Azərbaycan İnformasiya Agentliyi (AİA)


İslam düşüncə azadlığını və xoşgörüşü müdafiə edir


İslam düşüncə azadlığını və xoşgörüşü müdafiə edir

Nəzakət Bədirova

Allah insanlara pislik etməkdən çəkinmələrini əmr etmiş; küfrü, üsyanı, zülmü, zorakılığı, öldürməyi, qan tökməyi qadağan etmişdir. Allahın bu əmrinə tabe olmayanlar ayənin ifadəsiylə "şeytanın addımlarını izləyənlər" olaraq xarakterizə edilmiş və açıqca Allahın haram etdiyi bir mövqedə olmuşlar. Quranda bu mövzudakı bir çox ayədən bəziləri belədir:
Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır. (Rəd surəsi, 25)
Göründüyü kimi, Allah İslam dinində, terror, şiddət kimi hər cür mənfi hərəkətləri qadağan etmiş və bu cür bir hərəkət içində olanları lənətləmişdir. Müsəlman dünyanı gözəlləşdirən, abadlaşdıran insandır.

İslam düşüncə azadlığını və xoşgörüşü müdafiə edir

İnsanların fikir, düşüncə və həyat azadlığını təmin edən və zəmanət altına alan bir din olan İslam insanlar arasında gərginliyə, anlaşılmazlığa, bir-birlərinin haqqında mənfi danışmağa və hətta mənfi düşüncəyə (zənn) belə mane olan və qadağan edən əmrlər gətirmişdir.Nəinki terror və müxtəlif şiddət hərəkəti, İslam, insanlara fikri olaraq belə ən kiçik bir təzyiq göstərilməsini qadağan etmişdir:
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)

Sən onların üstündə hökmdar deyilsən. (Ğaşiyə surəsi, 22)

İnsanların bir dinə inanmağa və ya o dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi İslamın özünə və ruhuna ziddir. Çünki İslam inancı azad iradə və vicdana əsaslanır. Əlbəttə müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar edə bilər, təşviq edə bilərlər. Amma əsla bu mövzuda bir məcburiyyət olmaz. Ya da dünyəvi bir imtiyaz tanınaraq, insan dini tətbiqə yönləndirilməz.Bunun əksinə bir cəmiyyət modeli fərz edək. Məsələn insanların ibadət etməyə məcbur edildiklərini fərz edək. Belə bir cəmiyyət modeli İslama tamamilə zidddir. Çünki inanc və ibadət, yalnız Allaha istiqamətlənmiş olduqda bir dəyər qazanır. Əgər bir sistem insanları inanca və ibadətə məcbur etsə, bu vəziyyətdə insanlar o sistemdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə vicdanların tamamilə sərbəst buraxıldığı bir mühitdə Allah razılığı üçün dinin yaşanmasıdır.

Allah günahsız insanların öldürülməsini haram etmişdir

Bir insanı günahsız yerə öldürmək Qurana görə ən böyük günahlardan biridir:
Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölüm-dən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar. (Maidə surəsi, 32) Yuxarıdakı ayələrdə göründüyü kimi, günahsız insanları haqsız yerə öldürən şəxslər böyük bir əzabla hədələlənmişlər. Allah tək bir insanı öldürməyin bütün insanları öldürmək qədər ağır bir günah olduğunu xəbər vermişdir. Allahın sərhədlərini qoruyan bir insanın nəinki minlərlə günahsız insanı qətl etmək, tək bir insana belə zərər vermə ehtimalı yoxdur. Dünyada ədalətdən qaçaraq cəzadan xilas olacağını zənn edənlər, öldükdən sonra, axirətdə Allahın hüzurunda verəcəkləri hesabdan əsla qaça bilməyəcəklər. Məhz bu səbəblə ölümlərinin ardınca Allaha hesab verəcəklərini bilən möminlər Allahın sərhədlərini qorumaqda böyük bir həssaslıq göstərirlər.

