Azərbaycan İnformasiya Agentliyi (AİA)


Hərbi vətənpərvərliklə bağlı yeni layıhə icra olunacaq


Hərbi vətənpərvərliklə bağlı yeni layıhə icra olunacaq


Hərbi vətənpərvərliklə bağlı yeni layıhə icra olunacaq


Hərbi vətənpərvərliklə bağlı yeni layıhə icra olunacaq


Hərbi vətənpərvərliklə bağlı yeni layıhə icra olunacaq

Bu gün Zərdabi Mətbuat Mərkəzinin, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC və “Atilla” jurnalının “Hərbi Vətənpərvərlik tərbiyəsindən qəhrəmanlıq zirvəsinədək” mövzusunda birgə layihəsinin təqdimatı olub. Azərbaycan Mətbuat Şurasında düzənlənən tədbirdə hər üç qurumun təmsilçiləri ilə yanaşı MŞ İdarə Heyətinin üzvləri. Milli Məclisin deputatları, ölkədə müntəzəm yayımlanan kütləvi informasiya vasitələrinin rəhbərləri, Qarabağ müharibəsi iştirakçıları, şair, yazıçı və publisistlər iştirak ediblər. Zərdabi Mətbuat Mərkəzinin sədri R.Hüseynzadə layihənin gündəmə gəlmə zərurətindən söhbət açıb. O, hərbi vətənpərvərlik tərbiyəsinin qəhrəmanlıq, şöhrət və unudulmazlıq zirvəsinə aparan yolun bələdçisi kimi aparıcı rolundan danışıb. Yaxın keçmişin müstəqillik uğrunda mücadilə və Qarabağ naminə döyüşlərinin bu konteksdə salnaməmizin yeni parlaq səhifələrini təşkil etdiyini, kütləvi informasiya vasitlərimizdə həmin proseslərin yaxından izləndiyini, müxtəlif janrlarda yazılar təqdim olunduğunu deyib: “Lakin Zərdabi Mətbuat Mərkəzinin apardığı monitorinqlər bu işin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması zərurətini müəyyənləşdirib. Nəzərə alsaq ki, hazırda torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır, təcavüzkarın iddiaları bununla məhdudlaşmır, atəşkəs hər gün düşmən tərəfindən pozulur, Qarabağın yadelli tapdağından azad olunması kimi tarixi missiya indiki nəsillərin öhdəsindədir, deməli bütün qurumlarla yanaşı medianın da həmin istiqamətdəki fəaliyyətində fasilənin,sistemsizliyin mövcudluğu yolverilməzdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları Bakıda jurnalistlər üçün tikilən binanın istifadəyə verilməsi mərasimində jurnalistlərə və KİV-lərə vətənpərvərlik, xüsusilə hərbi vətənpərvərliklə bağlı mövzuları daha fəal işıqlandırmağı tövsiyə edib”.
R.Hüseynzadə adıçəkilən qurumlarla əməkdaşlığın bu zərurətdən irəli gəldiyini vurğulayaraq layihənin “Vətən” MMC-nin sədri, Qarabağ döyüşlərinin qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov tərəfindən maliyələşdirildiyini nəzərə çatdırıb. Mərasimin qəhrəmanın ad gününə təsadüf etdiyini və bir ili əhatə edəcəyini söyləyən təşkilatın sədri döyüşçünün Qarabağ uğrunda savaşlarda göstərdiyi qəhrəmanlığa və gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə görə Zərdabi Mətbuat Mərkəzinin diplomuna və xüsusi hədiyyəyə layiq görüldüyünü nəzərə çatdırıb. Mükafatlar sahibinə təqdim olunub.
