Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanda turistlərdən gizlədilən “qara siyahı”


Müzəffər Ağakərimov: “Turistlərə düzgün informasiya vermirlər, turist gedəndə pis vəziyyətdə qalır”

Azərbaycan Turizm Assosiasiyası tərəfindən Azərbaycanda turizm sənayesi iştirakçıları üçün "qara siyahı" hazırlanıb. Qurumun açıqlamasına görə, məqsəd Assosiasiya üzvlərini dələduzluqla məşğul olan, xoşagəlməz hallara yol verən turizm sənayesi iştirakçıları barədə məlumatlandırmaqdır. Bu Assosiasiya üzvlərinə imkan verəcək ki, "kiminlə işləyib, kiminlə işləməməyi" müəyyən etsinlər.

"Qara siyahı"da artıq 10 fiziki və hüquqi şəxsin adı salınıb. Maraqlıdır ki, həmin siyahıya adları salınanlar minimum bir il müddətinə orada qaldıqdan sonra siyahıdan çıxmaq üçün müraciət edə bilərlər. Verilən məlumatlara görə, siyahıda hələ ki, iri otellərin və restoranların adı yoxdur.

Azərbaycan Turizm Assosiasiyası tərəfindən tərtib edilən “qara siyahı” ictimaiyyətə açıqlanmır. Ekspertlər hesab edir ki, istənilən sahədə düzgün fəaliyyəti ilə seçilməyən, dələduzluqla məşğul olan qurumların adları cəmiyyətə bəlii edilməlidir. Eləcə də, bu turizm sahəsində həyata keçməlidir ki, turistlər də məlumatlandırılsın. Məsələn, Azərbaycan Mətbuat Şurası tərəfindən hazırlanan “qara siyahı” tam halda ictimaiyyətə təqdim edilir ki, cəmiyyətə də düzgün fəaliyyəti ilə seçilməyən qurumlar bəlli olsun.

Bəs Azərbaycan Turizm Assosiasiyası bu siyahını cəmiyyətə niyə açıqlamır?

Məsələ ilə bağlı Azərbaycan Turizm Assosiasiyasının sədr müşaviri Müzəffər Ağakərimov Cebhe.info saytına açıqlamasında deyib ki, bu “qara siyahı” turizm şirkətləri üçündür:

“Turizm şirkətləri kiminlə əməkdaşlıq edirsə, onların hansı səviyyədə fəaliyyəti nəzərə alınır. Əgər onlar düzgün əməkdaşlıq, azad rəqabət aparmırlarsa, müxtəlif turistləri aldatmaq yoluna keçirsə, bundan əlavə bəzi otellərlə münasibətdə işi düzgün qurmursa, belələri “qara siyahı”ya alınır ki, bu da yalnız turizm şirkətləri arasında olan bir siyahıdır”.

Qurum rəsmisi qeyd edib ki, hələ ki, həmin siyahı üzərində işlər gedir, işlənib hazırlanır:

“Bu siyahı tam hazır olandan sonra turistlərə də məlumat veriləcək. Turizm şirkətləri bununla bağlı bir-birlərinin tədbirlərində iştirak edir və müəyyən məsələlər üzərində işləyirlər. Bu ona görə lazımdır ki, turistlər kiminlə əməkdaşlıq etmək, müqavilə bağlamaq məsələsinə baxsınlar. Həmin şirkətlər ki, adı “qara siyahı”ya düşüb, onlar turistlərlə düzgün münasibət qurmurlar. Turistlərə düzgün informasiya vermirlər, turist gedəndə pis vəziyyətdə qalır. Bu cür vəziyyətləri aradan qaldırmaq üçün o saatda çalışılır. İşlər tam yekunlaşmayıb, amma bitəndən sonra ictimaiyyətə də məlumat veriləcək ki, hansı şirkətlərlə necə işləsinlər”.

Alçina Amilqızı
Cebhe.info


0 0



Şərhlər (Facebook)