Azərbaycan İnformasiya Agentliyi (AİA)


İnternetdə uşaqların təhlükəsizliyi ilə bağlı qanun layihəsi gələn il Nazirlər Kabinetinə təqdim ediləcək


İnternetdə uşaqların təhlükəsizliyi ilə bağlı qanun layihəsi gələn il Nazirlər Kabinetinə təqdim ediləcək

Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi məsələsini "Valideyn məsuliyyəti" ilə bağlı qanun layihəsinə daxil edib. Komitədən verilən məlumata əsasən, hazırda bu məsələnin həllini təmin edəcək təkliflər valideyn məsuliyyəti ilə bağlı qanun layihəsi ilə birgə müvafiq nazirliklərlə razılaşdırılır. "Bizim təkliflər internet-klublarda uşaqlara nəzarəti təmin edəcək tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bura internet-klubun administratorunun uşaqların onun idarə etdiyi klubda təhlükəsizliyin təminatçısı rolunda çıxış etməsi nəzərdə tutulur. Təkliflərə əsasən, internet-klublarda uşaqlar üçün nəzərdə tutulmuş kompüterlər böyüklər üçün olan kompüterlərdən ayrı yerləşdirilməlidir və xüsusi filtrasiya sistemi ilə təchiz edilməlidir və onların internetdəki fəaliyyətinə nəzarət edilməlidir. İnternet-kluba 12 yaşından aşağı uşaqlar buraxılmamalıdır",- deyə komitədən bildiriblər. Komitənin təklifləri uşaqların dərs vaxtında internet-kluba buraxılmamasını və 2-3 saatdan yuxarı orada vaxt keçirməməsini nəzərdə tutur. "Artıq 17-18 yaşına çatmış yeniyetmələr internet-klubda 3 saat otura bilərlər. Bütün bu şərtlər yerinə yetirilmədikdə sahə inspektorunun internet-klubun administratorunun məsuliyyətə cəlb edilməsi ilə bağlı təkliflər təqdim edilib, çünki bu günədək uşaqlar məktəb yerinə internet-kluba getdiyi və dərsləri buraxdıqları halda hüquq-mühafizə orqanlarının kimsəni məsuliyyətə cəlb etmək səlahiyyətləri yox idi", - deyə komitədə qeyd ediblər. Qanun layihəsi ilə bağlı müvafiq nazirliklərdən rəy və təkliflər yığıldıqdan sonra layihəyə dəyişikliklərin əlavə edilməsi və gələn il yenidən Nazirlər Kabinetinə təqdim edilməsi gözlənilir.

Ülvi, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)