Azərbaycan İnformasiya Agentliyi (AİA)


Mənəvi dəyərlərimizə utanc gətirən zorlama cinayətlərinin KİV-də geniş reklamı etiraz doğurdu


Mənəvi dəyərlərimizə utanc gətirən zorlama cinayətlərinin KİV-də geniş reklamı etiraz doğurdu

Bir çox hadisələr var ki, onlar barəsində ifrat həddə danışmaq, onları hər addımbaşı təbliğ etmək müsbət hal deyil. Məqbul olmayan halların geniş şəkildə yayılması deyərdik ki, insanları mənəvi aşınmaya sürükləyən bir amilə çevrilə bilər. Arzu etmədiyimiz yüzlərlə hadisələr var ki, onların üzə çıxması, yayılması insanların əhval-ruhiyyəsinə pis təsir edir.
Son illər mətbuatımızda zorlama hadisələrilə bağlı informasiyalar, yazılar həddən artıq çox yer tutur. Xüsusən də internet mediasında bu hallarla bağlı şok xəbərlərə sıx-sıx rast gəlinir. Fakt budur ki, zorlama cinayəti nisbətən geniş yayılan təhlükəli əməllərdən biridir. Hər bir ağlı başında olan insan bu cinayəti pisləməlidir və bu naqis əməli törədən insan ağır cəza almalıdır. Sözsüz ki, Azərbaycan Respublikasının müvafiq qanunları bu cinayətlərdə təqsirli olan şəxslərə layiq olduqları cəzanı verir.
Mətbuatda yer alan iyrənc, mənəviyyatdan uzaq zorlama hadisələrilə bağlı xəbərlərin geniş yayılması, reklam edilməsi heç xoşagələn hal deyil. Xüsusən də azyaşlıların zorlanması, ailədaxili zorlama hadisələrinin baş verməsi, kişinin kişi tərəfindən cinsi təcavüzə məruz qalması haqda xəbərlər insanların rahatlığını pozur... KİV-lərdə, başlıcası isə internet mediasında rastlaşdığımız bu tipli xəbərlərin artması doğrudan da üzücü bir olaydır. Fikirlər var ki, media kişinin kişi tərəfindən zorlanması, yaxud azyaşlıların seksual təcavüzə məruz qalması və digər bu qəbildən olan məlumatların geniş yayılmasında maraqlı olmalı deyil. Bu bir cinayət hadisəsidir və bunu törədənlər də hüquq müstəvisində cəzasını alır, həm mənəvi, həm də fiziki təzyiqə məruz qalır.
Psixoloq və sosioloqlar hesab edir ki, seksual xarakterli cinayətlərin, ümumiyyətlə bu yöndə baş verən hadisələrin mediada geniş təbliğatının zərərli nəticələri çox ola bilər. İstənilən halda, təcavüz, zorlama kimi halların qəbuledilməz olduğunu deyən mütəxəssislər hesab edir ki, bu yöndə baş verən hadisələrin yerli-yataqlı işıqlandırılması, olayın tam açılması yaxşı əlamət deyil. Psixoloqlar düşünür ki, bu cür informasiyalar yeniyetmələrin psixikasına ciddi təsir göstərir. İnternet mediasında bu xəbərlərin daha çox oxunduğunu deyən psixoloqların qənaətinə görə, oxucular sırasında yetkinlik yaşına çatmayanlar da var. Kişinin kişi tərəfindən zorlanması, yaxud bir kişinin, seksual manyakın ayrı-ayrı vaxtlarda müxtəlif kişiləri cinsi təcavüzə məruz qoyaraq qətlə yetirməsi, azyaşlı oğlan və qızların seksual zorakılıqla üzləşməsi faktlarının mediada geniş işıqlandırılmasının düzgün olmadığını deyən psixoloq Nərgiz Allahverdiyevanın fikrincə, bunun maarifləndirici təsirindən çox mənfi təsiri var: "İstənilən halda təcavüz hadisəsi pislənməlidir. Təəssüflər olsun ki, bizim cəmiyyətdə də, başqa cəmiyyətlərdə də belə hallar baş verir. Seksual xarakterli cinayətlərin tərkibinə baxanda burada çox tükürpədici məqamların şahidi olursan... Ailədaxili zorlama hadisələri də baş verir, kişinin kişi tərəfindən zorlanması halları da... Bilirsiz, bu, sağlam insanın həyata keçirdiyi işlər deyil. Psixikasında problem olan, əxlaqı qüsurlu insanlar belə naqis iş görür. Təəssüflənirəm ki, bu kimi hallar bəzən əxlaqımızın, mənəviyyatımızın, ailə dəyərlərimizin, qürurumuzun ünvanı olan kəndlərimizdə, rayonlarımızda da baş verir... Əslində, bunun çox ciddi mənəvi-psixoloji səbəbləri var. Bu, bəzi insanlarda gedən mənəvi-psixoloji deqradasiya ilə bağlıdır. Müəyyən insanlar var ki, onların şüuraltında oturuşan neqativ enerji özünü başqasına təcavüz formasında büruzə verir... Təəssüflər olsun ki, belə halların miqyası kiçilmək əvəzinə daha da genişlənir. Mən bir psixoloq kimi bu kimi hadisələrin KİV-lərdə yayılmasının tərəfdarı deyiləm. KİV-lərdə bu cür məlumatların hər gün yayılması yeniyetmələrə, gənclərə pis təsir edir. Belə insanların cinayət tarixçəsi reklam olunur, məhkəmələrindən