Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Elə bir canlı yoxdur ki, onun ruzisini hər gün mən yetirməyim”


Mənzər Ağayeva
“Elə bir canlı yoxdur ki, onun ruzisini hər gün mən yetirməyim”
Müqəddəs aylardan biri olan Ramazan ayında oruc tutmağın vacibliyi haqqında Qurani-Kərimdə bir çox ayələr buyurulmuşdur. Ramazan-əridən ayı bizim bədənimizin günahlardan təmizlənməsi, nəfsi və cismani aclıq zamanı günahlarımızın da əriməsi deməkdir.Əlbəttə Ramazan ayı haqqında bir çox mövzular yazılıb, mövcud olsa da, mən bu ayda tutulan orucun ruhumuza təsirindən, mahiyyət və hikmətindən danışmaq istəyirəm. Allah Quranda buyurur ki: “Elə bir canlı yoxdur ki, onun ruzisini hər gün mən yetirməyim”.Ancaq biz insanlar yenə də dua edirik ki, Allah-taala heç vaxt bizi açlıq və yoxsulluqla imtahan etməsin. Həqiqətən də insan nə qədər güclü,qürurlu və möhtəşəm görünməyə çalışsa da, əslində onun qədər acız və zəif məxluq yoxdur. Bizlər soyuq və istiyə, aclıq və susuzluğa, ağrı və xəstəliyə, bir az narahatlıq və çətinliyə və hətta insanların bizə olan münasibətlərinə qarşı belə çox dözümsüz və səbirsizik. Bizim bu hallarımız Allaha bəllidir və yəqin ki, elə bu İmtahan dünyasına gəlişimizində səbəb,məramı budur.
Adil Allah biz insanlara günahlarımızın bağışlanması üçün çox fürsətlər verir. Bu fürsətlərdən biri də Ramazan ayında tutulan orucdur. Bu gün , bəlkə də çətinliklə də olsa oruc tutmağa çalışırıqsa,(əlbəttə burada söhbət həm cismani , həm də ki, nəfsani orucdan gedir) xoş halımıza. Bu dünyada aclığın, susuzluğun nə olduğunu öz cismimizlə yaşayıb, nəfsimizlə hiss ediriksə,bu duyğuları həqiqətən də yaşaya biliriksə, bunda da Allahın hikmətləri çoxdur.Əgər müəyyən səbəblərdən (xəstəlik və sair) cismani oruc tuta bilməyənlər, bu ayda ruhani və nəfsani oruclarını tutmağa çalışmalıdırlar.Yəni özü oruc tuta bilməyənlər pul və mallarından fitrə verməli və nəfslərini günahlardan qorumağa çalışmalıdırlar.Allahın hər bir əmrində bizlər üçün xeyir və bərəkət vardır.Allah buyurur ki, “Mən sizin niyyət və əməllərinizə görə sizin talelərinizi dəyişdirməyə qadirəm.Buna nə ins, nə də cins qadir deyildir.”Əlbəttə ibadət, itaət, niyyət və əməllə bu aydan iki dünyamız üçün də bəhrələnməyə çalışaq.
Qurani-Kərimdə Cənnət və Cəhənnəm həyatını təsvir edən çoxlu ayələr və surələr vardır.Orada Cənnətin ləzzətli yemək və içməklərindən , Cəhənnəmin də boğazı yandıracaq içməklərindən və bədəni əridəcək yeməklərindən bəhs edilir.Hətta o yeməklərin bizdə yaradacağı hiss və duyğular da təsvir edilir. Cənnətdə alacağımız zövq və ləzzətlərdən və Cəhənnəmdə isə acı və ağridici əziyyətlərdən açıq şəkildə məlumatlar verilir.
Onda aydın olur ki,bu dünyada bizdə aclıq hiss-duyğusunu yaradan bizim bədənimizdə yerləşən, bədənimizi və orqanları hərəkətə gətirən, ruhumuzdur. Əbədi dünyada da əql və şüura sahib olan ruhlarımız, duyğu və hisslərə malik olan bədənimizlə birlikdə olacaq və bu hiss və duyğuları biz daima yaşayacağıq.
Allah-taala o qədər Adildir ki, bizə bu dünyada Ramazan ayı kimi günahlar əridən ayı hədiyyə vermişdir.Onda gəlin düşünək: bu gün oruc tutduğumuz zaman yaşadığımız o aclıq hissinə dözməyə çalışaraq, axşam yeyəcəyimiz nemətlər haqqında düşünməklə özümüzə təsəlli veririksə, ondan Əbədi dünyada vəziyyətimiz necə olacaq???
Qeyd etdiyim kimi, axı ruhlarımız yaşayıb, yaşayır və əbədi yaşayacaqdır?!
Azerbaycaninfo.com


0 0



Şərhlər (Facebook)