Azərbaycan İnformasiya Agentliyi (AİA)


2013 nəfər məzun və tələbə münasib işlə təmin olunub


2013 nəfər məzun və tələbə münasib işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə «Karyerada ilk addım» devizi altında növbəti tədbir Sumqayıt Dövlət Universitetində keçirilib. Tədbirdə 6-ı dövlət, 25-i özəl sektor olmaqla ümumilikdə 31 müəssisə tərəfindən 216 boş (vakant) iş yeri təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov və universitetin rəhbərliyi tədbirin açılışında iştirak edərək, tədbirin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri, onların tələbə və məzunların aldıqları ixtisaslar və gələcək karyeraları baxımından münasib olması və sair ilə tanış olub, tədbirdə iştirak edən işəgötürənlərin, həmçinin tələbə və məzunların tədbir barədə fikir və rəylərini öyrəniblər.
KİV-ə müsahibəsində nazir müavini Natiq Məmmədov son illərdə «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirlərinin artıq ənənə halını aldığını və bu tədbirlərin müsbət nəticələr verdiyini, hər il yalnız belə tədbirlər nəticəsində 600-700 gəncin münasib iş yerləri ilə təmin olunduğunu qeyd edib. Nazir müavini bildirib ki, gənclərin malik olduqları qabiliyyət və bacarıqlarını cəmiyyətə təqdim edə bilməsi onların gələcək karyerasının inkişafı üçün vacib şərtlərdən biridir. Belə tədbirlərdə bunun üçün, yəni tələbələrlə, xüsusən universiteti bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin qurulması üçün lazımi şərait yaradılır və onlarda öz bacarıq səviyyələrini işəgötürənlərə təqdim etmək və onlarla ünsiyyət qurmaq sahəsində müəyyən təcrübə yaranır. Sumqayıt Dövlət Universitetində keçirilən tədbirin gedişində işaxtaranların sosial adaptasiyası üçün məsləhət otağı fəaliyyət göstərib. Məsləhət otağının köməyi ilə tələbə və məzunlara iş axtarmağın metodologiyası aşılanıb, onlara işaxtarma şəbəkəsini müəyyənləşdirmək, özünü təqdimat, müsahibəyə hazırlaşmaq, xülasə hazırlamaq və sair barədə məsləhətlər, mövcud əmək bazarı haqqında məlumatlar verilib. Eyni zamanda, tədbirdə Dövlət Məşğulluq Xidmətinin məlumat bazasında mövcud olan boş iş yerləri də işaxtaranların seçiminə təqdim edilib. Tədbirdə işsiz və işaxtaranların müvəqqəti xarakterli işlərlə təmin olunması məqsədilə Əmək Birjası da fəaliyyət göstərib. Məlumat üçün bildirək ki, 2007-2013-cü illər ərzində respublikanın Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrində «Karyerada ilk addım» devizi altında keçirilən tədbirlərdə 2188 müəssisə 14936 boş (vakant) iş yeri ilə iştirak edib və nəticədə 2013 nəfər məzun və tələbə münasib işlə təmin olunub.

Ülvi, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)