Azərbaycan İnformasiya Agentliyi (AİA)


Məhkəməyə gəlməyən vəzifəli şəxslərə sonuncu xəbərdarlıq - "qara mühasibat"lıq kitablarında adları var


Arif Əsgərovun digər baldızı oğlunun da məhkəməsi davam edir. O da dələduzluqda ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər iştirak etməyib. Onların bir neçəsi vəzifəli şəxsdir. Məhkəmə həmin şəxslərə sonuncu dəfə xəbərdarlıq edib. Əgər onlar növbəti prosesdə də iştirak etməsə məhkəmə onlar barəsində məcburi gətirmə qərarı çıxaracaq.

Proses iyunun 11-də davam etdiriləcək.

Bildirək ki, Rahib Hüseynov məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim edib.

Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablara görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib.

Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, "qara mühasibatlıq" işinə də R.Hüseynov nəzarət edib.

Qeyd edək ki, məhkəməyə əlavə şahid kimi çağırılan şəxslər adı kitablarda çəkilənlərdir.

R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə qarşı da dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul alıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il azadlıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib.

Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğullarıdır.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilib. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.

Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgrovun da adı keçir.

İ.Muradov,
Musavat.com


0 0



Şərhlər (Facebook)