Azərbaycan İnformasiya Agentliyi (AİA)


Təbriz Vəfalı: "Həyat üçün doğulmuşam, Vətən üçün ölməliyəm"


Təbriz Vəfalı: "Həyat üçün doğulmuşam, Vətən üçün ölməliyəm"

Təbriz VƏFALI, «azerbaycaninfo.com»

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
(Məmməd Araz)


Odlar yurdu Azərbaycanım… Mənim Ana Vətənim… Sən mənə o qədər əziz, o qədər doğmasan ki… Lap doğma anam kimi… Çünki mən sənin isti qucağında doğulmuşam, boy atmışam, böyümüşəm. Qayğılı-qayğısız uşaqlıq illərimi, yeniyetməlik dövrümü doğma ata-baba yurdumda, sənin ən səfalı və dilbər guşələrində keçirtmişəm. Sevinc dolu, kədər dolu dəqiqələrim, anlarım, xatirələrim yaşanıb səndə. Orta məktəbi də, ali təhsilimi də mənə hər şeydən əziz, doğma olan Ana dilimdə - Azərbaycan dilində başa vurmuşam bu yerdə, bu məkanda…
Sənin qarşında xidməti borcumu vermək məqamı çatanda həddindən artıq sevinirdim, qürur hissi keçirirdim. Çünki həmişə fəxr elədiyim müstəqil dövlətimin Milli Ordusunda, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi qulluq edəcəkdim. Hərbi libasımı geyinib leytenant rütbəsini taxanda fərəhdən gözlərim yaşarmışdı. O qədər fərəh hissi keçirirdim, o qədər sevinirdim ki, sanki dünyada məndən xoşbəxt insan yox idi. Yeni bir həyata qədəm qoyduğumu yaxşı başa düşürdüm. Onu da dərk edirdim ki, çox məsuliyyətli və çətin bir işin öhdəsindən layiqincə gəlməliyəm. Milli Ordumuzun quruculuğunda rabitənin xüsusi yeri olduğunu yaxşı anladığım üçün rəisi olduğum stansiyanı mükəmməl öyrənməyə və öyrəndiklərimi tətbiq etməyə başlamışdım. Eyni zamanda bildiklərimi zabit yoldaşlarımdan və əsgərlərimdən əsirgəmirdim. Həmişə çalışırdım ki, şəxsi heyətimə hərbi biliklə yanaşı, vətənpərvərlik, insanpərvərlik hissləri də aşılayım. Şəxsi heyətimə mənfur düşmənlərimiz olan qəddar və amansız ermənilərə sosuz nifrət oyadım və əsgərlərim hər an, hər dəqiqə erməni dığalarının tapdaqları altında torpaqlarımızı yağılardan, azğın düşmənlərimizdən azad etməyə hazır olsunlar. Otuz yeddi illik ömrümün hərbi qulluqda keçirtdiyim iki il altı aya yaxın bir müddətində həmişə yüksək nəticələr əldə etməyə çalışdım…
… «Əsgərlik kişilik məktəbidir» deyənlər yanılmayıblar. Çünki bu məktəb bizlərə həyatda üzləşə biləcəyimiz hər bir çətinliyə dözməyi və əzab-əziyyətə tab gətirməyi öyrədir. Mən də hərbi xidmətim müddətində çox çətinliklər gördüm, çox əzab-əziyyətlər çəkdim. Lakin üzləşdiyim bütün çətinliklərə mərdliklə sinə gərdim, bütün əzab-əziyyətlərə mərdilklə dözdüm, layiqli xidmətim üçün hər zəhmətə qatlaşdım. Çünki mən xidməti borcumu layiqincə yerinə yetirməklə Vətənimə layiqli övlad olduğumu təsdiq etməli idim. Axı, bu, mənim vətəndaşlıq borcum idi. Mən həmişə düşündüm ki, hər bir layiqli övlad Vətənin onun üçün nə etdiyini deyil, onun Vətən üçün nə etdiyini söyləməlidir…

Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik.


Şəhid Ülvi Bünyadzadənin dediyi kimi, milyonlarla vətəndaşın kimi mən də həyat üçün doğulmuşam, ancaq sənin üçün ölməliyəm. Mən sənin müstəqilliyinin əbədiliyi və dönməzliyi, eləcə də ərazi bütövlüyün uğrunda hər şeyimdən keçməyə, hətta şirin canımı da qurban verməyə, fəda etməyə və şəhid olmağa hazıram. Neçə-neçə muradım gözümdə, neçə-neçə arzum ürəyimdə qalsa da olar, təki sən yaşayasan, təki sənin üçrəngli bayrağın daima yaşasın və açıq səmanda dalğalansın, Ana Vətən. Çünki bu, sənin haqqındır, doğma Azərbaycanım…


0 0



Şərhlər (Facebook)