Azərbaycan İnformasiya Agentliyi (AİA)


RESPUBLİKA AĞCİYƏR XƏSTƏLİKLƏRİ İNSTİTUTUNUN DİREKTORU HƏQİQƏT QƏDİROVAYA AĞIR İTTİHAMLAR: -“BUNA NƏ AD VERMƏK OLAR? QƏTLİAM, SOYQIRIM!”


“İnstitutda müayinəyə gələn hərbi çağırışçılar və sağlam əhali vərəmli xəstələrlə eyni yerdə müayinə olunaraq vərəmə yoluxdurulur”

Respublika Ağ Ciyər Xəstəlikləri İnstitutunda yeni direktor təyinatından sonra narazılıqlar səngimir. Belə ki, institutun kollektivi xəstəxanaya direktor təyin olunan Həqiqət Qədirovanın idarəçilik metodları ilə barışmaq istəmir, onun fəaliyyətinin xəstəxananı uçuruma sürüklədiyini bildirirlər.
Rubrika.Az saytına ünvanlanan müraciətlərində xəstəxana əməkdaşları qeyd edir ki, Həqiqət Qədirova əvvəllər rəhbərlik etdiyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində də yarıtmaz fəaliyyətinə görə kollektivin kütləvi etirazına görə işdən qovulub.
“Həqiqət Qədirova əslində bir diktatordur. Hansı qüvvələrsə onu Ağciyər Xəstəlikləri İnstitutuna rəhbər gətirib. Gəldiyi gündən şərləmə, qarayaxma prinsiplərini əsas götürərək xəstəxananın aparıcı həkimlərini hədəfə alıb. Xəstəlik tarixlərini yoxlamaq adıyla xüsusi komissiya yaradaraq kimi istərsə sifarişlə şərlətdirir.”
Komissiyanın tərkibinə direktorun xüsusi seçdiyi şəxslərin daxil olduğunu bildirən müraciət müəllifləri onların qərəzli münasibətindən şikayətlənirlər.
“ Komissiyaya daxil olanlar kimlərdir- Firidun Məcidov-, 68 yaşı var, sertifikasiyadan keçməyib, həkim işləməyə belə ixtiyarı yoxdur. Anasının erməni qızı olduğu iddia edilir.
Komissiyanın digər üzvü Faiq Ağayev ixtisasca bronxoloqdur, keçmiş direktordur. Özü xəstəlik tarixini həyatı boyu yazmayıb, klinisist deyil,amma tam qanunsuz olaraq xəstəlik tarixlərini araşdırır, həkimləri incidir . Direktorun “sağ əli” hesab olunduğu üçün cərrahiyyə şöbəsinə qanunsuz olaraq elmi rəhbər təyin olunub. Anasının erməni qızı olduğu bildirilir.”
Məlumatlarda bildirilir ki, direktor gəldiyi gündən işçilərin maaşları qanunsuz olaraq 50 faiz azaldılıb, kütləvi narazılıq baş alıb gedir. Amma, direktorun narazılıqları idarə etmək üçün “xüsusi metodlarının” olduğu vurğulanır : “İnstitutda yeni “qoçu” peyda olub. Bu şəxs direktorun şəxsi sürücüsü Vahiddir. Mühafizəçilərin işə qəbulu nəzarəti, qanunsuz olaraq ona həvalə olunub.”
Müraciət müəllifləri bildirir ki, Həqiqət Qədirova çox hörmətli və bütün həkimlərimizin böyük hörmət qoyduğu Səhiyyə nazirimizin tələbə yoldaşıdır (hərçənd ki, Həqiqət Qədirova kimilər etimaddan sui-istifadə edərək bu şərəfli ada ləkə gətirmək istəyirlər). “Onun nəinki cərrahiyyədən, ağciyər və vərəm xəstəliklərindən belə xəbəri yoxdur. Lakin, institutun cərrahi konsiliumuna rəhbərlik edir, əməliyyatlar zamanı faciələrə yol açan qərarlar qəbul edir. Cərrahi konsiliuma digər cavabdeh isə Faiq Ağayevdir, ixtisasca bronxoloqdur. Buna nə ad vermək olar? Qətliam, soyqırım!” deyə institutun kollektivi həyacan təbili çalır.
İnstitutda uzun illər işləyən savadlı kadrların isə işdən getməyə məcbur edildiyi bildirilir.