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-nin sədri Şahvələd Əliyev əvvəlcə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə müfəssəl məlumat verib. Bu kimi işlərin görülməsində kütləvi informasiya vasitələrinin köməyinə, mətbu sözün dəstəyinə ciddi ehtiyac duyulduğunu söyləyib. Layihə çərçivəsində aparılacaq monitorinqlərin, Bakıda və bölgələrdə baş tutacaq “dəyirmi masa”ların, görüşlərin, xüsusilə “Canlı qəhrəmanlar aramızdadır” adlı tədbirlərin buna xidmət edəcəyini bildirib.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Cavanşir Feyziyev çıxışında hərbi vətənpərvərlik mövzusunun daim gündəmdə saxlanılması əhəmiyyətinin təhlilini verib: “Bu məqsədə sövq edən hər bir təşəbbüs təqdirə layiqdir. Çünki ölkəmizin geosiyasi durumu çox mürəkkəbdir. Doğrudur, jurnalikamız zəngin bazaya malikdir. Bəs jurnalistlərimizin hamısı həqiqətənmi hazırlıqlıdır? Mediamız hərbi vətənpərvərlik mövzusunu elə geniş işıqlandırmalıdır ki, yaxıların seçimi üçün geniş imkana malik olaq”.
Milli Məclisin deputatı Etibar Hüseynov tədbirin günümüz üçün çox lazımlı və aktual olduğunu bildirib: “İndi dövlətimiz çox güclüdür. Lakin qəhrəmanlıq elə bir anlamdır ki, onu pulla almaq, ölkəyə gətirmək mümkün deyil. Təbliğatını əvvəlki formatdan çıxarıb, yeni dəyərlərlə zənginləşdirməliyik. Milli matəm günlərini tədbirlərlə, yarışlarla qəhrəmanlıq günlərinə çevirməliyik”.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas layihəni yüksək dəyərləndirərək ona əlavələri olacağını deyib. O, təəssüf hissi ilə bildirib ki, bir çox KİV-lərimiz hərbi vətənpərvərlik və qəhrəmanlıq mövzularının işıqlandırılmasından yayınır. Bu işin əsasən 5-6 mətbu orqan üzərinə düşdüyünü söyləyərək layihənin belə laqeydliyin aradan qaldırılmasına təsirsiz qalmayacağını vurğulayıb.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli layihənin hərbi vətənpərvərlik sahəsində müxtəlif qurumların və ayrı-ayrı təşəbbüskar şəxslərin gördükləri işlərin əlaqələndirilməsi üçün koordinatorluq missiyasını öz üzərinə götürə biləcəyinə əminliyini söyləyib.
“Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadə Azərbaycanın ilk ali təhsilli hərbi jurnalisti olmasını dilə gətirib. Bu konteksdə xatirələrini danışıb.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədov hərbi vətənpərvərlik mövzusunda tədbirlərin bayramdan-bayrama gündəmə gətirilməsini yolverilməz hal sayıb: “Bu bizim ana mövzumuz olmalıdır”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də dövrü mətbuatda hərbi vətənpərvərlik, qəhrəmanlıq mövzularının işıqlandırılması sahəsindəki problemlərdən söhbət açıb: “Layihədə yer alan xüsusi məqamlardan biri də mətbu yazılarda janr müxtəlifliyi ilə bağlıdır. Əgər konkret qəhrəmanlar barədə publisistik məqalələrə, oçerklərə, reportajlara mütəmadi rast gələcəyiksə, bu layihənin uğuru olacaq”.
“Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlunun, yazıçı-publisist Mirkazım Seyidovun, İbad Hüseynovun komandiri olmuş ehtiyatda olan polkovnik Məmməd Qədirovun çıxışlarında Vətəni sevdirmək üçün həqiqətən yeni mexanizm qurmaq zərurətindən söhbət açılıb. Təklif olunub ki, Qarabağ uğunda döyüşmüş diaspor nümayəndələri də axtarılıb tapılsın, cəmiyyətə tanıdılsın.
“Əsgər ocağı” qəzetinin baş redaktoru Zəminə Xınalı 21 il əsgəri xidmətdə olmasının səbəbini həyat yoldaşının Qarabağ döyüşlərində şəhidliyi ilə əlaqələndirib. Övladlarının da ata yolunun davamçısı olduğundan məmnunluq duyduğunu vurğulayıb və çıxışını şeiri ilə bitirib.
Sonda İbad Hüseynov çıxış edərək layihənin dəstəkləməsindən məmnunluq duyduğunu dilə gətirib, tədbirin təşkilatçılarına, iştirakçılarına təşəkkürlərini çatdırıb.

Aysu, "azerbaycaninfo.com"



0 0



Şərhlər (Facebook)