Azərbaycan İnformasiya Agentliyi (AİA)


Dövlət Neft Fondu 26 min 442,5 kiloqram qızıl alıb


Dövlət Neft Fondu 26 min 442,5 kiloqram qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2013-cü ilin yanvar–sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 10 086,0 milyon manat, büdcə xərcləri isə 8 746,7 milyon manat təşkil edib. 2013-cü ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 774,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 766,8 milyon, akrhesabı ödənişlər 1,7 milyon, tranzit gəlirləri 6 milyon, bonus ödənişləri 0,3 milyon, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən isə 0,06 milyon manat təşkil edib. Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 311,2 milyon manata bərabər olub. Hesabat dövrü ərzində Neft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində 8339,9 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 249,3 milyon, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 106,4 milyon manat vəsait ayrılıb. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 10,9 milyon manat vəsait ayrılıb. 12,4 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2013-cü ilin 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 27,8 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 38,7 milyon manat təşkil edib. 2013-cü il oktyabrın 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34129,4 milyon ABŞ dolları) nisbətən 4,9 faiz artaraq 35809,2 milyon ABŞ dollarına bərabər olub. 2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 oktyabr 2013-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 26 min 442,5 kiloqram (850 min 146 troya unsiyası) təşkil edib.

Zeynəb, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)