Azərbaycan İnformasiya Agentliyi (AİA)


Sayt rəhbərləri müdafiə nazirimiz Zakir Həsənovun çıxışına reaksiya verib


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 20-də keçirdiyi mətbuat konfransında kütləvi informasiya vasitələrinə irad tutub. Nazir bildirib ki, əsgər ölümləri ilə bağlı məlumatları yayarkən həssas olmalıdırlar. “Hər bir əsgər ölümü olanda biz çox ciddi sarsıntı keçiririk”, - bildirən nazir əlavə edib ki, hər dəfə hərbi qulluqçularımızın həlak olması faktı baş verəndə ciddi araşdırma aparılır: “Araşdırmalardan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri döyüş şəraitində həlak olub. Ona görə də mətbuat nümayəndələri hadisə barədə məlumat verməyə tələsməməlidirlər. Gəlin, araşdırmanın nəticəsini gözləyək. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə, tələsməyə yol vermək olmaz”.

Musavat.com Zakir Həsənovun bu iradına qarşı media kapitanlarının fikrini öyrənib.

Musavat.com saytının baş redaktoru Xalid Kazımlı hesab edir ki, müdafiə nazirinin bu sözləri yəqin ki, yeni başlayan media qurumlarına aiddir: “Çünki artıq bir neçə ildir çoxtirajlı qəzetlərin, populyar saytların rəhbərlikləri bu məsələyə elə Müdafiə Nazirliyi qədər həssas yanaşırlar və rəsmi təsdiqlənmə olmadan müvafiq xəbərləri vermirlər. İndi elə bir dövrdür ki, heç bir informasiyanı heç kimdən gizlətmək mümkün deyil. Çünki informasiya yaymaq üçün yarayan cihazlara, qurğulara, məkan və proqramlara hamının əli çatır və bu cür informasiyalar bir mənbədən yayıldıqda sürətlə tirajlanır. O baxımdan rəsmi mediaya hərbi senzura tətbiq etmək də umulan effekti verə bilməz. Çıxış yolu rəsmi informasiyalar yaymağa borclu olan strukturların öz işlərini daha çevik, operativ və obyektiv həyata keçirməsidir”.

“Lent.az” saytının baş redaktoru Qabil Abbasoğlu qeyd edir ki, nazirin bu məsələ ilə bağlı narahatlığını və həssaslığını anlayır: “Birinci növbədə ona görə ki, əsgər bizim əsgərdir, övladlarımızdır, ordu da bizim ordudur. Orada baş verən hər hansı yaxşı hal bizi sevindirir, mənfi hal kədərləndirir, məyus edir. Ona görə də bu məsələlərə heç cür biganə qala bilmərik və vətəndaş diqqəti, qayğısı ilə yanaşmalıyıq. Əlbəttə, KİV-in borcu xəbəri və informasiyanı cəmiyyətə çatdırmaqdır. Media tək əsgər ölümləri ilə bağlı deyil, cəbhənin bütün sahələrinə aid xəbərləri dəqiqləşdirməyə borcludur. Ordu ilə bağlı məsələlərdə cənab nazir haqlıdır. Bəli, həssasiyyət var. Son 3-4 ilin təcrübəsi göstərir ki, bu məsələlərdə media daha diqqətli olmağa başlayıb. Hesab edirəm ki, bu da ümumi işimizin xeyrinədir. Ona görə də həmkarlarımın bu məsələdə diqqətini və həssaslığını qəbul edirəm”.

Axar.az saytının baş redaktoru Anar Niftəliyevin sözlərinə görə, adətən ordumuza aid xəbərləri rəsmi mənbədən verirlər: “Bu, qeyri-səhih informasiyaların yayılmaması və ya informasiya manipulyasiyalarına düşməmək üçün ehtiyat tədbirimizdir”.

“Report” informasiya agentliyinin baş redaktoru Murad Əliyev deyir, cəbhə xəbərlərində şübhəsiz ki, hər bir media işçisi həssas yanaşmalıdır: “Ölən əsgərin ailəsinin, qohum-əqrabasının hisslərinə təsir edəcək xəbərlər edərkən yüz ölçüb, bir biçmək lazımdır. Nəzərə almaq lazımdır ki, hərbi sahə qapalıdır, yəni birbaşa hərbi hissədən məlumat almağa icazə yoxdur, heç bu məlumatı təqdim etmək düzgün də deyil. Bu səbəbdən hansısa şayiə və ya dəqiqləşdirilməmiş məlumatlar əsasında əsgər ölümü barədə xəbər yaymaq doğru deyil. Bu səbəbdən bizə daxil olan istənilən belə xəbər Müdafiə Nazirliyinin mətbuat xidməti ilə dəqiqləşdirilir, yalnız ondan sonra verilir”.


0 0



Şərhlər (Facebook)