Azərbaycan İnformasiya Agentliyi (AİA)


Nazirlik Xəzər dənizinin sahil zolağında iməcilik keçirib


Nazirlik  Xəzər dənizinin sahil zolağında iməcilik keçirib

Dünyada hər il ənənəvi olaraq qeyd olunan “Beynəlxalq dəniz günü” ərəfəsində ölkəmizdə də “Xəzər həftəsi” çərçivəsində müxtəlif kütləvi tədbirlər keçirilir. "azerbaycaninfo.com" bildirir ki, keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini də cəlb etməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi”nin keçirilməsi məqsədi ilə hazırlanmış müvafiq tədbirlər planına əsasən 28 sentyabr 2013-cü il tarixdə ETSN-nin müvafiq qurumlarının əməkdaşları, ali məktəb tələbələri, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət ilə birgə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib. Ümumilikdə 200-ə yaxın insanın iştirak etdiyi iməcilikdə Xəzər dənizinin sahil zolağının 20 hektar ərazisi 15 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Xəzər həftəsi” çərçivəsində sahilzolağı rayonların yerli icra strukturlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırır. Qeyd edək ki, “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilmiş bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

Zeynəb, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)