Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanda İİV xəstələri Rusiyadan gələnlərin hesabına çoxalır?


Azərbaycanda İİV xəstələri Rusiyadan gələnlərin hesabına çoxalır?
Hazırda dünya ictimaiyyətini narahat edən problemlərdən biri qazanılmış immun çatışmazlığı sindromu(QİÇS) xəstəliyinin sürətlə yayılmasıdır. Bəşəri bəla sayılan QİÇS xəstəliyi dünyanın heç bir ölkəsindən yan keçməyib. Bu gün dünyada 30 milyondan çox insan İİV-lə yaşayır ki, bunun da 95 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. QİÇS epidemiyası hər il milyonlarla insanın həyatına son qoyaraq, bir çox ölkələrin iqtisadi və demoqrafik əsaslarına sarsıdıcı təsir göstərir. Adıçəkilən xəstəlik Azərbaycandan da yan keçməyib. Məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 387 nəfər İİV-ə yoluxub. Respublika QİÇS-lə Mübarizə Mərkəzindən mətbuata verilən məlumata görə, 2013-cü ilin 9 ayı ərzində İİV-ə yoluxanların 96,1 faizi Azərbaycan, 3,9 faizi isə xarici ölkə vətəndaşıdır. Qeydiyyata alınmış 372 Azərbaycan vətəndaşından 228-i (61,3 faiz) kişi, 144-i (38,7 faiz) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 135 nəfər olub. Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2013-cü ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4171 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 96,7 faizi Azərbaycan vətəndaşı, 3,3 faizi isə əcnəbilərdir, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 78,2 faizi kişi, 21,8 faizi qadındır. QİÇS mərhələsində olan insanların sayı 1265 nəfərdir. Onlardan 1248 nəfəri Azərbaycan vətəndaşıdır. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 578 nəfərdir ki, onların da 570 nəfəri Azərbaycan vətəndaşı olub. İİV-ə yoluxan Azərbaycan vətəndaşından 57,8 faizi bu infeksiyaya inyeksion narkotik istifadəsi nəticəsində, 31,2 faizi heteroseksual, 1,2 faizi isə homoseksual kontakt nəticəsində, 1,6 faizi anadan uşağa keçməklə yoluxub. Belə xəstələrin 8,2 faizində yoluxma yolu müəyyən edilməyib. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək risqli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, son illər bu yoluxucu xəstəliyin yaşı cavanlaşır: "İldən-ilə rəqəmlər artır. Bu xəstəliyə yoluxanların yaş həddi əvvəllər 30-35 yaş arası idisə, indi bu rəqəm daha da aşağı düşüb. İndi bu xəstəliyə yoluxanların əksəriyyəti cavanlar və yeniyetmələrdir. Yoluxma halları daha çox narkotik vasitələrin infeksiya yolu ilə istifadəsi zamanı, həmçinin, qanköçürmə və seksual əlaqə nəticəsində baş verir. Hansı ölkədə miqrantlar daha çoxdursa, orada bu kimi yoluxucu xəstəliklər də çox olacaq. Azərbaycana bu xəstəliyin Rusiyadan gətirilməsi də xeyli üstünlük təşkil edir".
Birlik rəhbərinin sözlərinə əsasən, belə xəstələr Rusiyadan gəlir və onların bəziləri ailəli də olur. Beləliklə, özləri də bilmədən ailələrinə və digərlərinə bunu yayırlar. Beləliklə xəstəlik yayılır. M.Zeynalova hesab edir ki, miqrantların həyat yoldaşı təhlükə olan adamlar siyahısındadır: "Hazırda Azərbaycanda yeni praktika tətbiq olunub. Ümumdünya QİÇS Mərkəzi Qlobal Fondu və Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə xaricdən gələn miqrantlar üçün xüsusi avtobuslarda mobil məntəqə xidməti yaradılıb. İşçilər həmin məntəqələrə gedərək miqrantları ölkəyə gətirən avtobuslarda qan analizi götürür. Bu zaman miqrantlarda keçici xəstəlik olub-olmaması müəyyənləşir. Problem ondan ibarətdir ki, miqrantın ölkədə qalan həyat yoldaşını biz adıçəkilən məntəqəyə gətirə bilmirik".
Həmsöhbətimizin sözlərinə görə, bu gün hər bir kəsi QİÇS-ə yoluxanların təkcə müalicəsi deyil, eyni zamanda, onun başvermə səbəbləri, yaranma şəraiti də maraqlandırır. Bəzi hallarda, bunun qarşısını almaq üçün yeniyetmə və gənclər arasında maarifçilik və təbliğati tədbirlərin daha da gücləndirilməsi əsas sayılır: "Biz də bununla razıyıq. Amma məsələnin başqa bir tərəfi də var və elə məsələnin bu tərəfini diqqətdə saxlamamaq, ən azından, bəlanı görüb ona göz yummaqdır. Bu gün Azərbaycanda QİÇS-ə yoluxma hallarının artması ehtimalı yüz yox, min faizdir desək, heç də səhv etmərik. Təsəvvür edin. İstənilən an cinsindən, yaşından, kimliyindən, hətta vəzifəsindən asılı olmayaraq, hər bir kəs QİÇS daşıyıcısına çevrilə bilər. Ətrafa diqqət yetirmək kifayətdir. Özü də bu QİÇS-ə yoluxma obyektləri heç də gizli fəaliyyətdə olan obyektlərlə bağlı deyil. Gecə barları, masaj və gözəllik salonları, istirahət mərkəzləri, tanışlıq məqsədilə internet saytlarında yerləşdirilən elanlar, yeməkxana və restorandakı qapalı otaqlar, eləcə də hər bir məhlədə qeyri-leqal fəaliyyət göstərən ayrı-ayrı insanların mənzillərində QİÇS-in virusları mövcuddur.
Bundan başqa, gözəllik salonlarında bədənə müxtəlif fiqurlar döydürülməsi də QİÇS-in mənbəyi sayılır. Tatuirovkanı bədənə kimin və necə döydüyü tam aydın olmadığı üçün müştərinin AİDS-ə yoluxma ehtimalı böyükdür. Burada mexaniki və kimyəvi faktor məsələsi var. Mexaniki faktor-iynədir, kimyəvi faktor isə rəngdir. Tatuirovka döyülərkən xüsusi rənglərdən istifadə edilir. Dəriyə vurulan rənglə orqanizm arasında uyğunsuzluq olanda bu rəng bəzi adamlara allergen kimi təsir edərək, bədəndə kontaktlı allergik dermatit verə bilər. Beləliklə, gözəllik salonları insanların müasir dünyanın ən faciəli xəstəliyi ilə üz-üzə qalmasına şərait yaradır".

Günel CƏLİLOVA


0 0



Şərhlər (Facebook)