördündə çanaq əyrilikləri müşahidə edirik. Çanaq əyriliyi olan uşaqlar üzgüçülüyə yönləndirilir, vaxt itkisindən sonra məlum olur ki, uşağın yalnız çiyinləri böyüyüb. Yaxud skoliozu olan uşaqlar günlərlə masaj olunurlar. Nəticədə, əzələ yumşalır, skolioz dərinləşir. Bilmək lazımdır ki, onurğa əyriliyi dərində olur, səthi masajla əyriliyin qarşısını almaq mümkün deyil. Buna görə də, hər bir problemli xəstəyə fərdi yanaşmaq lazımdır”.
Mütəxəssis əlavə edir ki, hazırda onurğa və onurğaətrafı problemlərin müalicəsində tətbiq edilən ən effektli üsul kineziterapiyadır. Kineziterapiya reabilitologiyanın bir hissəsi kimi xəstələrin və əlillərin bərpası zamanı kompleks terapiyada istifadə olunur. “Kineziterapiyada təkcə onurğa problemləri, skolioz, kifoz, çanaq əyriliklərinin müalicəsi deyil, iflic, əməliyyatdan sonrakı bərpa da mümkündür. Bu üsulla onurğa problemi nəticəsində yaranan baş ağrıları, başgicələnmələrini aradan qaldırmaq olur. Kineziterapiyada gimnastikadan tutmuş, yoqaya qədər dartı effektli hərəkətlər var. Müalicə hər bir xəstəyə fərdi qaydada seçilir”, - E.Əliyev deyir.

Terapiyaya başlamazdan əvvəl xəstə hərtərəfli müayinədən keçirilir. Müalicə və ya bərpa kineziterapevtik kursun keçirilməsi üçün əsas tələblərdən biri düzgün tənəffüsdür, əks halda, məşğələlər proqramı çərçivəsində yerinə yetirilən hər bir hərəkət öz müalicə effektini itirir.
E.Əliyev onu da deyir ki, müalicə və ya reabilitasiya ilə yanaşı, uşaqları diqqətdən kənarda qoymaq olmaz. Çünki android tipli telefonlar ağır yüklü çanta və partalar qədər təhlükəlidir: “Müraciət edən uşaqlarla, valideynlərlə söhbətlər aparır, araşdırırıq. Telefon və kompüterlərin zərəri çoxdur. Xüsusilə, uşaqlarda kifozların yaranmasına səbəb olur. Buna görə də, məsləhət görərdim ki, hər bir valideyn uşaqlarını bir dəfə də olsa müayinə etdirsin, xüsusilə onurğa əyriliyi olan uşaqları diqqətdən kənarda saxlamasınlar”. Həkim qadınlar arasında çanaq əyriliyinin yayıldığını söyləməklə məsləhətlər verir: Qadınlar ayağını ayağının üstünə aşırıb otururlar, bu isə çanaq əyriliyinə səbəb olur. Gələcəkdə isə ginekoloji problemlər ortaya çıxır, hətta insan axsamağa başlayır.
Bəzi mütəxəssislər onurğa əyriliklərinin 18 yaşa qədər müalicə olunduğunu söyləyir, sonrakı yaş dövründə cərrahi əməliyyatları məsləhət görürlər. Kineziterapiyada isə yaş məhdudiyyəti yoxdur, əzələ quruluşuna görə yaşlı insanları da müalicə etmək olur. Müalicə prosesi onurğa əyriliyinə və ya problemə görə seçilir, 3 gündən 3 aya qədər kurslar təyin edilir. “Bizim mərkəzə müraciət edən valideynlər deyirlər ki, uşağın həyatını yüngülləşdirmək üçün əlimizdən gələni etmişik. Amma biz əksini məsləhət görürük, uşaq oturaq deyil, aktiv həyat tərzi keçirməlidir. Hər gün tezdən ən azı 25 dəqiqə acqarına idman hərəkətləri etmək lazımdır. Müalicə dövründə ev tapşırıqları veririk, uşaq problem tam aradan qaldırılana qədər tapşırıqları yerinə yetirməlidir”,- E.Əliyev söyləyib
Həkim-ortoped Nazim Eyvazov isə deyir ki, skolioz ya anadangəlmə, ya da sonradan qazanılmış olur. Son dövrlər sonradan qazanılmış skolizlara daha çox rast gəlinir. “Bəzən xəstəlik 2 yaşına qədər uşaqlarda formalaşır, valideyn isə buna fikir vermir. Onurğa əyrilikləri adətən həddi-büluğa yaxın dövrdə sürətlənməyə başlayır və 13 yaşa qədər kəskin pisləşmə gedir. Onurğanın əyriliyi orqanizmin düzgün fəaliyyət göstərməsinə imkan vermir. Çox zaman uşağın boynunun kökündə ağrılar olur, təngnəfəslik yaranır. Bundan başqa, baş beyinə doğru gedən sinirlərin, damarların gedişatının pozulması, başağrıları, əsəbilik, yaddaş pozuntusu, görmə zəifliyi yaranır. Əsəbilik, əllərin tərləməsi ilə nevroz əlamətləri biruzə verir”, - həkim deyir.
Eyvazov əlavə edir ki, son zamanlar onurğa əyriliyi ilə məşğul olanların sayı artıb. Həkim işlədiyi klinikada masaj təyin edir, xəstə 200-300 manat ödəyib masaj olunur. Nəticədə isə, heç nə dəyişmir. “Həkim seçərkən ixtisasa, peşəkarlığa diqqət yetirmək lazımdır. Çünki bəzi klinikalarda kalsium tərkibli dərmanlarla onurğa əyriliyini müalicəsini edən həkimlər də var. Müraciət edən xəstələr deyirlər ki, həkim xüsusi korsetlər təyin edib, hətta ondan almasını istəyib, amma korsetlə əyrilik düzəlməyib. Bundan əlavə, valideyn profilaktik olaraq, uşağı ildə 1 dəfə həkim-ortopedə göstərməlidir. Çünki problemin erkən aşkarlanması müalicənin effektliyinə birbaşa təsir edir”.

Eyvazov əlavə edib ki, uşaqlarla analar daha çox təmasda olur. Ona görə də, analar daha diqqətli olmalıdırlar. “Arxadan baxanda kürək sümükləri arasında fərq varsa, uşağın yerişi normal deyilsə və ya qamətin əyərək yeriyirsə mütləq həkimə göstərmək lazımdır. Müəllimlər isə uşaqların parta arxasında oturuşlarına diqqət yetirməlidirlər”.

Ülviyyə

Foto Samirənindir

Virtualaz.org
Azərbaycanda hər 10 uşaqdan birinin əyilən onurğası və müalicənin üsulları
Azərbaycanda hər 10 uşaqdan birinin əyilən onurğası və müalicənin üsulları
Azərbaycanda hər 10 uşaqdan birinin əyilən onurğası və müalicənin üsulları
Azərbaycanda hər 10 uşaqdan birinin əyilən onurğası və müalicənin üsulları
Azərbaycanda hər 10 uşaqdan birinin əyilən onurğası və müalicənin üsulları



0 0



Şərhlər (Facebook)