Azərbaycan İnformasiya Agentliyi (AİA)


Həbsdə olan jurnalistin apellyasiya şikayəti təmin edilmədi


Məhbub Zülfuqarlı: "Korrupsioner məmurlarla barışmaqdansa həbsdə qalmağı üstün sayıram"
Tənqidi fikirlərinə görə şərlənərək həbs olunmuş jurnalist Məhbub Zülfuqarlının Şirvan Apellyasiya məhkəməsində bu gün apellyasiya şikayətinə baxıldı. Şikayət təmin olunmadı. Bütün həyatını müstəqillik uğrunda mübarizəyə həsr etmiş jurnalist 18 oktyabr- Müstəqillik haqqında Konistitusiya Aktının qəbul olunduğu gün absurd qərarla cəzalandırıldı.

O, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin idarə rəisi, məmur- oliqarx Saleh Səmədovun iddiası əsasında Cinayət Məcəĺləsinin 147.1- ci maddəsi ilə həbs olunub. Bu günki məhkəmədə şahid qismində məhkəməyə dəvət olunan İmişli şəhər bələdiyyəsinin sədri Mehman İsmayılov ifadə verdi. O öz ifadəsində bildirdi ki, Məhbub Zülfuqarlının Prezidentə yazdığı məktubda göstərilən bütün faktlar düzgündür, hələ azdır. Bələdiyyə sədri qeyd etdi ki, həqiqətən Saleh Səmədov məmur olmasına baxmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur, rayonu tam özəlləşdirib və onun İmişlidə 20- dən artıq obyektləri var. Bəzi obyektləri bələdiyyə ərazisində olsa da bu günə qədər 1 manat da olsa torpaq vegisi ödəməyib və vergidən yayınıb. Ona məxsus spirt- şirə zavodu ətrafa ağır qoxu verir ki, Məhbub Zülfuqarlının bu barədə yazdıqları reallığı əks etdirir.

Vəkil Azer Resul jurnalistin müraciətində qeyd olunan faktların bəzi dövlət qurumları tərəfindən bu barədə şikayətçilərə göndərdiyi məktubda təsdiq olunduğunu sübutlarla məhkəmənin diqqətinə çatdırsa da Kamil Bəşirovun sədrlik etdiyi məhkəmə heyəti apellyasiya şikayətini təmin etmədi.
Məhkəmədə maraqlı bir məqam oldu. Hakim müşavirəyə getməzdən öncə M. Zülfuqarlıya xüsusi ittihamçı Saleh Səmədovla barışmağı təklif etdi. Həbsdə olan jurnalist "Saleh kimi korrupsioner məmurlarla barışmağı özümə və apardığım mübarizəyə təhqir hesab edirəm və həbsdə qalmağı daha üstün tuturam. Mübarizə isə davam edir" dedi...


0 0



Şərhlər (Facebook)