Ən dəhşətli faktlardan biri də odur ki, direktor Həqiqət Qədirova şikayətçi həkimləri dəvət edib problemi həll etmək əvəzinə şərləmə, şantaj kompaniyasını daha da sərtləşdirib. Belə ki, Həqiqət Qədirovanın otağında əvvəllər “Baku Medical Plaza” Klinikasında Baş həkim müavini işləmiş cinayətkar, dələduz,hal-hazırda ev dustağı olan Feyzulla Apo oğlu Qasımov və oğlu Qasımov Rafael Feyzulla oğlu peyda olub (cinayətkar ata-bala barəsində Bakı Şəhər Baş Polis İdarəsində dələduzluq maddəsi ilə istintaq gedir. Qasımov Feyzulla Səhiyyə nazirliyində yüksək post sahiblərindən birinin adından Cəmil həkimin atasına zəng edərək dələduzluq yolu ilə külli miqdarda pul ələ keçirib, həbs olunub, dəyən ziyanı qismən ödəyib, hal-hazırda isə ev dustağıdır). Direktorun dəvəti ilə gəldiyi güman olunan cinayətkar dustaq guya hansısa faktlar danışıb. Həqiqət Qədirova həkimlərin problemini həll etmək əvəzinə cinayətkarlarla iş birliyindədir. Bu gün elm, şəfa ocağına, direktorun kabinetinə cinayətkar dustaqlar ayaq açmaqdadır. Təcili tədbir alınmazsa, bunun nələrə yol açacağı artıq bəllidir.