səhifə-səhifə reportajlar yazılır. İnanın ki, gündə bəlkə bir neçə bu tip xəbər oxuyursan ki, kişi kişini zorladı, azyaşlı cinsi təcavüzə uğradı, ata qızına qarşı seksual hərəkət etdi, qayınata gəlininə göz dikdi və sair. Axı Azərbaycan xalqı öz qeyrətilə seçilən bir xalqdır. Gündə belə xəbərləri yaymaqla fərqli təbliğat aparırlar. Ölkəmizdə xarici vətəndaşlar da yaşayır, xaricdə yaşayanlar bizim mediamızda gedən xəbərləri yaxından izləyir. Onlar bunu hər gün gördükdə deməyəcəklərmi zaman-zaman öz mentalitetinə sahib çıxan Azərbaycan xalqı niyə bu vəziyyətə düşüb? Ayrı-ayrı xəstə tiplərin, manyakların, fərdlərin xəstə davranışları ümumi problem kimi qoyulmalı deyil. Düzdür, bu fakt bütün cəmiyyət tərəfindən lənətlənməlidir, lənətlənir də, amma reklam olunmamalıdır. Bu reklam, təbliğat o qədər ifrat həddədir ki... Media bu cür xəbərlərə geniş yer verməli deyil. Belə təbliğatın mənfi nəticələri çoxdur. Əvvəla bu, yeniyetmələrin psixikasını zədələyir. Onların bu kimi xəbərlərə reaksiyası çox ağrılı olur. Hətta elə yeniyetmələr olur ki, bu tipli informasiyadan sonra daim xof içində yaşayır, belə bir hadisənin onun da başına gələcəyindən qorxur. Bu da çox vaxt onların psixi travma, zədə almasına gətirib çıxarır".
Psixoloq hesab edir ki, media bu cür xəbərləri yaymaqda o qədər də maraqlı olmamalıdır. Psixoloqun sözlərinə görə, bu sahədə maarifləndirmə işi aparılmalıdır, ancaq o bu kimi halların təbliğatına yönəldilməməlidir: "Bu cinayətlərlə bağlı maarifləndirmə işi aparılmalıdır. Ancaq bu o səviyyədə aparılmalıdır ki, təbliğata xidmət etməsin. Yeniyetmələr internetdən geniş istifadə edir, hər xəbər portalında, sosial şəbəkədə bir dənə təcavüzlə bağlı xəbər oxusa, şüuraltı səviyyəsində narahat olacaq... Zorakılıqla bağlı hadisələr hüquqi müstəvidə çözülür. Bir məsələ də var ki, o insanlar etdiyi hərəkətdən vicdan əzabı çəkmir. Bu da xəstəliyin əlamətidir... Yaxşı olar ki, media bu yöndə informasiyalarının sayını aşağı salsın. Bunun bizə faydası çox ola bilər".
Sosioloq Aytəkin Kamranqızı da psixoloqun fikirlərinə şərik çıxır. O da bildirir ki, Azərbaycan xalqı tarixən öz dəyərlərinə sahib çıxan, qeyrətli, şərəfli bir xalq kimi tanınıb, bu gün belə hadisələrin ümumən xalqın adından təqdim edilməsi yaxşı hal deyil: ""Təəssüflənirəm ki, Azərbaycanda seksual xarakterli hadisələr, cinayətlər baş verir. Bu da Azərbaycan mediasında işıqlandırılır. Bizim ölkədə əcnəbi vətəndaşlar da yaşayır, onlar da mediamızla, ölkəmizdə yaşanan hadisələrlə ciddi maraqlanır. Xarici ölkələrdən də mediamıza ciddi diqqət var. Baxırlar ki, hər gün mediada eyni cinsdən olanların zorlanmaya məruz qalması haqda tez-tez xəbərlər var... Bu xəbərlər də ildırım sürətilə yayılır. Onda onlar bizim haqqımızda nə düşünə bilər. Azərbaycan xalqı həmişə mental dəyərlərə bağlı olub. Bu kimi neqativ halları, ayrı-ayrı xəstə təfəkkürlü fərdlərin təcavüz xarakterli davranışlarını yaymaq, təbliğ etmək olmaz. Bu, tək-tək ailələrə aid olan, tək-tək insanlara xarakterik işdir. O adamlar da cəzalarını alır. Ancaq bir kənddə, qəsəbədə, şəhərdə baş verən hadisə mediaya çıxırsa, ictimailəşir. Təcavüzə məruz qalan insanların halı, vəziyyəti necə olur? Bu iş polisə düşəndən artıq o insanın adı hallandırılır, zorlanmadan sonra onun normal yaşaması mümkün deyil. Hara getsələr o problem onları izləyəcək... Media da bir tərəfdən onların həyat tarixçəsini yayır. Zorlanmaya məruz qalan adamlar qurbandır... O qurbanları da düşünmək lazımdır. Kişinin başqa bir kişiyə təcavüz etməsi heç zaman qəbuledilən hal deyil. Amma hər gün bu haqda xəbər oxuyuruq. Bu xəbərlər cəmiyyətdə bu hadisələrin qarşısını almır, əksinə, özü də istəmədən onun yayılmasına bir qədər stimul verir. Nə çox təbliğ olunursa, ona kütləvi maraq yaranır. Bu, istər-istəməz, belədir. Düşünürəm ki, mediamız bu yöndə məlumatları yaymaqda maraqlı olmalı deyil. Bu bəzən arzuolunmaz hallar yaradır. Heç bir təcavüz edən şəxsin sonrakı taleyi heç kəs üçün dərs olmur... Yenə də belə hallar baş verir. Bu hallara qarşı mübarizəni başqa formada qurmaq lazımdır".

Leyla QARAXANLI


0 0



Şərhlər (Facebook)