Azərbaycan İnformasiya Agentliyi (AİA)


Mətbuat Şurasından xəbərdarlıq


"Son proseslər fonunda Mətbuat Şurasının apardığı araşdırmalar onu da göstərir ki, ictimai rəydə qəbul edilən, cəmiyyətdə müəyyən oxucu kütləsinə malik media orqanları və internet xəbər saytlarının fəaliyyəti də narahatlıq doğurur".
Mia.az xəbər verir ki, bu sözlər Mətbuat Şurasının bu gün yaydığı bəyanatda yer alıb.
Bəyanatda o da bildirilir ki, bir çox hallarda onlar real nüfuza malik olmayan onlayn vasitələrin şəxsi mənafe və maraqlardan qaynaqlanaraq dövriyyəyə buraxdıqları mülahizələri mühüm informasiya kimi yayırlar:
"Şura belə xoşagəlməz meyllərin mövcudluğundan ciddi şəkildə narahatdır.
Mətbuat Şurası media-cəmiyyət münasibətlərindəki problem və çətinliklərinin hüquqi müstəviyə daşınmadan həllini həyata keçirmək üçün mükəlləfdir. Hər bir media əməkdaşının da cəmiyyəti doğru-dürüst şəkildə məlumatlandırmaq kimi mühüm peşə borcu, fəaliyyət azadlığı vardır. Bu missiya həm cəmiyyətin, həm də dövlətin bütövlükdə mütərəqqi media ictimaiyyətinə etimadının nəticəsidir. Hesab edirik ki, jurnalistlər mövcud məqamı daim nəzərə almalı, onlara bəslənilən inamı sarsıltmamalıdırlar. Bunun yolu isə hadisə və proseslərə münasibətdəki həssaslıqdan, obyektivlik və dəqiqlikdən keçir".
Mətbuat Şurası ölkədə kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərdiyini bəyan edən media orqanlarını jurnalistika prinsiplərinə sadiq olmağa çağırır:
"Qurum bu sadiqliyi təkcə peşə borcunu ləyaqətlə yerinə yetirmək öhdəliyi deyil, müstəqil Azərbaycan Respublikasında qərarlaşmış qanunçuluğa, siyasi mövqeyindən, dünyagörüşündən asılı olmayaraq hər bir vətəndaşın dövlətə etimadının qorunmasına ehtiram əlaməti kimi dəyərləndirir. Şura bütün bunları nəzərə almayan, iradlardan nəticə çıxarmayan KİV-lər barədə müvafiq tədbirlərin görülməsi məqsədilə əlaqədar strukturlar qarşısında məsələ qaldıracaq və mövqeyində israrlı olacaq”.


0 0



Şərhlər (Facebook)