Azərbaycan İnformasiya Agentliyi (AİA)


İlham Əliyev Aydın Bəşirovu ölümdən qurtarıbmış


 İlham Əliyev Aydın Bəşirovu ölümdən qurtarıbmış
“Prezidentimiz mənə desə ki, gəl “oxrana” işlə, gələrəm”.Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sabiq rəisi Aydın Bəşirov publika.az-a müsahibə verib. Virtualaz.org-un məlumatına görə, sabiq rəis bildirib ki, hazırda nəvələri ilə bir yerdə istirahət edir: “Xaricdə idik, yeni gəlmişik. Elə ulu öndər Heydər Əliyevin ad günündə iştirak etmək üçün istirahətdən tez qayıtmışıq”.A.Bəşirov fürsətdən istifadə edərək, sağlıq durumundan razı olduğunu bildirib: “Şükürlər olsun ki, tam sağlamam. Allah Prezidentimin canını sağ etsin. Səhhətimin yaxşı olmasına görə ona borcluyam”.Heydər Əliyevin məzarını ayın 8-də ziyarət etdiyini bildirən sabiq rəis dünyada o cür adamın bir də olmayacağını bildirib: “Mən özüm də ulu öndərin kadrı olmuşam və bununla fəxr edirəm. Mən onu Azərbaycana gəlməmişdən əvvəl tanımışam. Kaş ki, Allah ona möhlət verəydi, heç olmasa 6-7 il də ömür yaşayaydı. Heç olmasa xalqın içərisində gəzəydi. O, Azərbaycan xalqı üçün qürur, şərəf idi. O, çox gözəl insan idi. Mən onun barəsində danışanda çox kövrəlirəm. Onun kimi insan daha dünyaya gəlməz. Ulu öndər Azərbaycan üçün canını qurban verməyə hazır olub. Təkcə gəmiçilik sahəsində mən şahidi olmuşam ki, hələ SSRİ dövründə ulu öndər uzaqgörən siyasət yürüdərək Azərbaycan üçün necə böyük işlər görüb. Ulu öndərdən ikincisi dünyaya gəlməyəcək. Allah ona rəhmət etsin. O, öz xalqı üçün yanan adam olub. Vaxtilə ulu öndər məni “Şöhrət” ordeni ilə təltif etmişdi. Daha sonra isə cənab prezidentimiz İlham Əliyev məni ölümdən xilas etdi. Gecə ikən məni təyyarə ilə Almaniyaya müalicəyə göndərdi. Əgər o vaxt mən səhərə qalsaydım, indi həyatda yox idim. Həyatımı xilas etdi, üstəlik də köməkçisi mütəmadi olaraq səhhətimlə maraqlanırdı. Bu qədər yaxşılıqları yaddan çıxartmaq olar? Bu gün mən cənab prezidentin sayəsində yaşayıram. Allah onun canını sağ etsin. Mən bunu hər zaman deyəcəm ki, prezident İlham Əliyev məni həyata qaytardı. Mənim özümü çox xoşbəxt hesab edirəm. Çünki bizim bu cür prezidentimiz var. Allah onun həm özünün, həm də balalarının canını sağ etsin. Prezidentimizin özü kimi, onun balası Heydər Əliyev də çox ağıllı və sadə insandır. O, başqalarına nümunə olacaq bir oğuldur”. A.Bəşirov paytaxtdan da xüsusi heyranlıqla danışıb: “Bakımız inkişaf edir, gözəlləşir. Adam şəhərə baxanda qürur duyur. Mən hər zaman bunu deyirəm ki, Bakıda göz muncuğu asmaq lazımdır. Yoxsa göz dəyər. Bütün bu inkişafın kimin sayəsində mümkün olub? Yalnız və yalnız cənab prezidentimizin sayəsində”.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə arasının yaxşı olduğundan danışan sabiq rəis bildirib ki, yeni qurum yaradılandan sonra onlarla tam qurtarıb, hər şeyi də təhvil verib: “Təhvil-təslim zamanı da heç bir problem olmadı. Yeni kollektivə də uğurlar arzu etmişəm. Əminəm ki, Azərbaycanda gəmiçilik daha da inkişaf edəcək, mövcud olan problemlər də aradan qalxacaq və hər şey düzələcək”. A.Bəşirov KİV-də sabiq müavini, oğlu maşınla adam vurandan sonra işdən çıxarılan Mübariz Mədətov haqqında da danışıb: “Allahın işidir, olub. Mən heç kimə pislik arzu etmirəm. Onu da qınamaq olmaz. Mübariz də vaxtilə mənim işçim olub. Ona vaxtilə kömək etmişəm. O, pis insan olmayıb. Nə etsin? Nə biləydi ki, övladı onu üzüqara edəcək? Allahın işidir, oldu. İnsanın başına hər şey gələ bilər. Mən bunu heç kəsə arzu etmirəm. Mübariz Mədətov mənim düşmənim deyil. Mənim bir düşmənim var, o da ermənidir. Arzu edirəm ki, tezliklə qələbə qazanaq və ermənilər torpaqlarımızdan çıxsınlar”. A.Bəşirov indi vəzifədə olan bir çox məmurların onunla yenə hal-əhval tutduqlarını etiraf edib. Onların xeyir-şər mərasimlərində iştirak etdiyini də deyən sabiq rəis bir daha qeyd edib ki, hələlik istirahət edir. Amma sabah cənab prezident onu hər hansı yerdə işə çağırsa, hər an gəlməyə canla-başla hazırdır: “Prezidentimiz mənə desə ki, gəl “oxrana” işlə, gələrəm. Qurana and olsun ki, bunu edərəm. Prezidentimiz nə desə, onu canla-başla yerinə yetirməyə hazıram. Çünki məni həyata o qaytarıb. Prezidentimizi çox istəyirəm. Nəvələrim də onu çox istəyir. Evdə prezidentimizin və Ulu Öndərin şəkilləri asılıb”.


0 0



Şərhlər (Facebook)