“Vərəm cərrahiyyə şöbəsinin elmi rəhbəri, tibb elmləri doktoru Kamal Əliyev də işdən getməyə məcbur edildi, yerinə isə qanunsuz olaraq direktora “vəzirlik” edən bronxoloq Faiq Ağayev təyin edildi. Kamal Əliyevdən sonra institutda vərəm cərrahiyyəsi iflic vəziyyətinə düşüb, əməliyyatlar aparılmır. 50 çarpayılıq şöbədə məcburən 5-10 xəstə yatır. Cərrahi fəsadlar zamanı xəstə yaxınlarını həkimlərin üzərinə qaldırır, onları prokurorluğa, polisə şikayət etməyə çağırır.Kollektivin artıq səbri tükənib.”
Müraciətdə institutun aparıcı cərrahı, elmlər namizədi, aprel döyüşlərinin iştirakçısı, Səhiyyə nazirliyinin cərrahı Cəmil Ələkbərova göstərilən qərəzli münasibətdən xüsusilə bəhs olunur. Bildirilir ki, “ilk öncə “xəttin pisdir” deyərək onun həkimlik fəaliyyətinə qadağa qoydu, daha sonra isə özəl xəstəxanaya gedirsən bəhanəsi ilə işdən qovmaqla hədələdi, iclaslarda təhqir etməyə başladı. Səbəb isə həqiqətən də ağlamalıdır: C. Ələkbərovun özü xəstə olduğu halda xəstələrin təkidli xahişi ilə işə gələrək 2 ağır xəstəyə yardım etməsi, onları ölümdən xilas etməsidir. Bunun əvəzində təşəkkür almaq əvəzinə töhmətləndirildi. H. Qədirova “gəlsin mənə yalvarsın, üzr istəsin, izahat yazsın, bəlkə onu bağışladım” deyərək C. Ələkbərovu təhdid edir. Hətta şöbə müdirini çağıraraq tələb edib ki, Cəmil həkimin 2 gün işə gəlməməsi haqqında təqdimat yazsın.
Cəmil Ələkbərovun həkimlik fəaliyyəti qanunsuz dondurulduğuna görə cərrahi əməliyyatlara müdaxilə edə bilmir. Bu günlərdə isə bu əsl faciəyə yol açacaqdı. Belə ki, şöbə müdiri əməliyyatı işə yeni götürülmüş həkimlə etməyə məcbur edildi, xəstə qanaxma ilə təkrar əməliyyata alınaraq həyatı zorla xilas edildi. Direktorun kini, qəzəbi, nifrəti artıq insan tələfatına yol açmaqdadır.”
İnstitut əməkdaşlarının müxtəlif vasitələrlə işdən uzaqlaşdırıldığını bildirən şikayətçilər bildirir ki, “əvvəl işçiyə töhmət verir, sonra yanına çağırıb hədə-qorxu gələrək bildirir ki, ərizəni yazmasan töhmət verəcəyəm, nazirliyə təqdimat yazacağam. Bu hədələrə tab gətirməyən xeyli həkim işdən getməyə məcbur olub. 15 il institutda reanimatoloq işləyən, 4 uşağa tək baxan ( bir övladı yüksək balla Türkiyədə oxuyur) Ruhiyyə Abdullayevanı da bu yolla institutdan uzaqlaşdırıb. İnstitutda yeganə USM həkimi olan Xatirə Əliyevanı da eyni üsulla-töhmət vermək, şərləmək, hədə-qorxu yolu ilə işdən qovmaqla hədələyir.”
Şikayətçilər Həqiqət Qədirovanın işçiləri müxtəlif üsullarla təhdid etdiyini bildirən müdhiş faktlar açıqlayıblar: “Səbinə Məmmədovaya əvvəlcə şəxsi hesabına şöbəni tam təmir etdirdi, daha sonra isə töhmət verərək işdən uzaqlaşdırdı. Səbinə xanım şöbənin təmirinə 20 min manat vəsait xərcləyib, amma H. Qədirova nazirliyə məlumat verib ki, təmiri özü edib. Labaratoriya əməkdaşları da eyni təhdidlə üz-üzə qalıblar. Belə ki, həkimləri məcbur edib ki, təmir edin, onlar da 20 min manat kredit götürərək təmir ediblər, indi də işdən qovulmaqla hədələnirlər.
Labaratoriyanın işçisi Təranə Həsənova isə direktor tərəfindən bütün kollektivin önündə təhqir olunub. Onun hamilə olduğunu bildiyi halda xalatını çəkərək əynindən çıxartdı.
Stress keçirən əməkdaş hamiləliyinin pozulacağından qorxur, həyacanlanır, ağlayır. Bu barədə T. Həsənova ölkə başçısına, Səhiyyə nazirinə şikayət ərizəsi yazıb.
Rentgen həkimi Arifə artıq 5 töhmət verilib, reanimatoloq Vüqar Səfərova da eyni üsulla təzyiqlər olunur.”
Bu cür vəziyyətə salınan institutun aparıcı cərrahları işdən sonra özəl tibb müəssisələrinə gedərək əməliyyatları orada etməyə, xəstə qəbul etməyə məcbur olurlar. “ Daha dəhşətlisi isə odur ki, Səhiyyə nazirliyindən institutun vakant yerlərinə göndərilən gənc həkimlərin belə mövcud vəziyyət üzündən işləməkdən imtina etmələridir. Savadlı, aparıcı mütəxəssislər qovulur, işdən getməyə məcbur edilir, yerinə isə təcrübəsiz həkimlər belə cəlb edilə bilmir. Rentgenoloqlar Arif Qurbanov və Müşviq Bayramov daha ağır durumda həkim olaraq vəzifə borclarını icra edə bilmirlər, buna səbəb isə bilavasitə direktorun tapşırığına əsasən qərəzli xəstə bölgüsü zamanı həmin həkimlərin kənarda qalmasıdır”.
İnstitutda baş verən daha dəhşətli faktlar isə insanın qanını dondurur :
“İnstitutda müayinəyə gələn hərbi çağırışçılar və sağlam əhali vərəmli xəstələrlə eyni yerdə müayinə olunaraq vərəmə yoluxdurulur. Həkimlərə xəstələri müayinə etmək üçün maneələr yaradılır. Belə ki, vərəmə yoluxmaqdan qorxan 68 yaşlı direktor özü əyləşən korpusa xəstə buraxmır. Buna görə də həmin korpusda işləyən həkimlər digər korpuslara getməyə və yaxud həyətdə ağacların altında xəstə müayinə etməyə məcbur olurlar. “
Müraciət müəllifləri bildirir ki, institutun ərazisinin satıldığı özünün isə ləğv olunacağı barədə söhbətlər dolaşır. Bütün bunlara rəğmən H. Qədirova hər gün institut əməkdaşlarına qarşı daha amansızcasına rəftar edir, onları təhqir və təhdid edir. “Həkimlərə təzyiq edilir ki, mətbuatda yazılanları inkar etsinlər, böhtan olduğunu bildirsinlər. Bunu etməyənlər isə direktorun qəzəbinə düçar olur, incidilir.
“Mətbuatda problemlərimiz işıqlandırılandan sonra 68 yaşlı direktor daha da qərəzli olmağa, həkimləri şərləməyə başladı. 20-25 nəfər kollektivi olan QİÇS mərkəzini idarə edə bilməyib qovulan birisi 300-350 nəfərlik bir kollektivi necə idarə edə bilər?”
Müraciətdən də göründüyü kimi, H. Qədirovanın fəaliyyəti Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyətini tamamilə iflic edib. Direktor heç bir qanunlara məhəl qoymur, özünü həkim kimi yox, hakimi-mütləq kimi apararaq əməkdaşları təhqir və təhdid edir. Bütöv bir kollektivə qarşı belə bir münasibət sərgiləmək hüququnu H. Qədirovaya kim verib? Bu qədər narazılıqların tüğyan etdiyi institutda baş verənlərdən Səhiyyə nazirliyinin xəbəri yoxdurmu?
Rubrika.az-a müraciət edən şikayətçilər institutda baş verən qanunsuzluqları araşdırmaq üçün təcili komissiya yaradılmasını, narazı əməkdaşların şikayətlərinin, H. Qədirovanın əməllərinin araşdırılmasını tələb edirlər. İstinad olunan mənbə bu linkdir:My Webpage

Nicat Mahmudov
Rubrika.Az



0 0



Şərhlər (Facebook)