Allah, möminlərə şəfqətli və mərhəmətli olmalarını əmr edir

Quranda təsvir edilən İslam çox müasir, işıqlı, qabaqcıl bir quruluşa malikdir. Əsl müsəlman hər şeydən əvvəl sülhsevər, xoşgörüşlü, demokrat ruhlu, mədəni, dürüst, sənətdən və elmdən anlayan, mədəni bir şəxsiyyətə sahibdir.
Quranın gətirdiyi gözəl əxlaqla yetişən bir müsəlman hər kəsə İslamın nəzərdə tutduğu sevgiylə yaxınlaşar; hər cür fikirə qarşı hörmətlidir; estetikaya və sənətə dəyər verər, hadisələr qarşısında hər zaman barışdırıcı, gərginliyi azaldan, mülayim davranışlar sərgiləyər. Belə insanların qurduqları cəmiyyətlərdə isə bu gün ən müasir dövlətlər arasında göstərilən ölkələrdən daha inkişaf etmiş bir mədəniyyət, yüksək bir ictimai əxlaq, sevinc, dinclik, ədalət, təhlükəsizlik, bolluq və bərəkət hakim olacaq.

Allah xoşgörüş və bağışlayıcılığı əmr etmişdir

Quran-i Kərimin Əraf surəsinin 199-cu ayəsindəki "Sən əhv yolunu mənimsə" sözləriylə ifadə edilən "bağışlayıcılıq və xoşgörüş" anlayışı İslam dininin təməl qaidələrindən birini meydana gətirir.İslam tarixinə baxdıqda, müsəlmanların Quran əxlaqının bu əhəmiyyətli xüsusiyyətini ictimai həyata necə tətbiq etdikləri çox açıq bir şəkildə görünər. Müsəlmanlar getdikləri hər yerdə, yanlış tətbiqləri aradan qaldıraraq azad və xoşgörüşlü bir mühit meydana gətirmişdir. Din, dil və mədəniyyət baxımından bir-birinə daban-daban zidd olan xalqların eyni dam altında sülh və təhlükəsizlik şəraitində yaşamalarını təmin etmiş, özünə tabe olanlara da böyük bir elm, zənginlik və üstünlük qazandırmışdır. Necə ki, böyük bir coğrafiyaya yayılmış olan Osmanlı İmperatorluğunun varlığını əsrlərlə davam etdirə bilməsindəki əsas səbəblərdən biri İslamın gətirdiyi xoşgörüş və anlayış mühitinin yaşanması olmuşdur Əsrlərdir ki, xoşgörüş və şəfqətləri ilə tanınmış olan müsəlmanlar hər zaman dövrlərinin ən mərhəmətli və ən ədalətli insanları olmuşlar. Bu çox millətli quruluş içərisindəki bütün etnik qruplar illərlə mənsub olduqları dinləri azad yaşamışlar, dinlərini və mədəniyyətlərini yaşaya biləcəkləri bütün imkanlara da sahib olmuşlar.Əsl mənada müsəlmanlara məxsus olan xoşgörüş, ancaq Quranın əmr etdiyi istiqamətdə tətbiq olunduqda bütün dünyaya sülh və əminamanlıq gətirər. Necə ki, Quranda "Yaxşılıqla pislik bərabər olmaz. Sən, ən gözəl bir tərzdə(pisliyi) uzaqlaşdır; o zaman, (görərsən ki) səninlə onun arasında düşmənlik olan kimsə sanki yaxın bir dost (un) olmuşdur." (Fussilət surəsi, 34) ayəsi ilə bu xüsusiyyətə diqqət çəkilmişdir.Bütün bunlar İslamın insanlara nəsihət etdiyi əxlaq xüsusiyyətlərinin, dünyaya sülh, dinclik və ədalət gətirəcək meyarlar olduğunu göstərir. Hal-hazırda dünya gündəmində olan və adına "İslami terror" deyilən barbarlıq isə Quran əxlaqından tamamilə uzaq, cahil insanların, dinlə əslində heç bir əlaqəsi olmayan cinayətkarların əsəridir. İşlədikləri vəhşilikləri İslam adı altında icra etməyə çalışan bu insan və qruplara qarşı tətbiq olunacaq mədəni həll gerçək İslam əxlaqının insanlara öyrədilməsidir.Başqa bir ifadə ilə, İslam dini və Quran əxlaqı, terrorizmin və terroristlərin müdafiəçisi deyil, yer üzünü terrorizm bəlasından qurtaracaq çarədir


0 0



Şərhlər (Facebook)